image-rt-reklam
image-1backend

Qəbələ Zirvəsi Türk Birliyinin Yeni Strateji erasına keçid nöqtəsidir – Politoloq

image-728x90

Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü yalnız ənənəvi diplomatik toplantı deyil, həm də Türk dünyasının gələcək konturlarını müəyyənləşdirən tarixi mərhələ kimi qiymətləndirilir. Politoloq Arzuman Muradlı bu zirvəni TDT-nin siyasi-institusional yetkinliyinin simvolu adlandırır.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edir ki, “Regional sülh və təhlükəsizlik” mövzusu ilə keçirilən Zirvə TDT-nin yeni geosiyasi reallıqlara uyğunlaşma istəyini və regional güc mərkəzinə çevrilmək niyyətini əks etdirir:

“Bu Zirvə təkcə etnik və mədəni bağlara əsaslanan əməkdaşlıq platforması deyil, həm də vahid strateji təhlükəsizlik və inkişaf konsepsiyasının formalaşdığı mühüm hadisədir.”

Arzuman Muradlının sözlərinə görə, TDT bu gün artıq ideoloji-mədəni birlikdən daha çox praktik və institusional güc platformasına çevrilib. Qəbələdə qəbul ediləcək sənədlər – xüsusilə Zirvə Bəyannaməsi – Azərbaycanın təşkilatdakı liderliyini rəsmi şəkildə təsdiqləyəcək. Qırğızıstandan sədrliyin Azərbaycana keçməsi də bunu sübut edir.

Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladan Muradlı bildirib ki, Azərbaycan həm ideoloji, həm də praktiki baxımdan TDT-nin lokomotiv ölkəsidir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və bərpa layihələri Türk birliyini real və funksional əməkdaşlıq formatına çevirib.

“Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinə qardaş ölkələrin verdiyi töhfələr Türk həmrəyliyinin konkret təzahürüdür. Bu həm rəmzi, həm də strateji nəticələr doğurur”, – politoloq bildirib.

Arzuman Muradlının fikrincə , “Orta Dəhliz”, “Şimal-Cənub” və “Şərq-Qərb” layihələrində Türk dövlətlərinin iştirakı TDT-ni təkcə regional deyil, qlobal ticarət və enerji xəritəsində mühüm aktora çevirir. Bu isə Türk dövlətlərinin geosiyasi müstəqilliyinin təminatı kimi çıxış edir.

“TDT sadəcə mədəni inteqrasiya mexanizmi deyil, artıq siyasi koordinasiya və təhlükəsizlik platformasıdır. Gələcəkdə birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı, kibertəhlükəsizlik sahəsində ortaq mexanizmlər bu inteqrasiyanı daha da gücləndirəcək”, – politoloq vurğulayıb.

Politoloq hesab edir ki, Türk dövlətlərinin tarixi irsi müasir geopolitik sistemə uğurla inteqrasiya edilir. Bakıdakı TÜRKPA, Türk Mədəniyyəti və İrsi Fondu kimi institutlar Azərbaycanın mədəni liderlik rolunu da gücləndirir.

“Türk Dövlətləri Təşkilatı artıq strukturlaşmış, qlobal proseslərə adaptasiya olunmuş bir güc platformasıdır. Məqsəd – Türk dövlətlərinin beynəlxalq arenada vahid strategiya ilə çıxış etməsidir.”

Arzuman Muradlının fikrincə, Qəbələ Zirvəsi yalnız başlanğıc deyil, həm də Türk dünyasının qlobal güc kimi tanınmasının rəsmi təsdiqidir. Azərbaycanın bu prosesin mərkəzində durması isə onun siyasi, iqtisadi və mədəni liderlik potensialının göstəricisidir.

“TDT-nin gələcəkdə daha sıx inteqrasiya olunmuş müttəfiqlik modelinə çevrilməsi yalnız türk dövlətləri üçün deyil, həm də Avrasiya və Yaxın Şərq üçün sabitlik mənbəyi olacaq. Bu, XXI əsrdə Türk dünyasının geosiyasi iradəsinin yüksəlişidir.”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90