İran polisi 1979-cu ildə baş vermiş dövlət çevrilişindən əvvəl – şah dövründə istifadə olunan bayraqla Tehran metrosunda foto çəkdirən iki hərbi geyimli şəxsi saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Sosial şəbəkələrdə geniş yayılan videoda iki nəfər Tehranın metro stansiyalarından birində “aslan və günəş” simvolunu əks etdirən bayraqla görünür. Bu simvol İranın keçmiş monarxiyası ilə əlaqəlidir.
Məlumata görə, video sosial şəbəkələrdə geniş rezonans doğurub. Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, həmin şəxslər İran Silahlı Qüvvələrinin üzvü deyillər, amma onların kimliyi açıqlanmayıb.
“Bu iki şəxs hərbi formadan sui-istifadəyə görə saxlanılıblar”, – İran mənbələri iddia ediblər.
Xatırladaq ki, 1979-cu ildə baş vermiş çevriliş nəticəsində Ruhullah Xomeyninin rəhbərlik etdiyi qüvvələr İranın sonuncu şahı Məhəmmədrza Pəhləvini deviriblər. Beləliklə, İranda “İslam Respublikası” elan olunub. Bunun ardınca İranın milli bayrağı dəyişdirilib: yaşıl, ağ və qırmızı rənglər saxlanılsa da, “aslan və günəş” simvolu çıxarılaraq yerinə “Allah” sözünü təsvir edən lalə formalı işarə əlavə edilib.






















