Artıq iki gündür ki, sosial şəbəkələr “Facebook” və “İnstagram” və “WhatsApp” tətbiqinin veb versiyasında problemlər yaşanır. Meta şirkəti isə bununla bağlı hər hansı açıqlama yayımlamayıb. Bəs bu problem sadəcə Azərbaycan ərazisindədir? Yoxsa qlobal miqyaslıdır?
Məsələ ilə bağlə İKT üzrə ekspert Asif Rzayev “Yeni Sabah”a danışıb. Onun sözlərinə görə, bu cür məsələlərin kök-səbəb təhlili ümumiyyətlə müəyyən edilmir, yəni qarşı tərəf daima onunla bağlı paylaşımlar etmir:
“Amma belə köklü problemin yaranmasının səbəbi mesaj göndərməkdə çətinlik, şərh bölməsində nasazlıq, yaxud da keçid linklərinin (URL) açılmaması ola bilər. Bu, həm server tərəfində, həm də şəbəkə bağlantısında yaranan nasazlıqdan qaynaqlana bilər. Xüsusilə bir ölkədə və ya bölgədə yalnız bir provayderin istifadəçiləri problem yaşayırsa, bu, həmin provayderin şəbəkəsinə, DNS yönləndirməsinə və ya internet çıxışına bağlı ola bilər”.
Ekspert həmçinin əlavə edib:
“İlk növbədə araşdırmaq lazımdır ki, bu, sırf bizim provayderin və ya istifadə etdiyimiz cihazın şəbəkəsində olan problemdir, yoxsa ümumilikdə geniş miqyaslı bir problemdir. Əgər problem geniş miqyaslıdırsa, bu halda sosial media platformalarında bununla bağlı çoxlu paylaşımlar görmək mümkündür. Hazırda mənim rastıma çıxmayıb, amma bir çox hallarda Facebook və Instagram eyni sistemin, eyni şirkətin platformaları olduğu üçün oxşar problemlər hər ikisində də eyni vaxtda yaşana bilər. Bu, bəzən şəbəkə bağlantısında aparılan texniki baxım işləri ilə bağlı olur. Yəni, platformalarda müəyyən yeniləmələr və ya texniki işlər görülərkən ləngimələr yarana bilər. Eyni zamanda bu, təsadüfi baş verən texniki nasazlıq və ya kiberhücum nəticəsində də ola bilər”.
A.Rzayev bildirib ki, bu cür problemlər onların öz mühəndisləri və proqram təminatı komandaları tərəfindən aparılan sistem dəyişiklikləri zamanı səhv konfiqurasiya nəticəsində də yarana bilər.