Bakıya gəlməyimizin əsas məqsədi təmsil etdiyim ali məktəblə Bakı Dövlət Universiteti arasında əməkdaşlığın qurulmasıdır”.
Bunu Teleqraf-a Türkiyədəki Kilis 7 Aralık Universitetinin rektor müşaviri Ali Kestane deyib.
“Bakı Dövlət Universiteti və Kilis 7 Aralık Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Sənəd tələbə və müəllim mübadiləsi proqramlarını, birgə elmi layihələrin icrasını və akademik əlaqələrin genişləndirilməsini nəzərdə tutur” – müşavir bildirib.
Ali Kestanenin sözlərinə görə, bu protokol iki universitet arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır: “Hazırda ilk addım olaraq Bakı Dövlət Universitetində elmi konfrans keçirməyi planlaşdırırıq. Tədbir 13–15 noyabrda baş tutacaq, əsas mövzular iqtisadiyyat, maliyyə, idarəetmə və sosial elmlər olacaq. Məqsədimiz Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsidir. Konfransdan sonra əməkdaşlığımızın növbəti istiqamətləri ilə bağlı danışıqlar aparacağıq”.

Ali Kestane əlavə edib ki, hazırda həyata keçirilən əməkdaşlıq çərçivəsində iqtisadiyyat və təhsil sahəsində əlaqələr daha da genişlənir: “Universitetlərimiz arasında ortaq ixtisaslar mövcuddur. Türkiyə-Azərbaycan qardaşlığından qaynaqlanaraq biz akademik sahədə iş birliyimizi gücləndirməyə çalışırıq”.
O bildirib ki, Kilis 7 Aralık Universitetində hazırda 15 mindən çox tələbə təhsil alır: “Dörd il öncəyə qədər universitetdə azərbaycanlı tələbələr də olub və bu əməkdaşlığın bərpası prioritet istiqamətlərdəndir. İstəyirik ki, Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə tələbə axını baş tutsun. Azərbaycanlı tələbələr Kilis 7 Aralık Universitetində əsasən iqtisadiyyat və səhiyyə sahələrində təhsil alıblar.
Hazırda universitetimizdə 1200-ə yaxın xarici tələbə var. 33 ixtisas üzrə magistratura, 7 ixtisas üzrə isə doktorantura proqramlarımız fəaliyyət göstərir. Gələcəkdə məqsədimiz yalnız Bakı Dövlət Universiteti ilə deyil, Bakıda fəaliyyət göstərən digər ali təhsil müəssisələri ilə də əməkdaşlıq qurmaqdır”.

Ali Kestane Azərbaycan təhsil sisteminin səviyyəsini də yüksək qiymətləndirib: “Azərbaycanın bakalavr və magistr proqramları Türkiyədəki sistemə çox bənzəyir, lakin doktorantura proqramlarının işləmə mexanizmi müəyyən fərqlərə malikdir. Azərbaycanın təhsil infrastrukturu inkişaf edib. Xüsusilə, layihə əsaslı tədris metodlarının tətbiqi, beynəlxalq müəllim mübadiləsi və ortaq elmi layihələr bu inkişafı daha da gücləndirəcək. Türkiyədə təhsillərini başa vurduqdan sonra universitetimizdə çalışan tələbələrimiz var. Bu, bizim üçün qürurverici haldır”.
Kestane həmçinin Türkiyə-Azərbaycan əlaqələrinin strateji müstəvisinə də toxunub:
“2020-ci il Qarabağ zəfəri təkcə hərbi deyil, həm də iqtisadi baxımdan yeni bir dövrün başlanğıcı oldu. Bakı və Ankara “bir millət, iki dövlət” prinsipini “vahid iqtisadi məkan” vizyonuna çevirdi. 2021-ci ildə 4 milyard dollar olan ticarət dövriyyəsi 2024-cü ilin sonunda 7 milyard dollara çatdı, 2030-cu il üçün hədəf 15 milyard dollardır. Bu inteqrasiya enerji, müdafiə sənayesi, nəqliyyat dəhlizləri, kənd təsərrüfatı texnologiyaları, rəqəmsal transformasiya və yaşıl enerji kimi çoxşaxəli sahələri əhatə edir”.























