image-rt-reklam
image-interpress_c270eb7dd0e8b6b2e46e7b8efb3a1362_ot4i5v2kjg7c306zfqepbackend

18 oktyabr: Azərbaycan xalqının müstəqillik yolunda şərəfli səhifə – Tənzilə Rüstəmxanlı yazır

image-728x90

18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını dünyaya bəyan etdi. 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu və bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi.

Tənzilə
Amma ötən 70 il ərzində Azərbaycan xalqı heç zaman istiqlal ideyasından vaz keçmədi. 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının mübarizəsinin nəticəsidir ki, milli şüur daim yaşadı və 80-ci illərdə böyük bir axına çevrildi.

Sabir Rüstəmxanlının liderliyi ilə başlayan Meydan hərəkatı müstəqilliyin bərpası uğrunda Milli Azadlıq mübarizəsinə çevrildi. Vətəndaş Həmrəyliyi Partiyası olaraq milli istiqlal tariximizdə sədrimizin imzasını qürurla qeyd edirik.

1991-ci il oktyabrın 18-də “İstiqlalçı deputatlar” adı ilə bilinən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın istəyini öz imzalarında tarixiləşdirdilər. Məhz həmin gün illər öncə başlamış Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu.

Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi.

Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu da Prezident İlham Əliyev reallaşdırdı.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi.

Artıq Dövlət Müstəqilliyinin Bərpası gününü xüsusi sevinc və coşqu ilə qeyd edirik. Bu gün Azərbaycan istiqlalının və bu istiqlalı ötən əsrin əvvəlində elən edən böyüklərin ucaltdığı üçrəngli bayraq Şuşada, Xankəndidə dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90