Nasizm və irqçilik sırf II dünya müharibəsi dövründə kəşf edilməyib. Bu ideya XIX əsrin sonu və XX əsrin əvvəllərində milliyyətçi Qərb ziyalıları arasında geniş yayılıb. Buna görə də bir çox ölkələrdə Nasional Sosialist Alman Fəhlə Partiyası ilə eyni vaxtda milliyyətçi partiyalar yaranıb və onlar kifayət qədər təsirli olublar.
II dünya müharibəsinin başlamasından sonra da onlar yalnız ən sadiq tərəfdarlarını saxlamaqla mövcudluqlarını davam etdiriblər. Odur ki, Veymar respublikası dövründə yaranan NSAFP-nin ideyaları təkcə Avropada deyil, Amerikada da geniş vüsət almağa başlayıb. Hətta nasistlərin sayı artdıqca artıb və onlar otaqlarda yox, küçələrdə nümayişlər keçirməyə qərar veriblər. Partiyanın ideyalarını dərindən öyrənən ABŞ rəsmiləri bu hərəkatın böyüməsinə qarşı çıxıblar.
Mafiya ilə hökumətin əməkdaşlığı
Amerikada kifayət qədər böyük həmkarlar ittifaqı hərəkatı olub və ən güclüləri tikinti sahəsini əhatə edib. Zənginlər üçün qəpik-quruşa işləyən yeni mühacirlər ara-sıra etiraz aksiyaları keçiriblər. Lakin tikinti sahəsində çalışanları “qoruyanlar” bu üsyanların qarşısını çox effektiv şəkildə alıblar.
Hətta boks üzrə dünya çempionu Sanni Liston bu cür işlərin başında dayanıb. Xüsusən də yəhudilər bu sahəni ələ keçiriblər. Onların adamları mafiya klanlarının təcrübəli döyüşçüləri olub.
Hökumətin özü nasistlərdən qurtulmaq istəyib, lakin buna qanuni yolla nail olmaq mümkün deyildi. Beləliklə, tanınmış hüquqşünas, keçmiş konqresmen və həmin dövrdə hakim işləyən Natan Perlmana nasistlərə qarşı mübarizə üsullarının işlənib hazırlanması əmri verilib. O, qanuni yolla amerikalı nasistlərin öhdəsindən gələ bilməyəcəyinə əmin olanda “mafiyanın mühasibi” Mer Lanskiyə zəng edib. İki yəhudi tez bir zamanda bir-birini başa düşüb və vəkil patronun təklif etdiyi pul və hüquqi dəstəyi də rədd edib.
Bundan sonra Hitler tərəfdarlarının mitinq və yürüşlərinin qarşısında bahalı italyan kostyumlarında olan güclü oğlanlar dayanıb. Nasistlərin ilk aksiyası 1938-ci ilin əvvəlində baş verib, burada almanəsilli ABŞ vətəndaşları “Amerikanı yenidən möhtəşəm etmək” yollarını müzakirə ediblər.
Beysbol zopasını əlinə alan mafiya üzvləri nasistlərə nəyi səhv etdiklərini başa salıblar və belə hadisələr ilboyu bütün belə yığıncaqlarda təkrarlanıb. Hətta bu məqsədlə qanqsterlər bütün şərq sahilindəki qonşu ştatlara da səyahət ediblər.
Bütün təzyiqlərə baxmayaraq, nasistlərin sayının çoxalması və Almaniyanın bir çox dövlətlərə meydan oxuması Amerikadakı mafiya üzvlərini ciddi narahat edib və onlar bu məsələni şəxsiləşdiriblər. Bir çox mafiya başçıları öz aralarında düşmənçiliyi kənara qoyub, nasistlərə qarşı birgə mübarizə aparmağa başlayıblar.
Mafiozlar nasistlərə qarşı
Minnesota ştatında intriqalı mafiya bossları Davi Berman və İsador Blyumenfeld Perlmanın xahişi ilə yerli nasistlərə qarşı vahid cəbhə qurmaq üçün müvəqqəti atəşkəs elan ediblər. Kaliforniyada isə belə bir razılıq Las-Veqasda qumar biznesinin qurucuları Mikki Koen və Baqsi Sigel arasında olub.
Daha sonra bəzi dairələrdə “yapışqan barmaqlar” kimi tanınan Perlman Al Kaponenin baş maliyyə müşaviri olan Ceyk Quzikə zəng edib. Bu dəfəki müzakirə mövzusu analoji aksiyaların Çikaqoda və Böyük Göllərin bütün digər böyük şəhərlərində keçirilməsi olub. “Böyük Al” işdə kömək etmək üçün şəxsi dostu, o vaxt yüngül çəkidə dünya çempionu olmuş yəhudi boksçu Ross Barnini də özü ilə gətirib.
Nəticədə, 1938-1939-cu illər ərzində amerikalı nasistlərin əksəriyyəti yəhudi qanqsterlər tərəfindən döyülüb. Bundan sonra onlar öz təşkilatlarının toplantılarına getməyi dayandırıblar və ideyalarını ictimaiyyət qarşısında nümayiş etdirməkdən çəkinməyə başlayıblar.
Nasistlər ABŞ konstitusiyasında onlara söz azadlığı verən 5-ci düzəlişə müraciət etməyə çalışıblar. Amma o zaman polislər əsasən mafiya tərəfindən idarə olunub deyə nasistlərin istəyi alınmayıb. Döyülənlərin çoxu ABŞ vətəndaşı olduğu üçün polisə müraciət ediblər. Lakin onları döyən dəstə üzvlərinin heç biri ciddi cəza almayıb.
Çünki Perlman əvvəlcədən ehtiyatla hərəkət etmək, sərt vurmaq, ancaq heç kimi öldürməmək barədə tapşırıq verib. Yəhudilərin armaturun köməyi ilə ədaləti necə əldə etmələri ilə bağlı dağıdıcı yazılar isə heç vaxt qəzetlərin manşetlərində yer almayıb. Buna görə də, müharibə başlayandan sonra Amerikada sakitlik olub.
Bu mafiyanın ABŞ hökumətinə ilk köməyi olmayıb. 1943-cü ilin əvvəlində Amerika və Britaniya qoşunları Siciliyaya daxil olmaqla bağlı birgə razılığa gəliblər. Çünki orada təyyarələri və zirehli texnikaları olan güclü İtaliya ordusu olub. İtalyanları həm də Vermaxtın elit tank bölməsi müdafiə edib. ABŞ-də mafiya üzvlərinin yerli əhali ilə apardıqları danışıqlardan sonra Amerika və Britaniya qoşunlarına Sicilyadakı nasistlərin əsas mövqelərinin koordinatları ötürülüb. Nəticədə almanların və onlar tərəfində döyüşən italiyalıların olduğu ərazilər darmadağın edilib.
Son müdafiə xətti Monte-Kammarata qalası olub ki, o da bir güllə atılmadan alınıb. Bundan sonra Amerika qoşunları Palermonu işğaldan azad edib. Siciliya mafiyası mükafat olaraq adanın ələ keçirilməsində göstərdikləri dəstəyə görə Amerika rəhbərliyindən bir neçə yük maşını və bir konteyner yanacaq alıb.
İlkin Nəcəf