17 oktyabr tarixində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyinin iştirakı ilə mediatur təşkil olunub.
Ulusal.az xəbər verir ki, tədbirin əsas məqsədi Naxçıvanın geniş turizm imkanlarını — xüsusilə ekoturizm, mədəni və sağlamlıq turizmi sahələrindəki potensialını nümayiş etdirmək, regionun turizm baxımından əhəmiyyətli obyektlərini ictimaiyyətə tanıtmaq və muxtar respublikaya turist səfərlərini təşviq etmək olub.
Mediatur çərçivəsində iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra KİV nümayəndələri Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən bir sıra turizm obyektlərinin fəaliyyəti və potensialı ilə tanış olublar. Onlar Ağbulaq kənd turizm zonası, Batabat dağ yaylası və oradakı hiking marşrutları, eləcə də Naxçıvan şəhəri yaxınlığında yerləşən “Duzdağ” Fizioterapiya Mərkəzi ilə yaxından tanış olublar.
Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2024-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üçün sosial-iqtisadi inkişaf Dövlət Proqramı” çərçivəsində Dövlət Turizm Agentliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair 2025–2027-ci illər üzrə Fəaliyyət Planı” hazırlanıb.
Bu plana uyğun olaraq, Naxçıvan iqtisadi rayonunda turizmin inkişafı, muxtar respublikanın turizm infrastrukturunun təkmilləşdirilməsi, müxtəlif turizm istiqamətlərinin (qış, kənd, ekoloji və s.) tətbiqi, xarici turoperatorların və media nümayəndələrinin səfərlərinin təşkili, turizm-rekreasiya zonalarının yaradılması, həmçinin regionun turizm potensialının beynəlxalq arenada tanıdılması istiqamətində işlər davam etdirilir.
Səfər zamanı mediatur iştirakçıları həmçinin Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi, Mömünə Xatun türbəsi, Açıq səma altında muzey kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və digər tarixi məkanları ziyarət ediblər.
Bundan əlavə, mediatur zamanı jurnalistlər regionun turizm potensialı və inkişaf perspektivləri ilə bağlı onları maraqlandıran suallara cavab alıblar. Bu, Naxçıvanın turizm imkanlarını daha yaxından öyrənməyə və onun gələcək inkişaf istiqamətlərini dəyərləndirməyə imkan yaradıb.