Alyansla əməkdaşlığımız hara qədər genişlənə bilər? – Kremlin narahatlığı
NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərindən ibarət heyət Azərbaycana səfər edəcək. Heyət Azərbaycanda noyabrın 6-7-də səfərdə olacaq.
Xatırladaq ki, sentyabrın əvvəlində NATO-da akkreditə olunmuş xarici ölkələrin səfirləri Ermənistanda olublar. Həmin səfər çərçivəsində onlar Ermənistan prezidenti, baş naziri və müdafiə naziri kimi rəsmilərlə görüşərək Ermənistan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və demokratik dayanıqlılıq məsələlərini müzakirə ediblər.
Bu ilin iyulunda Müdafiə Nazirliyinin nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib. Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Son aylar Rusiya mediasında Azərbaycan-NATO münasibətlərinin inkişafına xüsusi diqqət hiss olunmaqdadır. Xüsusilə Kremlə yaxın media Cənubi Qafqazdakı prosesləri Qərbin təsirləri prizmasından təhlil edir.
Bu ilin iyununda isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə münasibətlərindən Kremlin narahatlığını ifadə edib. Onun sözlərinə görə, Kreml Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı riskləri tam şəkildə nəzərə aldıqlarına ümid edir. XİN rəsmisi hesab edir ki, NATO Cənubi Qafqazın təhlükəsizliyinə təhlükə törədir. Onun fikrincə, Qərbin əsas məqsədi regionda sabitliyi pozmaq və yeni gərginlik ocaqları yaratmaqdır.
Azərbaycan-NATO əməkdaşlığı hara qədər genişlənə bilər? Qarşıdakı səfərin əhəmiyyəti nədir?
Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini öyrənməyə həvəsli görünürlər” Pravda.az
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında Bakı və İrəvanın heç bir halda Kiyevin yolunu getməyəcəyini qeyd etdi: “Azərbaycan və Ermənistanın NATO-ya üzvlük məsələsi gündəmdə deyil. Ən azından, alyans rəsmiləri buna eyham vuracaq bəyanatlar səsləndirməyiblər. Ermənistan KTMT-də təmsil olunur. İrəvan hələ ki bu qurumdan rəsmi şəkildə uzaqlaşmayıb. Azərbaycan isə Qoşulmama Hərəkatının üzvüdür. Hətta müəyyən dövrdə ona rəhbərlik də edib. Bakının NATO ilə bağlı mövqeyi də ortadadır. Sadəcə olaraq, strateji əməkdaşlıqdan söhbət gedə bilər. Əlaqələrin daha da dərinləşməsi ancaq NATO üzvü Türkiyə vasitəsilə mümkündür. Digər tərəfdən, nə Bakı, nə də İrəvan Kiyevin düşdüyü vəziyyətlə üzləşmək istəmir. Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı hegemonluğunun fərqindədir. Kremli Güney Qafqazdan tam şəkildə neytrallaşdırmadan bu iki ölkə NATO-ya üzv olmayacaq. Biz NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramına qoşulmuşuq. Əlaqələrimiz ancaq bu müstəvidə inkişaf edə bilər”.
Hərbi ekspert Səxavət Məmmədin fikrincə, Azərbaycanın NATO ilə əməkdaşlığı digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə çox rahatdır: “Cənubi Qafqaz həm Rusiya, həm də NATO üçün çox əhəmiyyətlidir. Ona görə də hər iki tərəf Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyir. Müəyyən mənada müdaxilə etməyə də çalışırlar. Cənubi Qafqaz ölkələrinin birbaşa NATO ilə yüksək səviyyədə əməkdaşlıq etməsi onlar üçün müəyyən problemlər yarada bilər. Ona görə də istər Azərbaycan, istər Gürcüstan, istərsə də Ermənistan ehtiyatlı davranırlar. Çünki NATO ilə birbaşa yaxınlıq Rusiyanın birbaşa maraqlarına ziddir. Ancaq İranı da unutmaq olmaz. Azərbaycanın NATO ilə əməkdaşlıq etməsi Gürcüstan və Ermənistandan bir qədər daha rahatdır. Çünki Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir. Azərbaycan Ordusu Türkiyə ordu modelinə keçid etdi. Türkiyə də müəyyən sahələrdə, xüsusilə hava hücumundan müdafiə sahəsində Azərbaycanın təcrübəsindən yararlanır. Bakının birbaşa NATO ilə sıx əməkdaşlıq etməsi Rusiyada qıcıq yarada bilər, ancaq Azərbaycanın Türkiyə ilə münasibətləri Rusiyanı narahat etmir. Azərbaycan məhz Türkiyə xətti ilə NATO ilə müsbət münasibətlər içərisindədir. NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərin Azərbaycana səfərləri NATO-nun təkcə ölkəmizə olan marağından yox, həm də Cənubi Qafqaza olan marağından irəli gəlir”.
Onun sözlərinə görə, təsadüfi deyil ki, onlar daha öncə Ermənistanda səfərdə olublar: “Hazırda Cənubi Qafqazda bir balans formalaşıb. Rusiya və ABŞ Cənubi Qafqazda uzlaşma əldə ediblər. Ona görə də regionda sabitliyin olduğunu müşahidə edə bilirik. NATO hazırda vahid bir təşkilat kimi də fəaliyyət göstərə bilmir. Müəyyən mənada ABŞ ilə Avropa İttifaqı ölkələri arasında anlaşmazlıqlar olur. Bunu Rusiya-Ukrayna müharibəsində dəfələrlə müşahidə etmişik. ABŞ başqa xətt tutmaq istəyir, NATO-nun Avropa üzvləri isə ABŞ-ni onların xəttinə gətirmək istəyir. NATO-nun Şərqə doğru genişlənmə planlarının uğurlu olub-olmaması mübahisəlidir. Qərbdə bəzi dairələr bunun yalnış olduğunu deyir. Hətta ABŞ də bu fikirdədir. Ancaq Avropa dövlətləri sanki bu planı davam etdirmək niyyətindədir. Avropa dövlətlərinin bu qərarı Cənubi Qafqazda əldə olunmuş ABŞ-Rusiya uzlaşmasını poza bilər. Ona görə də Cənubi Qafqaz ölkələri bu məsələdə maksimum ehtiyatlı olacaqlar. Misal üçün, Tiflisin meri Kaxa Kaladze açıq şəkildə bildirdi ki, Rusiya Ukraynaya təcavüzə başlayanda Avropa ölkələrindən biri onlara təklif edib ki, onlar da müharibəyə başlasınlar. Ona görə də Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycan bu tip əməkdaşlıqda balansı qorumağa çalışacaq”.“Yeni Müsavat”






















