1967-ci ilin iyununda baş verən Altıgünlük müharibə zamanı İsrail təkbaşına beş ərəb dövlətini – Misir, Suriya, İraq, Əlcəzair və İordaniyanı ağır məğlubiyyətə uğratdı. Bu zaman ərəb ordularındakı xeyli sovet mənşəli hərbi texnika ya məhv edildi, ya da qənimət kimi götürüldü. Qənimətin sayı o qədər böyük idi ki, tezliklə sırf sovet texnikasından ibarət İsrail diviziyaları yaradıldı.
Sovet İttifaqı itkilərin yerini doldurmaq üçün ərəbləri yeni texnika ilə təchiz etməyə başladı. Yüzlərlə tank, təyyarə, artilleriya və zenit qurğuları, avtomobillər Yaxın Şərqə, əsasən də ən ağır itkilərlə üzləşən Misirə göndərildi. Prezident Camal Əbdül Nasirin xahişi ilə hətta 20 minlik sovet hərbi kontingenti də ölkəyə gəldi.
Altıgünlük müharibədə məğlubiyyətin əsas səbəblərindən biri İsrail aviasiyasının havadakı üstünlüyü olmuşdu. Buna görə Misirin hava hücumundan müdafiə qüdrətinin artırılmasına xüsusi önəm verilirdi. Bu məqsədlə yuxarıda sadalanan təyyarələr və zenit kompleksləri ilə yanaşı, bir ədəd P-12 “Yenisey” mobil radiolokasiya stansiyası (RLS) göndərildi.
Bu RLS o dövr üçün olduqca yeni qurğu sayılırdı. O, hədəfi 200 km uzaqlıqda və 25 km hündürlükdə tuta bilirdi. Bundan başqa, əvvəlki nəsil RLS-lərlə müqayisədə daha aşağıdan uçan təyyarələri də tuturdu. Radara düşən obyektlərin koordinatları zenit-raket kompleksinə ötürülürdü.
***
Altıgünlük müharibədən sonra irimiqyaslı hərbi əməliyyatlar dayandırılsa da, Misir və İsrail arasında “Tükətmə müharibəsi” adını alan düşmənçilik aktları 1967-1970-ci illərdə davam edirdi. Tərəflər havada, quruda, suda bir-birinə zərbələr endirirdilər.
Tükətmə müharibəsinin təşəbbüskarı Camal Əbdül Nasir idi. O, İsrailin xüsusən insan resurslarının məhdud olduğunu düşünərək, belə taktikanın Misir üçün daha sərfəli hesab edirdi. Lakin irimiqyaslı müharibədə olduğu kimi, burada da İsrail hərbçilərinin, xüsusən əməliyyatların əsas ağırlığını çəkən təyyarəçilərin daha yaxşı hazırlığı öz sözünü deyirdi, itkilər çox vaxt 1-10 nisbətində yəhudilərin xeyrinə olurdu.
Belə əməliyyatların birində, təxminən 1969-cu ilin sentyabrında İsrail təyyarələrində olan cihazlar onların Misir ərazisindən xeyli uzaqda ikən radara düşdüklərini qeydə aldı. Məlum oldu ki, düşmən yeni RLS-lə təchiz olunub. Onun texniki xarakteristikası məlum olmadığından, əleyhinə elektron mübarizə üsulları da yox idi. Toplanan məlumatları bir müddət analiz edən kəşfiyyat belə bir nəticəyə gəldi ki, cəmi bir RLS var və o, haradasa yaxşıca gizlədilib. Bundan sonra İsrail aviasiyasının məqsədlərindən biri də RLS-in yerini tapmaq oldu.
1969-cu ilin oktyabrında onlar RLS-in yerini sanki tapdılar. Kəşfiyyat təyyarələri radarı xatırladan və ətrafında zenit-raket kompleksi olan qurğu qeydə aldılar. Oktyabrın 24-də aviasiyanın güclü hücumu nəticəsində həmin yer darmadağın edildi. Ancaq RLS yenə işləyirdi. Aydın oldu ki, bombardman edilən yer misirlilərin ustalıqla hazırladıqları yalançı hədəf imiş.
Bu hadisədən keçən iki ay müdətində radarın yerini tapmaq cəhdləri uğursuz oldu. Dekabrın 22-də Süveyş körfəzinin sahillərinin kəşfiyyat təyyarəsindən çəkilən şəkilləri analiz edilərkən körfəzdən qərb tərəfdə ilk baxışda adi bədəvi çadırları olan iki çadıra diqqət ayrıldı. Şəkillər böyüdüldükdə radarın anteni göründü.
Aydın oldu ki, misirlilər RLS-i hərbi texnikanın köməyilə deyil, hiylə ilə qorumağı qərara alıblar. Bunun üçün çölün ortasında, hərbi qüvvələrdən bir neçə kilometr uzaqlıqda diqqəti çəkməyəcək, bədəvi çadırlarını xatırladan iki çadır qurulub. Ətrafda heç bir hərbi texnika yox idi, avtomobil təkərlərinin izi gözə dəymirdi. Misirlilərin gümanlarına görə, bu iki çadır yəhudilərin diqqətini cəlb etməyəcək və aviasiya hücumuna məruz qalmayacaqdı.
