Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin növbəti iclasında hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib, bir sıra vacib məqamlara toxunub.
Əlavə olaraq, millət vəkili, Komitə sədri olaraq Nazirlər Kabinetinə ünvanladığı məktublara, müraciətlərə qısa zamanda cavab aldığı üçün Baş nazirə öz təşəkkürünü bildirib.
Komitə sədrinin çıxışını qısa ixtisarla təqdim edirik:
“Hörmətli xanım sədr, hörmətli cənab Baş nazir, hörmətli həmkarlarım, hökumət üzvləri,
Bir həftə öncə şəhid ailələri ilə görüşdük. Onlar cənab Prezidentin və Mehriban xanımın onlara daima diqqət göstərdiyini yüksək qiymətləndirir. Şəhidlərin adının əbədiləşdirməsi məsələsi onlar üçün ən vacib məsələlərdən biridir. Çox təəssüf ki, Bakı şəhərinin ayrı-ayrı rayonlarında və digər bölgələrdə şəhidlərin adı hələ də əbədiləşdirilməyib. Amma bunun üçün imkanlar çoxdur. Rayonlarımızda boş, adsız küçələr çoxdur, bəzi küçələr var ki, ümumiyyətlə nə məna ifadə etdiyini anlamaq mümkün deyil. Məsələn, şəhid ailəsi müraciət edib, şəhidimizin Binəqədi rayonunda yaşadığı küçə “İzlivnoy” adlanır. “İzlivnoy” nə deməkdir? – heç kəs başa düşmür.
İkinci olaraq, məsələn Binəqədi rayonunda küçənin adı “Rezervuar”, “İkinci dəmiryol”, “Üçüncü dəmiryol”, “1-15-ci sıra”, “Varovski”, “Xutor”, Yasamalda “7-ci sallaqxana”, Nəsimidə “22-ci dairə” və s. adlanır. Bu küçələrin nə ifadə etdiyini anlamaq olmur. Ona görə düşünürük və inanırıq ki, bu məsələyə Baş nazirin rəhbərliyi ilə baxılacaq və şəhid ailələri arzularına çatacaq. Biz çox istəyirik ki, şəhidlərimizin adları Ali Baş Komandanın dediyi kimi bütün ölkə boyunca əbədiləşsin.
Digər bir məsələ. – Mədəniyyət Komitəsinin rəhbəri olaraq Mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli ilə Mədəniyyət Komitəsində görüşlər keçirdik. Mədəniyyət sahəsində böyük islahatlara ehtiyac var, özəlliklə, tarixi abidələrimizin qorunması və bərpası məsələsini vurğulamalıyam. Bu, bizim bu torpaqlardakı tariximiz və gələcəyimizdir. İşğalçı Ermənistan mədəniyyət abidələrimizi məhv edib. İndi onların bərpası işlərinə başlanılıb. Amma rayonlarımızın bir çoxunda abidələrlə bağlı ciddi problemlər var. Elə abidələr var ki, 2-3 il ərzində onlara əl atılmasa, vəsait qoysaq belə xilas edə bilməyəcəyik. Vəsaitin ayrılmasından əlavə Dövlət Özəl tərəfdaşlıq mexanizminin genişləndirilməsinə ehtiyac var. Özəl tərəfdaşları bu prosesə daha çox cəlb etmək, insanların dəstəyini də alaraq bu abidələrimizin bərpa olunması çox önəmlidir. Vurğulamaq istəyirəm ki, turizmin inkişafı üçün də bu çox önəmlidir.
Digər bir məsələ, dərmanların qiymət və keyfiyyəti ilə bağlıdır. Bununla bağlı ciddi monitorinq aparılmasına çox ehtiyac var. Bilirəm ki, hörmətli Mehriban xanımın bu məsələnin xüsusi diqqət altında olmasıyla bağlı fikirləri olub. Bu məsələnin araşdırılıb tədbir görülməsinə ehtiyac var.
Müzakirələrdə təhsillə bağlı fikirlər söyləndi. Doğrudan da, məktəblərin tikintisi və təmirinə diqqətin daha da artmasına ehtiyac var. Mən bunu Elm və Təhsil naziri Emin Əmrullayevə də bildirmişəm, mənim Millət vəkili seçildiyim dairədə elə məktəblər var ki, döşəmə çürüyüb. – Böyük kəndlərdi və təhsil imkanları yox səviyyəsindədir. Ona görə, çox xahiş edirəm, dəfələrlə də müraciət etmişəm, bu məsələ diqqətdə saxlanılsın. Məsələn, elə kəndlər var ki, əhalisi 10 minə yaxındır.
Su ilə bağlı Nazirlər Kabinetinə etdiyimiz müraciətə cavab olaraq hörmətli Baş nazir müavini Şahin Mustafayevin başçılığı ilə Tovuza komissiya gəldi və vəziyyətə yerində baxıldı: Kürdən suyu necə gətirmək olar və ya Zəyəmçayı üzərində su anbarının tikilməsi məsələsi araşdırıldı… Belə məlum oldu ki, bəzi kəndlərdə artezian quyuları qazılsa da su çıxmır. Kürdən su çəkmək isə çox bahalıdır. Bizim tək alternativimiz Zəyəmçayı üzərindəki su anbarıdır. Bu həm Şəmkir, həm də Tovuzun bir çox kəndlərini acınacaqlı su problemindən xilas edə bilər. Hörmətli Əli müəllim, çox xahiş edirəm bu məsələyə baxılsın. Çünki bu kəndlərdə yaşama məsələsi sual altında qalır. İçməli suyu belə pulla alan əhalinin o kəndlərdə qalması çox çətin ola bilər.
Sonuncu məsələ, mən İcbari Tibbi Sığortadan xahiş edirəm. Süni mayalanma problemi olan insanların əməliyyatına qardaş ölkədəki kimi heç olmasa bir-iki dəfə şans verilsin. Bu, yüzlərlə vətəndaşın millət vəkillərinə olan müraciətidir.
Təşəkkür edirəm!”