Avropa avtomobil sənayesində gözlənilməz dəyişiklik baş verməkdədir.
Ulusal.az xəbər verir ki, ingilislər kütləvi şəkildə Çin istehsalı avtomobillərə keçid edirlər.
Xüsusən də Çin nəhəngi BYD markası Böyük Britaniyada satış rekordları qıraraq yeni mərhələyə qədəm qoyub.
Şirkətin açıqladığı son rəqəmlərə görə, BYD-nin Böyük Britaniyada satışları 2024-cü ilin sentyabrında ötən ilin eyni dövrü ilə müqayisədə 880 faiz artıb. Təkcə sentyabr ayında britaniyalılar bu markadan 11 min 271 avtomobil alıblar. Satışların böyük hissəsini şirkətin populyar “Seal U” modelinin “plug-in” hibrid versiyası təşkil edib.
BBC-nin müxbirinə açıqlama verən mütəxəssislər çinli istehsalçının Böyük Britaniyada bu qədər sürətlə uğur qazanmasının əsas səbəbi kimi ölkənin Çin avtomobillərinə tarif tətbiq etməməsində görürlər. Avropa İttifaqı və ABŞ artıq uzun müddətdir ki, Çin mənşəli elektrikli avtomobillərə yüksək gömrük rüsumları tətbiq edir. Lakin Böyük Britaniya bu siyasətdən kənarda qalaraq BYD və digər Çin markaları üçün “açıq bazar” rolunu oynayır. Məhz buna görə də BYD sentyabr ayında İngiltərə bazarında 3,6 faizlik paya sahib olub və bazarın ən sürətlə böyüyən brendlərindən birinə çevrilib. Şirkətin Britaniya üzrə meneceri Bono Ge bildirib ki, yaxın aylarda daha çox yeni elektrikli və hibrid modellər təqdim olunacaq: “Bizim Böyük Britaniyada gələcəyimiz çox həyəcanlı görünür. 100-cü satış məntəqəmizi açmaqla brendin Avropadakı mövqeyini daha da möhkəmləndiririk.”
Böyük Britaniyanın Motor İstehsalçıları və Tacirləri Cəmiyyəti (SMMT) də elektrikli avtomobil satışlarında tarixi artım qeydə alındığını təsdiqləyib. Rəqəmlərə görə, təmiz elektriklə işləyən avtomobillərin satışı bir ayda 73 minə çatıb. Plug-in hibrid modellərinin satışları isə daha da sürətlə artıb. Ən çox satılan modellər sırasında Kia Sportage, Ford Puma və Nissan Qashqai kimi tanınmış adlarla yanaşı, BYD Seal U və Jaecoo 7 kimi Çin markaları da ilk onluqda yer alıb.
Bununla belə, hələlik benzin və dizel avtomobilləri yeni satışların yarıdan çoxunu təşkil edir. Lakin tendensiya aydındır görünür – İngiltərə yavaş-yavaş, amma qətiyyətlə elektrik enerjisinə keçid edir.
Keçən ilin oktyabrında Avropa İttifaqı Çin elektrikli avtomobillərinin idxalına 45 faizə qədər tarif tətbiq edəcəyini elan etmişdi. Bu qərar Avropalı istehsalçıları – xüsusən Volkswagen, Renault və Peugeot kimi şirkətləri – Pekinin dövlət subsidiyaları ilə maliyyələşdirilən ucuz Çin modellərinin “ədalətsiz rəqabətindən” qorumağa yönəlmişdi. Eyni vəziyyət ABŞ-da da müşahidə olunur. Donald Tramp administrasiyası Çin avtomobillərinə qarşı yüksək tarif siyasətini davam etdirir. Bu isə BYD və digər Çin nəhənglərini Amerika bazarından demək olar ki, tamamilə uzaqlaşdırıb. Nəticədə Çin şirkətləri diqqəti Avropaya və xüsusən də tariflərdən azad olan Böyük Britaniyaya yönəldiblər.
Çində daxili satışların bir qədər zəifləməsinə baxmayaraq, BYD qlobal səviyyədə Tesla-nı da arxada qoyub. Şirkət 2025-ci ilin əvvəlinə qədər BMW, Jaguar və digər avropalı rəqiblərini də keçib. Onun elektrikli modelləri həm qiymət, həm batareya ömrü, həm də servis xərclərinə görə Qərb brendlərinə qarşı ciddi alternativ kimi çıxış edir. Böyük Britaniya hökuməti elektrikli avtomobillərin qəbulunu stimullaşdırmaq üçün 650 milyon funt sterlinq (təxminən 875 milyon dollar) məbləğində subsidiya paketi ayırıb. Avtomobil alıcıları Nissan, Peugeot və Vauxhall kimi markalardan elektromobil alarkən 3750 funt-sterlinqə qədər dövlət dəstəyi ala bilirlər. Lakin bu proqram istehsal zamanı karbon tullantıları yüksək olan Çin avtomobillərini subsidiyadan kənar qoyur. BYD bu qərarı açıq şəkildə tənqid edərək, bunun “Britaniya bazarına uzunmüddətli zərbə vuracağını” bildirib.
“Əgər məqsəd sıfır emissiya siyasətini təşviq etməkdirsə, mənşə ölkəsinə görə fərq qoymaq bu məqsədə ziddir”, – deyə BYD-nin nümayəndəsi mətbuata açıqlamasında deyib.
Bir vaxtlar Qərbin sənaye və texnologiya mərkəzi olan Böyük Britaniya indi Çin avtomobilləri üçün “ən böyük xarici bazar” rolunu oynayır. BYD-nin artan təsiri təkcə iqtisadi deyil, həm də geosiyasi mənada əhəmiyyətlidir.
Çin artıq yalnız elektronika və istehsalat sahəsində deyil, avtomobil sənayesində də Qərbin simvolik üstünlüyünü sarsıtmağa başlayıb. İngilislərin “Made in China” markasına bu qədər sürətlə yönəlməsi də bunu təsdiqləməkdədir.Musavat.com