image-rt-reklam
image-1backend

Yaxın Şərq siyasətində yeni yanaşma

image-728x90

Yaxın Şərq regionu müasir beynəlxalq münasibətlər sistemində tarixən strateji maraqların, mədəniyyətlərin və geosiyasi toqquşmaların qovuşduğu məkan kimi tanınır. Burada baş verən proseslər təkcə regional sabitliyə deyil, həm də qlobal təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir.
Qlobal güc mərkəzlərinin maraqlarının kəsişdiyi bu coğrafiyada baş verən hər bir hadisə beynəlxalq sistemin ümumi dinamikasına təsir göstərən amilə çevrilir. Regionun mürəkkəb siyasi reallıqları, dini və etnik müxtəlifliyi, eləcə də enerji resurslarının strateji əhəmiyyəti Yaxın Şərqi beynəlxalq siyasətin ən həssas mərkəzlərindən birinə çevirib.

Bu kontekstdə Yaxın Şərqdə sülhün bərqərar olunması istiqamətində keçirilən beynəlxalq sammitlər dialoq və diplomatiya üçün həmişə mühüm mexanizm funksiyasını icra edib. 1978-ci il Camp David (I) razılaşmaları, 1991-ci il Madrid konfransı, 1993-cü il Oslo prosesi, 2000-ci il Camp David (II) sazişi və 2020-ci il Abraham razılaşmaları bu istiqamətdə əsas mərhələlər kimi tarixə düşüb. Lakin regionun mürəkkəb siyasi reallıqları göstərir ki, sülh prosesi yalnız diplomatik sənədlərlə deyil, həm də struktur, sosial və mədəni dəyişikliklərlə müşayiət olunmalıdır.

Bu tarixi ardıcıllığın məntiqi davamı kimi 2025-ci ilin 13 oktyabrında Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti müasir beynəlxalq diplomatiyanın mühüm hadisəsi kimi dəyərləndirilir. Sammitin məqsədi Qəzza zolağında baş vermiş humanitar böhranı aradan qaldırmaq, İsrail–Fələstin münaqişəsinə dialoq əsaslı həll tapmaq və dayanıqlı sülh mexanizmləri yaratmaq idi. Lakin tədbir təkcə bu çərçivə ilə məhdudlaşmadı – sammit, əslində, beynəlxalq münasibətlər sistemində yeni sülh konseptlərinin formalaşması üçün platformaya çevrildi. Bu sammitdə diplomatiya, humanitar əməkdaşlıq və iqtisadi inteqrasiyanın sintez olunduğu bir model təqdim edildi.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ Prezidenti Donald Trampın birgə təşəbbüsü ilə keçirilən sammitdə 30-dək dövlətin və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Qəzza bölgəsinin yenidən qurulması, humanitar yardım mexanizmlərinin koordinasiyası, HƏMAS silahlarının təhvili və əhalinin geri qaytarılması ilə bağlı qəbul edilən qərarlar sülh prosesinin çoxsəviyyəli xarakterini əks etdirdi. Ən mühüm nəticələrdən biri ABŞ, Türkiyə, Misir, BƏƏ və Qətərin diplomatik səyləri nəticəsində atəşkəsin davamlılığını təmin edən razılaşmanın əldə olunması və Qəzzanın müvəqqəti idarəçiliyinin Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyerin rəhbərlik etdiyi beynəlxalq qrupun nəzarətinə verilməsi oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sammitə xüsusi dəvətlə qatılması ölkəmizin beynəlxalq siyasətdə yüksələn statusunu və artan diplomatik nüfuzunu bir daha təsdiqlədi. ABŞ Prezidenti Donald Trampın Azərbaycanı “sülh quruculuğunun real nümunəsi” kimi xarakterizə etməsi və Prezident İlham Əliyevi “öz işini bilən güclü lider” adlandırması bu etimadın siyasi təzahürüdür. Azərbaycanın bu sammitdə fəal iştirakı həm ölkəmizin geosiyasi çəkisini, həm də onun beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş statusunu bir daha nümayiş etdirdi.

Müasir beynəlxalq siyasətdə “sabitlik vasitəsilə sülh” modeli Azərbaycan tərəfindən praktik müstəviyə çıxarılmış unikal təcrübədir. Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli, postmünaqişə dövründə sülhün bərqərar olunması və bərpa prosesinin institusional əsaslar üzərində aparılması Azərbaycanın sülhyaratma təcrübəsini qlobal səviyyədə diqqətəlayiq nümunəyə çevirib. Prezident İlham Əliyevin sammit çərçivəsində Fələstin lideri Mahmud Abbasla görüşü Azərbaycanın regionda balanslı, ədalətli və inklüziv siyasət yürütmək qabiliyyətini nümayiş etdirdi. Bu görüş Azərbaycanın eyni zamanda həm Fələstin xalqının hüquqlarına, həm də İsrailin təhlükəsizlik maraqlarına hörmətlə yanaşan diplomatik xəttinin ifadəsi oldu.

Azərbaycanın xarici siyasət doktrinası praqmatik realizm, multivektor əməkdaşlıq və mədəni diplomatiya prinsiplərinə əsaslanır. Bu siyasət modeli ölkəmizi regionun sabit və davamlı inkişaf edən dövlətinə çevirib. Zəngəzur dəhlizi təşəbbüsü Azərbaycanın qlobal nəqliyyat və enerji xəritəsində strateji körpü rolunu gücləndirərək, Qərb və Şərq arasında yeni qarşılıqlı əməkdaşlıq mühiti formalaşdırır. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bu modelin regional miqyasda sinxronlaşdırılmasını təmin edir və Cənubi Qafqazdan Yaxın Şərqə qədər geniş coğrafiyada dayanıqlı sülhün təşviqinə xidmət edir.

Sammit həm də sülh proseslərinin yalnız diplomatik mexanizmlərlə deyil, dərin sosial, ideoloji və mədəni transformasiyalarla müşayiət olunmalı olduğunu bir daha göstərdi. Müharibənin bitməsi sülhün başlanğıcı deyil; sülhün davamlılığı üçün qarşılıqlı etimadın və siyasi mədəniyyətin formalaşması əsas şərtdir. Bu baxımdan Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsi, Bakı Humanitar Forumu və Mədəniyyətlərarası Dialoq Forumu kimi təşəbbüsləri beynəlxalq sülhyaratma sisteminə praktik töhfə kimi dəyərləndirilir.

Nəticə etibarilə, 2025-ci il Şarm əl-Şeyx Sammiti beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Burada formalaşan ideya xətti – sülhün institusional sabitlik və humanitar dəyərlər üzərində qurulması konsepsiyası Azərbaycanın yürütdüyü siyasətlə səsləşir. Məhz bu səbəbdən ölkəmiz bu gün beynəlxalq münasibətlər sistemində sülhün ideoloji və praktik daşıyıcısı kimi qəbul edilir. Prezident İlham Əliyevin sammitdə iştirakı və çıxışları göstərdi ki, Azərbaycan artıq regionun deyil, beynəlxalq sistemin yeni dəyərlər yaradan aktoruna çevrilib.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90