18 oktyabr – Müstəqilliyimizin Bərpası Günündə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda möhtəşəm ədəbi-bədii tədbir keçirilib. Tədbir yenilməz ordumuzun cəsur və qalib əsgəri, I və II Vətən müharibələrinin igid döyüşçüsü Elsevər Hüseynovun şərəfinə, tanınmış jurnalist Ötərxan Eltacın qələmə aldığı “Səbrin İntiqamı” kitabının təqdimatına həsr olunub.
Kitabın redaktoru – şəhid xanımı, professor Gülarə Aydın, professor Ziyadxan Nəbibəyli, komandirlər Babək Aslanov və Muxtar Həşimov, eləcə də Xəyyam Nəsirli, Əli Hümbətov, jurnalist Bəşir İbrahim və qəhrəmanımızın xalası Xanım ana tədbirdə çıxış edərək 30 illik hicranı vüsala çevirən igid oğullarımızın qəhrəmanlıq dastanından söz açıblar.
Aşıq Azad Laçınlının “Misri”si isə tədbir iştirakçılarının ruhunu riqqətə gətirib, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramla səslənib.
Tədbirdə qazilər, ziyalılar, alimlər, jurnalistlər, dostlar, qohumlar və yurdsevər insanlar iştirak ediblər. Gecənin aparıcısı kəlağayılı şair xanım Güllü Eldar Tomarlı olub.