Türkiyə–Azərbaycan birliyinin əhəmiyyəti Türk dünyasının bütövlüyü üçün də mənəvi əhəmiyyətə malikdir.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü və 29 Oktyabr Türkiyə Respublikasının Cümhuriyyət Gününə həsr olunmuş “Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsini yol xəritəsi kimi qiymətləndirdiyini vurğulayıb:
“Bu bəyannamə Azərbaycan və Türkiyə arasında imzalanmış və içərisində müttəfiqlik sözünün əks olunduğu ilk sənəddir. Tarixdə mövcud olan Türk dövlətləri arasında heç vaxt Şuşa Bəyannaməsi qədər bütün məsələləri özündə əks etdirən bir sənəd imzalanmayıb. Türkiyə-Azərbaycan birliyinin cazibədarlığı Türk dünyasının bütövlüyü üçün də mənəvi əhəmiyyətə malikdir. Bu münasibətlər Türk dünyasının mənəvi, siyasi, mədəni münasibətlərinin lokomotividir”.
C.İşbilirin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında çoxvektorlu əməkdaşlığı bu bəyannamə daha da dərinləşdirir.
“Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışına gedən Azərbaycan prezidentini orada insanlar Qarabağ Fatehi deyə qarşıladılar. Azərbaycan və Türkiyə mediasında bu məsələ həmin vaxt gündəm oldu. Yəni önəmli məsələlərin cəmiyyətin bütün təbəqələrinə ötürülməsi çox vacibdir. Şuşa Bəyannaməsi də iki ölkə arasındakı münasibətlər baxımından həmin önəmli məsələlərdəndir. Şuşa Bəyannaməsinin simvollarını çox yaxşı tanıtmaq lazımdır. Ümumiyyətlə, Türkiyədə Azərbaycanla bağlı məlumatlılığı mütləq artırmaq lazımdır. Buna ehtiyac var”, – o vurğulayıb.