image-rt-reklam
image-1backend

Paşinyanın ofisi açıqladı: Əliyevlə Zəngəzur dəhlizi haqda nəyi müzakirə edib?

image-728x90

Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 2-də Kopenhagendə keçirilən görüşündə Zəngəzur dəhlizi terminologiyasından istifadə məsələsi müzakirə edilib.

Ulusal.az  xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan “Armenpress” agentliyinin yazılı sorğusuna cavabında deyib.

Paşinyanın sözçüsü bildirib ki, rəsmi İrəvan Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi haqda dediklərinin heç bir halda Ermənistanın ərazisinə aid olmadığını təsdiq edir.

“Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında Kopenhagendə keçirilən görüşdən sonra hər iki tərəf press-relizlər dərc edib. Orada hər iki tərəf TRİPP layihəsinin Ermənistan ərazisinə aid olduğunu qəbul edir, buna görə Ermənistan ərazisində başqa layihələr yoxdur, ola da bilməz. Kopenhagendə keçirilən görüşdə bu məsələ müzakirə olundu və biz təsdiq edirik ki, Azərbaycan Prezidentinin bəyanatı heç bir halda Ermənistan ərazisinə aid deyil. Ermənistanda yalnız TRİPP və “sülhün kəsişməsi” layihələri həyata keçirilir ki, bu da bir sıra beynəlxalq sənədlərdə aydın şəkildə öz əksini tapıb”, – Bağdasaryan bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “ŞƏT plyus”da, daha sonra BMT-də çıxışı zamanı Zəngəzur dəhlizindən bəhs etməsi erməni baş nazir tərəfindən narazılıqla qarşılanıb. Paşinyan “ŞƏT plyus”, BMT və AŞPA-da çıxışları zamanı Vaşinqton anlaşmalarında Zəngəzur dəhlizi ifadəsinin olmadığını deyib. İddia edib ki, bu ifadənin işlədilməsi Ermənistana qarşı ərazi iddiasıdır. Daha sonra Prezident İlham Əliyev və Nikol Paşinyan Avropa Siyasi Birliyinin keçirildiyi Kopenhagendə görüşdü. Bu görüşdən sonra Ermənistan mediasında “Paşinyana kənarda etiraz etsə də, Əliyevlə birbaşa təmasda Zəngəzur dəhlizi ifadəsinə görə narazılıq bildirməyə cəsarət etmir” ittihamları səsləndirildi. Kopenhagen görüşündən sonra Paşinyan bəyan etdi ki, Prezident İlham Əliyevin dediyi Zəngəzur dəhlizi sözü Azərbaycan ərazisinə aiddir. Onun bu açıqlaması da müxalif mediada tənqidlə qarşılandı.

Baş verənlər fonunda Paşinyanın sözçüsünün açıqlama yayması təsadüfi deyil. Ermənistanın dövlət agentliyi olan “Armenpress”in Paşinyanın sözçüsünə göndərdiyi sorğuda “Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən görüşündə Zəngəzur dəhlizi ifadəsini işlədib. Siz buna necə cavab verərsiniz, Kopenhagendə Paşinyanla Əliyev bu mövzunu müzakirə edibmi?” sualı qeyd olunub. Paşinyanın sözçüsünün də sorğu ilə bağlı açıqlaması həm də müxalifətin ittihamlarına cavab məqsədi daşıyır.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90