image-rt-reklam
image-img-20251007-wa0102backend

Suveren dövlətdə mədəniyyət hüququ

image-728x90

Hər bir xalq üçün öz suverenliyinə sahib olmaq, öz ölkəsində müstəqil yaşamaq onun ən böyük milli sərvətidir. Suverenlik ölkənin daxilində və ondan kənarda idarəedicilik formasını müstəqil, Konstitusiya və qanunlar, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirməsidir. Suveren dövlət başqa dövlətin hakimiyyətindən aslı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir.

Əsrlər boyu Azərbaycan xalqının ən böyük arzusu hər zaman öz suveren dövlətini yaratmaq olmuşdur. Tarixin müəyyən mərhələlərində düşmən mövqelər tərəfindən müdaxilələr olmasına baxmayaraq xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idealarına hər zaman sadiq qalmış və XX əsrin sonlarında müstəqilliyini bərpa etmişdir.

Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilsin.

Konstitusiya hər bir sivil ölkənin əsas qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir. Bu sənəd ölkənin qurluşunu, siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə vətəndaşın hüquqlarını özündə əks etdirir. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncamda deyildiyi kimi, bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Konstitusiy vətəndaşların hüququnu tənzimləmək üçün 5 bölmə, 12 fəsil, 158 maddəni özündə cəmləşdirir. Ölkənin bütün sahələrində olduğu kimi Mədəniyyət sahəsinin hüquqi tənzimlənməsinin ana xəttini konstitusiyanın maddələri təşkil edir. Belə ki Konstitusiyanın 40-cı maddəsinə əsasən:

I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.

II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.

Mədəniyyət insanların dünyanın mənimsəməyə yönəlmiş yaradıcı fəaliyyətidir. Mədəniyyətin bu gün bir fenomen kimi dərk edilməsində alimlər, yazıçılar, filosolar müxtəlif fikirlər səsləndirmiş, bu haqqda kitablar yazmışlar. Onlar arasında Kant, Russo, Volf, E.Teylor, İ.Herderi və s. göstərmək olar.

«Mədəniyyət» anlayışının müasir anlamı ilk dəfə Almaniyada öz təsdiqini tapmışdır. Artıq XVIII əsrin axırlarında bu söz alman ədəbiyyatında iki mənada – birincisi, bilik və peşələrin köməkliyi ilə təbiət üzərində hökmranlıq, ikincisi isə, şəxsiyyətin mənəvi zənginliyini bildirirdi. «Kultura» sözünün bu mənaları yavaş-yavaş bütün Avropa dillərinə daxil oldu.

Mədəniyyət sözünün mənşəyi də müxtəlif cür təhlil edilmişdir. “Mədəniyyət” anlayışının latın dilindən tərcüməsi “julture” — “becərmək”, “bəsləmək”, “yaxşılaşdırmaq” deməkdir. Bu sözün ilkin mənası — torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və “mədəniyyət” sözü daha geniş bir məna daşımağa başladı. Məşhur rus dilşünası Vladimir Dal özünün “İzahatlı lüğət”ində yazır: “Mədəniyyət — işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır”.

Mədəniyyət sözü, həmçinin, ərəbcə “Mədinə” sözündədir və mənası “şəhərsalma” anlamına gəlir.

Beləliklə, «mədəniyyət» – latınca «kultura» (cultura) sözündən olub, işləmə, qulluqetmə, yaxşılaşdırma, həmçinin tərbiyə, inkişaf, tərəqqi deməkdir. Bu anlayışın mənşəyi isə «kolo», «kolere» (kolo, kolere) sözlərindən gələrək torpaqşünaslıqla məşğul olma, torpaqla işləmək, burada çalışmaq, «kultus» – «təzədən işlənmiş» mənalarını ifadə edir. Qədim latın dilində həmin söz məhz bu mahiyyəti kəsb edərək «aqri kultura» (aqri kultura) mənasını, yəni torpağı əkinə hazırlamaq fikrini izah edirdi. Bu fikri qətiləşdirməkdə bizə kömək edən əsas informasiya mənbəyi dövrümüzə gəlib çatan Mark Porsi Katonun kənd təsərrüfatı məsələlərinə həsr edilən eyni adlı «De aqri kultura» əsəridir.

Dünyada mədəniyyət hüququnun qanunvericilik əsasıda formalaşması 1966-cı ilə təsadüf edilir. Belə ki, mədəni hüquqları özündə əks etdirən “İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt” — 16 dekabr 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş və 3 yanvar 1976-cı ildə qüvvəyə minmiş pakt. Bu paktda mədəni hüquq anlayışına geniş yer verilmiş və bütün dövlətlərə öz qanunvericiliyində “mədəni hüquq” maddəsinin tətbiq olunması tövsiyyə olunmuşdur.

Mədəniyyət anlayışını dərk etmək, mədəni dəyərləri mənimsəmək və onlardan düzgün istifadə etmək məqsədilə 6 fevral 1998-ci ildə “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi. Qanun 11 fəsil 57 maddədən ibarətdir. Bu qanuna əsasən mədəniyyət- ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusudur. Həmçinin bu qanun Mədəniyyət sahəsində dövlətin siyasətini, əsas məqsədlərini, prinsiplərini, vəzifələrini; insan və vətəndaş hüquq və azadlıqlarını, təhsil sistemini, mədəni həyatda iştirak etmək, mülkiyyət və sahibkarlıq hüququnu; mədəni sərvətlərdən istifadənin tənzimlənməsini; benyəlxalq əməkdaşlığı və s. kimi mövzuları tənzimləyir.

Ölkəmizdə mədəniyyət sahəsinin hüquqi baxımdan tənzimlənməsində “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilsinin rolu əvəzsizdir. Belə ki, bu konsepsiya 14 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətimizin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə imzalanmışdır.

Ölkəmizdə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Konstitusiyanın 69-cu maddəsinə əsasən qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Yəni ki, onlar Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər mədəniyyət hüququna malikdirlər.

Bu gün mədəniyyət sahəsindəki yüksək inkişaf ölkəmizdə gedən demokratikləşmə prinsipinin uğurlu nəticəsidir. Demokratiya sürətləndikcə mədəniyyətlərin qarşılıqlı əlaqaləri və mədəni dəyərlərin qarşılıqlı mübadiləsi daha da fəallaşır.

Səbinə ORUCLU

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun

Baş fond mühafizəçisi

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90