Ancaq İsrail kəşfiyyatı düşünüldüyündən daha diqqətli çıxdı və RLS-in yerini müəyyən etdi. İndi onun hava zərbələri ilə məhv edilməsi barədə plan hazırlanırdı. Bu zaman məsələyə adi bir serjant qarışdı. Kəşfiyyatda xidmət edən Rami Şalev RLS-in Misir hərbi hissələrindən uzaqda yerləşdiyini və ehtimal ki, ciddi sayda hərbçi ilə mühafizə olunmadığını əsas gətirərək məhv edilməsini deyil, oğurlanıb ölkəyə gətirilməsini və texniki xarakteristikasını öyrənməyi təklif etdi.
Məhv edilən RLS-in yerinə misirlilər SSRİ-də yenisini ala bilərdilər. Amma əgər radarın texniki xarakteristikası öyrənilərdisə, elektron mübarizə üsulları tapılar və yenisi elə də təhlükəli olmazdı. Rami Şalevin təklifi hərbi iyerxiya zənciri ilə pillə-pillə yuxarıya ötürüldü və məqbul sayıldı. Nəyə görəsə “Xoruz-53” adı verilən əməliyyatın planı dekabrın 24-də təsdiqləndi və general Rafael Eytan onun rəhbəri təyin olundu.
***
RLS-in çəkisi dəqiq bilinmirdi, amma bir neçə ton ağırlığında olması şübhəsiz idi və onu oğurlayıb İsrailə daşımaq asan deyildi. Qurğu ZİL yük avtomobillərinə qoşulan iki vaqondan ibarət idi. Operativ vaqon daha böyük və ağır idi, burada müxtəlif qurğular və aparatlar mövcud idi. İkinci vaqon əsasən anteni fırladan mühərrikdən ibarət idi. Anten özü isə 12 metr uzunluğunda və 12 kiçik antendən təşkil olunmuşdu.
Bu nəhəngi oğurlamaq üçün ABŞ-dan lap yenicə, sentyabrda alınan CH-53 Sea Stallion helikopterlərindən istifadə etmək qərara alındı. Onların texniki göstəricilərində 3 ton ağırlıq qaldırdıqları yazılırdı. İsraillilərin Yasur (fırtınaquşu) adı verdikləri bu helikopterlərdən ikisi əməliyyat üçün ayrıldı. Onlar elə də uzaq məsafə qət etməyəcəkdilər. RLS-i Süveyş körfəzinin qərb sahillərindən şərq sahilinə daşımaq lazım idi. Çünki Altıgünlük müharibədən sonra Sinay yarımadası İsrailin işğalı altında idi.
İsrail hərbçiləri hər hansı təsadüf üzündən fürsəti qaçırmamaq üçün əməliyyatın məşqinə cəmi bir gün – dekabrın 25-ni ayırdılar. Hərbi cəhətdən bir problem gözlənilmədiyindən, əsasən texniki məsələlərə diqqət ayrıldı. Məsələn, vaqonu ZİL avtomobilinin şassisindən avtogen vasitəsilə ayırırdılar. Bunun üçün Altıgünlük müharibə zamanı qənimət götürülən ZİL-dən və P-10 radarından istifadə edilirdi.
Ayrılan vaqonlar helikopterlərlə də daşınırdı. Məşqlər zamanı məlum oldu ki, CH-53 Sea Stallion helikopterləri göstəriləndən daha çox, 4 tona qədər yük qaldıra bilirlər. Bu yenilik israilliləri xeyli sevindirdi və əməliyyatın uğuruna inamı artırdı. Məşqlər son dərəcə məxfi şəraitdə keçirilirdi.
Ertəsi gün dekabrın 26-da axşam saatlarında İsrail aviasiyasının RLS-in yaxınlığındakı Misir qüvvələrinə hücumu ilə Xoruz-53 əməliyyatı başladı. Bu hücum iki məqsəd daşıyırdı: diqqəti RLS-ə hücum edəcək dəstədən yayındırmaq və əgər misirlilər əməliyyatdan xəbər tutarlarsa, köməyə getmələrinin qarşısını almaq.
Əməliyyatda bilavasitə iştirak edən desantçılar isə (onların sayı 56 nəfər idi) Fransa istehsalı olan “SA.321 Super-Frelon” helikopterlərində lap aşağıdan uçaraq saat 22.00-da RLS-dən təxminən 6 km aralıda yerə endilər. İki CH-53 Sea Stallion helikopterləri isə Sinay yarımadasında onlardan işarə gözləyirdi.
Desantçılardan 15 nəfər radara gedən yolayrıcında müdafiə məqsədilə qaldılar, qalanları isə yollarına davam etdilər. Hədəfə təxminən 1300 metr qalarkən desantçılar onun həqiqətən RLS olduğunu, yalançı hədəf olmadığını (belə ehtimal hələ də istisna edilmirdi) müşahidə edə bildilər. İsraillilər yaxınlaşdıqca generator işlədiyini eşidirdilər, bu da onların hər hansı təsadüfi səs nəticəsində ələ verməkdən xilas edirdi.
