Son iki ildə Azərbaycan avtomobil bazarında diqqətçəkən tendensiyalardan biri yeni avtomobillərin payının artmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, əgər 2022-ci ildə yeni avtomobillərin ümumi bazardakı payı 5% idisə, 2024-cü ildə bu göstərici 6,4%-ə yüksəlib.
İqtisadçı Toğrul Maşallı bildirir ki, bu rəqəmlər az da olsa, bazarın strukturunda keyfiyyət dəyişikliyindən xəbər verir.
“Lakin maraqlı məqam ondan ibarətdir ki, bu artım köhnə avtomobillərin deyil, orta yaşlı (5–10 il arası) avtomobillərin hesabına baş verib”, – o əlavə edib.
Espert bildirir ki, rəsmi məlumatlara görə, 2024-cü ildə yeni avtomobillərin sayı 20 min artdığı halda, 5–10 yaş arası avtomobillərin sayı 7 min azalıb.
T.Maşallının sözlərinə görə, bununla paralel olaraq, 10 ildən artıq yaşı olan avtomobillərin sayı 33 min nəfər artıb: “Beləliklə, ölkədə avtomobillərin yaş strukturunda müəyyən müsbət dəyişikliklər müşahidə olunmağa başlayıb. Lakin bu prosesin əsas səbəbi əhalinin gəlirlərinin kəskin artması deyil”.
İqtisadçı qeyd edir ki, sosial mediada bu mövzu ilə bağlı aparılan müzakirələrdən də göründüyü kimi, əsas amil Çin istehsalı olan ucuz avtomobillərin bazara kütləvi şəkildə daxil olmasıdır.
“Yəni, insanların alıcılıq qabiliyyəti artmayıb, sadəcə avtomobillərin qiyməti aşağı düşüb”, – o, vurğulayıb.
Ekspert bildirir ki, bununla yanaşı, Bakıda nəqliyyat sektorunda mövcud olan problemlər, taksi fəaliyyətinin genişlənməsi və bu sahədə həyata keçirilən “islahatlar” da avtomobil sayının artımına səbəb olan amillərdəndir:“Rəqəmlər göstərir ki, avtomobil sayındakı ümumi artım əsasən Çin istehsalçıları hesabına baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə faiz nisbətində ən çox artım göstərən 10 avtomobil markasından 8-i Çinə məxsusdur.Bununla belə, say baxımından ilk onluqda yalnız iki Çin şirkəti olsa da, siyahıya daxil olan digər markaların da istehsalı Çində həyata keçirilir.Əksinə, “Toyota”, “Chevrolet” və bəzi digər qeyri-Çin markalarının bazardakı payı azalmaqda davam edi”.
T. Maşallının sözlərinə görə, Azərbaycanda avtomobil modelləri üzrə dəqiq rəsmi statistika aparılmasa da, bəzi distribyutor şirkətlərin təqdim etdiyi məlumatlardan müəyyən nəticələr çıxarmaq mümkündür: “Tədqiqatçıların paylaşdığı statistikaya əsasən, 2024-cü ildə ölkədə ən çox satılan model “Chevrolet Cobalt” olub. Qeyd olunur ki, təqdim edilən məlumatlar il ərzində satılan avtomobillərin təxminən 35%-ni əhatə edir.2023-cü il üzrə satış məlumatı olmayan bəzi modellər isə 2024-cü ildə ilk dəfə satışa çıxarıldığı üçün statistikada yeni görünüb”.
İqtisadçı vurğulayır ki, ümumilikdə, Azərbaycan avtomobil bazarında müşahidə edilən dəyişikliklərÇin markalarının ucuz və daha əlçatan modellərlə bazara daxil olması, taksi sektorunun genişlənməsi və daxili nəqliyyat sisteminin problemləri ilə bağlıdır.
“Bu meyllər, bir tərəfdən, yeni avtomobillərin sayının artmasına və avtomobil parkının “cavanlaşmasına” səbəb olsa da, digər tərəfdən, köhnə və 10 ildən artıq yaşı olan avtomobillərin artımı ekoloji və təhlükəsizlik baxımından problemləri aktuallaşdırır”, -T.Maşallı yekunlaşdırıb.






















