Çin Xarici İşlər Nazirliyi Rusiya tərəfindən Ukraynanın Lvov vilayətinə endirilmiş raket zərbələrindən sonra yayılan peyk kəşfiyyatı ilə bağlı iddialara münasibət bildirib.
Xatırladaq ki, daha əvvəl mediada yayılan məlumata görə, Rusiya ordusunun zərbə endirdiyi obyektlər üzərində hücumdan bir neçə gün əvvəl Çin Xalq Respublikasına məxsus bir neçə peykin sinxron şəkildə uçuş etdiyi qeydə alınıb. Bu, mümkün kəşfiyyat məlumatı ötürülməsi ehtimalını gündəmə gətirib.
Ulusal.az xəbər verir ki, bu iddialarla bağlı “Ukrinform” informasiya agentliyi Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Minin ofisinə rəsmi sorğu göndərib.
Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu suala cavab olaraq bildirib:
“Sizin qeyd etdiyiniz vəziyyətdən xəbərsizik.”
Bundan əlavə, nazirlik Pekinin Ukraynadakı müharibə ilə bağlı mövqeyinin dəyişmədiyini, “açıq, dürüst, obyektiv və qərəzsiz” olaraq qaldığını vurğulayıb.
Hazırda Çin tərəfinin bu məsələ ilə bağlı daha geniş izahat verib-verməyəcəyi bilinmir. ABŞ və Ukrayna kəşfiyyat xidmətləri isə bu tip fəaliyyətlərin daha geniş təhlilini aparmağa davam edir.