Əməliyyatın tələsik keçirilməsinin səbəblərindən biri də aylı gecəyə təsadüf etməsi idi. RLS-ə tərəf gedərkən bu amil onların işini asanlaşdırırdı, lap yaxınlaşanda isə çətinləşdirdi. Misirlilərin gözünə görünməmək üçün son 200 metri sürünə-sürünə getdilər. Bununla belə, hədəfə bir neçə metr qalarkən mühafizəçilərdən biri onları gördü və atəş açdı.
Ancaq desant daha çoxsaylı və hazırlıqlı idi. Qısamüddətli atışmadan sonra iki misirli həlak oldu, dördü əsir götürüldü, qalanları isə (təxminən 15 nəfər) gecənin qaranlığında qaça bildilər. Yeri gəlmişkən, desantçılara RLS-lə bərabər canlı əsir tutmaq da tapşırılmışdı. Onlar bir neçə gün öncə əsir düşən İsrail zabiti ilə dəyişmək üçün lazım idilər.
Əməliyyat planına görə RLS qurğularının yük avtomobilindən ayrılması yarım saat çəkməli idi. Lakin proses xüsusilə antenlə bağlı problemlər üzündən 1,5 saat çəkdi və 02.43-də qurtardı. Bundan sonra CH-53 Sea Stallion helikopterlərinə xəbər verildi. Çəkisi 4,1 ton olan operativ vaqonu aparmaq xüsusən çətin oldu. Onu daşıyan helikopter planlaşdırılandan daha az məsafə qət etdi və körfəzi keçən kimi dərhal çimərlikdə yerə endi. Çəkisi 2,5 ton olan anten vaqonunu aparmaq isə problemsiz baş verdi.
Bundan sonra desantçılar endikləri yerə qayıdaraq öz Super-Frelon helikopterləri ilə İsrailə yollandılar. Əməliyyat zamanı cəmi bir əsgər yüngül yaralandı, ona da öz yoldaşlarının gülləsi dəymişdi.
***
Yuxarıda dediyimiz kimi, Misirdə minlərlə sovet hərbçisi xidmət edirdi. Onlardan biri, gecə aviahücuma məruz qalan hissədə olmuş İqor Kulikov sonrakı hadisələri belə xatırlayır:
“Soyunmadan çarpayıya uzandım. Otuz-qırx dəqiqədən sonra telefon zəng çaldı:
– Mister İqor, yəhudilər radarı oğurlayıblar.
Gözlənilməzlikdən mən hətta dərhal anlamadım.
– Necə oğurlayıblar? Konkret nəyi oğurlayıblar?
Cavab anlaşılmaz idi: hansısa vacib hissənimi oğurlayıblar, yoxsa RLS-in blokunumu, ya da başqa bir şey…”
Ayağa qalxaraq batalyon komandiri Zibibin blindajına gedən Kulikov burada inanılmaz xəbər alır: radiolokasiya stansiyası öz yerində yoxdur. Yerli-dibli yoxdur! Yəhudilər RLS-in hansısa hissəsini deyil, bütövlükdə özünü oğurlayıblar.
***
İsrail bir müddət bu əməliyyat barədə məlumat vermədi. Misirlilər də öz fiaskolarını açıqlamaqda maraqlı deyildilər. Yalnız amerikalılar RLS-in xarakteristikasını öyrənmək üçün cəlb edildikdən sora bu barədə məlumat ABŞ və Avropa mətbuatına sızdı və böyük rezonans doğurdu.
Dünya mətbuatında əməliyyat “əfsanəvi”, “film kimi” adlandırılır, misirlilər isə lağa qoyulurdular. Qəzetlərdən birində çəkilən karikaturada İsrail helikopterlərinin Misir piramidasını oğurlaması təsvir olunurdu. Başqa bir karikaturada isə oğurlanan Nasirin prezident sarayı idi. Üstəlik digər ərəb ölkələri və əlbəttə, məxfi texnikası oğurlanan SSRİ də Misirə ciddi iradlar bildirdilər.
Camal Əbdül Nasir bu biabırçılığın acığını bir neçə hərbçidən çıxdı. Onlar, yuxarıda adını çəkdiyim batalyon komandiri Zibib də daxil olmaqla, edam cəzasına məhkum edildilər. Lakin hökm yerinə yetirilməmiş Nasir qəflətən vəfat etdi. Yeni prezident Ənvər Sadat hərbçiləri əfv etdi.
RLS-in texniki göstəricilərini hərtərəfli öyrənən israillilər ona qarşı elektron müdafiə üsulları hazırladılar. Bu da istər Tükətmə müharibəsinin son ilində, istərsə də 1973-cü ilin Məşhər günü müharibəsində İsrail aviasiyasına xeyli kömək oldu. Oğurlanan RLS hazırda İsrail ordusunun hərbi muzeyində saxlanılır.