Son illər gənclər arasında boyun və onurğa ağrılarının artması həkimlərin ciddi narahatlığına səbəb olub.
Ulusal.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, smartfondan uzunmüddətli istifadə “önə əyilmiş duruş” adlanan vəziyyəti formalaşdırır və bu da onurğa sütununa əlavə yük salaraq boyun osteoxondrozuna yol aça bilər.
Yeni tədqiqatların nəticələrinə əsasən, başın uzun müddət irəli əyilmiş vəziyyətdə qalması boyun əzələlərində gərginlik yaradır, çiyinlərin hərəkətini məhdudlaşdırır və xroniki ağrılara gətirib çıxarır.
Həkimlər xəbərdarlıq edirlər ki, bu hal təkcə narahatlıq deyil, həm də onurğa deformasiya riski yaradır. Xüsusilə, gənc yaşda bu vərdiş formalaşarsa, gələcəkdə disk yırtığı, sinir sıxılması və qan dövranı pozğunluğu kimi ciddi fəsadlara səbəb ola bilər.
Mütəxəssislər profilaktik məqsədlə hər 30-40 dəqiqədən bir fasilə verməyi, boyun və çiyin əzələlərini dartıcı hərəkətlərlə rahatlatmağı və ekranla göz arasındakı məsafəni artırmağı tövsiyə edirlər.Musavat.com























