image-rt-reklam
image-1backend

Prezident qaçdı, yeni lider and içməyə hazırlaşır

image-728x90

Ulusal.az xəbər verir ki, Madaqaskarda prezident Andry Rajoelinanın ölkəni tərk etməsindən sonra ölkədə hərbi çevriliş baş verib. Özünü dövlət başçısı elan edən polkovnik Mixail Randrianirina cümə günü yeni prezident kimi and içəcəyini açıqlayıb.

Qeyd edək ki, 14 oktyabr tarixində Randrianirina “İslahatlar üzrə Prezident Şurası” adlı qurum yaradaraq hakimiyyətin ordu tərəfindən ələ keçirildiyini bəyan etmişdi. Yeni yaradılmış ordu, jandarm və polis nümayəndələrindən ibarət komissiya növbəti iki il ərzində seçkilərin keçirilməsinə söz verib.

Başlanğıcda prezident postuna keçməkdən imtina edən Randrianirina, Afrika İttifaqının çevrilişə görə Madaqaskarın təşkilatda üzvlüyünü dayandırmasından sonra, Konstitusiya Məhkəməsinin təklifini qəbul edərək and içməyə razılıq verib. O, həmçinin Afrika İttifaqı ilə dialoqa hazır olduğunu bəyan edib.

Hazırkı prezident Andry Rajoelina isə istefa verməkdən imtina edərək, hakimiyyətdən uzaqlaşdırılmasını tanımadığını açıqlayıb. Parlament üzvləri onun parlamenti buraxmaq qərarını rədd edərək, impicment prosedurunu dəstəkləyiblər.

Polkovnik Randrianirina CAPSAT adlı elit hərbi birliyin komandiri olub. Məhz bu bölmə 2009-cu ildə Andry Rajoelinanın hakimiyyətə gəlməsində mühüm rol oynamışdı. Bu il isə CAPSAT qoşunları prezidentə qarşı çıxaraq, onunla yollarını ayırdı.

Fransa radiosu RFI-nin məlumatına görə, Rajoelina 13 oktyabrda Fransaya məxsus hərbi təyyarə ilə ölkədən təxliyə edilib. Prezident bazar ertəsi axşam videomüraciət yayaraq, həyatını qorumaq üçün təhlükəsiz yerə köçməyə məcbur olduğunu bildirib. Onun harada olduğu açıqlanmayıb.

Madaqaskarda etirazlar sentyabrın sonunda su və elektrik çatışmazlığı səbəbindən başlamış, daha sonra hökumət əleyhinə aksiyalara çevrilmişdi. Etirazçılar prezidentin istefasını və nümayişçilərə qarşı zorakılığa görə üzr istəməsini tələb edirdilər.

BMT-nin məlumatına görə, etirazlar zamanı azı 22 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. 11 oktyabrda CAPSAT qoşunları etirazların yatırılmasında iştirak etməyəcəklərini rəsmən bəyan ediblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90