image-rt-reklam
image-img-20251007-wa0013backend

Millət vəkili Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” kitabının təqdimatı oldu- FOTOLAR

image-728x90

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın türk modeli” kitabının təqdimatı və imza günü keçirilib.

“Şərq-Qərb” nəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı tədbiri giriş sözü ilə açaraq kitabın məzmunundan, yüksək elmi-nəzəri əhəmiyyətindən danışıb. Kitabda türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti yeni yanaşma kontekstində təhlil edilir.

Monoqrafiyanın türk dünyasının tarixi və bu günü haqqında sanballı bir araşdırma əsəri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli kitabın həm elmi, həm də tarixi dəyərindən danışaraq əsərdə türk dünyasının gələcəyi ilə bağlı mühüm inkişaf istiqamətlərinin perspektivləri haqqında mülahizələrin yer aldığını, türk d[vl’tl’ri arasında mümkün inteqrasiyanın prinsipləri və strategiyası barədə yeni təkliflərin irəli sürüldüyünü vurğulayıb. Akademik qeyd edib ki, əsər elm ocaqları üçün dolğun bir dərs vəsaitidir, elmi araşdırmaçılar və tələbə-müəllim heyəti bu kitabdan dəyərli məlumatlar alacaqlar. Akademik Isa Həbibbəyli çıxışının sonunda türk dünyası qarşısında xidmətlərinə görə qardaş Türkiyə Cumhuriyyətinin elm adamlarının təbrikini və minnətdarlığını müəllifə çatdırıb.

Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki təmsilçisi Ufuk xanım Turganer bu akademik nəşrin və onunla bağlı keçirilən elmi müzakirənin ümumtürk ideoloji fikrinə qatdığı dəyərdən, kitabın müəllifi Cavanşir Feyziyevin elmi yaradıcılığı ilə yanaşı, eyni zamanda Azərbaycan – ŞKTC Parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri kimi hədəfli və çoxşaxəli fəaliyyətindən danışıb.

“Şərq-Qərb” ASC-nin Nəşriyyat Departamentinin direktoru Sevil İsmayılova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elman Quliyev, Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Naci Yengin və başqaları çıxışlarında vurğulayıblar ki, Türk Dövlətləri Birliyi ideyasının ilk dəfə olaraq sistemli surətdə, konseptual bir model kimi, geniş və dərin təhlillər əsasında irəli sürülməsi, eləcə də kitabda 300-dən çox elmi ədəbiyyat və qaynaqdan istifadə olunması, əksəriyyətinin türk, ingilis, rus və digər xarici mənbələr olması əsərin müstəsna dəyərini daha da artırır.

Daha sonra Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzi Kitabxanasının direktoru, tarixçi alim, əməkdar mədəniyyət işçisi Lətifə Məmmədova Cavanşir Feyziyevin maarifçi ziyalı kimi yüksək insani məziyyətlərindən, gənc nəslin təhsilinə göstərdiyi xidmətlərdən söz açaraq ona rəhbərlik etdiyi Kitabxananın “Fəxri oxucusu” diplomunu təqdim edib. L.Məmmədova Cavanşir müəllimin rəhbərliyi ilə Mahmud Kaşqari adına Beynəlxalq Fondun həyata keçirdiyi respublika və beynəlxalq miqyaslı layihələrdən danışıb, millət vəkilinin bu yaxınlarda Türkiyənin ucqar əyalətlərindən olan Toqat vilayətinin Rəşadiyyə bölgəsində kitabxana yaradılmasına dəstək göstərdiyini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə AMEA Folklor İnstitunun əməkdaşı, istedadlı sənətkar Həlimat Sultanın Yunus Əmrə ilə bağlı hazırladığı “Eşq” kompoziyası səsləndirilib. İncəsənət Gimnaziyasının şagirdi Zəhra Sayadzadənin ifasında şair Qadir Hüseynovun şeiri, bədii qiraətçi Bəhiyyə Nağıyevanın çıxışı, tanınmış xanəndə, muğam müəllimi Maya Cəbrayılovanın “Çanaqqala” türküsü tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.

Tədbir iştirakçılarına və təşkilatçılarına dərin minnətdarlığını bildirən Cavanşir Feyziyev müasir dünyada baş verən qlobal proseslərin türk dünyasından da yan keçmədiyini qeyd edib, yeni şəraitdə türk dövlətlərinin inteqrasiya proseslərinə fəal şəkildə qoşulmaq zərurətindən danışıb. O, 30 il əvvəl müstəqilliyini bərpa etmiş türk respublikalarının tarixi, milli, mədəni birliyi və ortaq sivilizasiya mənsubiyyəti əsasında vahid siyasi platformada birləşməsinin zəruri olduğunu vurğulayıb. Bu gün dünya siyasi xəritəsində yer alan müstəqil türk dövlətlərinin beynəlxalq hüquq əsasında və bərabərhüquqlu müttəfiqləşməyə dayanan siyasi birliyinin mümkünlüyünü və türkdilli xalqların gələcək taleyi baxımından bu birliyin taleyüklü məsələ olduğunu qeyd edən deputat mövcud türk dövlətlərinin gələcək inteqrasiya mərhələlərinə daha fəal dəstək verəcəklərinə inandığını söyləyib.

Sonda Cavanşir Feyziyev çoxsaylı oxucuları üçün “Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın türk modeli” kitabını imzalayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90