image-rt-reklam
image-1676098345_fotojet-2023-02-11t092214-896backend

Tarixin ən dağıdıcı zəlzələləri – SİYAHI

image-728x90

Bu günlərdə qardaş Türkiyə çətin sınaqla üz-üzədir. Milyonlarla insan zəlzələnin təsirinə məruz qalıb, itki sayı hər keçən gün artır. Bu təbii fəlakət son on ildə dünyada ən çox insan itkisinə səbəb olan zəlzələlərdən biri kimi tarixə düşüb. Hazırda Türkiyə öz tarixinin ən dəhşətli zəlzələsinin qorxunc yaralarını sarımaqla məşğuldur.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Qardaş Türkiyə tarixinin ən dəhşətli faciələrindən birini yaşayır. Böyük dağıntılar, insan tələfatı ilə nəticələnən zəlzələ tək qardaş ölkəni deyil, dünyanı sarsıdıb. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Türkiyə sadəcə cümhuriyyət tarixinin deyil, coğrafiyasının və dünyanın ən böyük fəlakəti ilə qarşı-qarşıyadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, Türkiyə və Suriyada ümumilikdə 23 milyondan çox insan zəlzələnin təsirinə məruz qalıb. Minlərlə insanın ölümünə səbəb olan bu zəlzələ son on ildə dünyada ən çox insan itkisinə səbəb olan təbii fəlakət kimi tarixə düşüb.

Əksər ölkələr Türkiyəyə yardım əlini uzadıb və bu ölkələr arasında Azərbaycan birinci olub. Bir faktı da qeyd edək ki, Türkiyə hökuməti zəlzələdən dərhal sonra dördüncü səviyyəli həyəcan siqnalı verib ki, bu da beynəlxalq yardım tələbi deməkdir. ÜST-nin Avropa fövqəladə hallar üzrə yüksək səviyyəli əməkdaşı Ketrin Smolvudun sözlərinə görə, ölənlərin sayı 20 mindən çox ola bilər. Zəlzələ xəbərləri dünya mediasında da gündəm olub.

Türkiyədə niyə tez-tez zəlzələ baş verir?

Zəlzələlərin tez-tez baş verdiyi Türkiyədə 1939-1999-cu illər arasında beş güclü zəlzələ olub. 1900-cü ildən bəri bu torpaqlarda baş verən 76 zəlzələdə 90 mindən çox insan həlak olub. Ölümlərin yarıdan çoxu 1939-1999-cu illər arasında olub. Bəziləri Türkiyədə baş verən zəlzələnin 80 il əvvəl yaşanan zəlzələ ilə eyni gücdə olduğunu deyirlər. College London Universitetinin seysmologiya üzrə mütəxəssisi Stefen Hiçks bildirib ki, 1939-cu ilin dekabrında Türkiyənin şimal-şərq hissəsində 7,8 bal gücündə baş verən zəlzələ nəticəsində 30 min nəfər ölüb. Sonuncu dəfə isə 2020-ci ilin yanvarında Türkiyənin şərqindəki Elazığ şəhərində baş verən 6,7 bal gücündəki zəlzələ 41 nəfərin həyatına son qoyub, 1600-dən çox insan yaralanıb.

Bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşən Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biridir. Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Ekspertlərin fikrincə, bölgənin ən böyük – Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır. Bu isə təkanların tez-tez baş verməsinə gətirib çıxarır.

Dünyada ən çox insan tələfatına səbəb olmuş 10 zəlzələ

Hər il dünyada yüz minlərlə zəlzələ baş verir. Onların çoxu zəif olduğu, yerin dərin qatlarında, okean və dənizlərdə baş verdiyi üçün insanlar adətən, xəbər tutmurlar. Yerüstü qatı silkələyən zəlzələlərdən 20-yə qədəri fəlakətlə nəticələnir. Yerin ani bir vaxt ərzində tektonik proseslərlə əlaqədar tərpənməsi – yəni zəlzələ – ən dəhşətli təbii fəlakət kimi tarixdə qanlı izlər qoyub. Elm inkişaf etdikcə zəlzələnin öyrənilməsi və təbii ki, onun fəsadlarının minimuma endirilməsində xeyli irəliləyiş var. Amma bu təbii fəlakətin dəqiq proqnozlaşdırılması hələ ki mümkünsüz sayılır. Tarixdə ən çox insan itkisinə səbəb olan zəlzələlərin tarixinə nəzər salsaq ilk növbədə 856-cı ilin 22 dekabr tarixində İranın Damğan rayonunda baş verən zəlzələni qeyd etməliyik. Bu zəlzələ zamanı 200 000-dən artıq insan həlak olub. Zəlzələnin gücü 7,9 bal qiymətləndirilib. 893-cü il 23 mart tarixində baş verən Ərdəbil zəlzələsinin gücü isə dəqiq məlum deyil. Fəlakət nəticəsində 150 000-dən artıq insan ölüb. 1138-ci ildə Hələb zəlzələsində 230 000 nəfərin öldüyü məlumdur. Dünya tarixinin ən güclü zəlzələlərindən biri də 1556-cı il 23 yanvar günü Çinin şimal-qərbində baş verib. 8 bal gücündə baş verən zəlzələ zamanı 830 000 nəfər həyatını itirib. Bu, bölgə əhalisinin 60 faizi deməkdir.

Çində 1920-ci il 16 dekabr tarixində 7,8 bal gücündə baş verən zəlzələ zamanı isə 200 000 adam həlak olub. Bundan başqa, 20 000-dən artıq insan küçələrdə donaraq həyatını itirib. Yaponiyada 1923-cü ilin sentyabrın 1-də Kanto bölgəsində baş verən fəlakət ölkə tarixinin ən dəhşətli zəlzələsi kimi yaddaşlarda qalıb. 7,9 bal gücündəki həmin zəlzələ Tokio və Yokohamada da ciddi fəsadlara yol açıb. 142 000 adam həlak olub, 380 000 ev tamamilə dağılıb.1948-ci il oktyabrın 5-də Aşqabadda 7,3 bal gücündə baş verən zəlzələdə 110 000-dən çox adam həyatını itirib. 20-ci əsrin ən çox insan itkisinə yol açan zəlzələsi isə Tyanşan zəlzələsi hesab olunur. 28 iyul 1976-cı ildə baş verib. 7,8 bal gücündə özünü göstərən təbii fəlakət zamanı 255 000 nəfər ölüb. Əhali isə ölənlərin sayının daha çox olduğunu iddia edib. 26 dekabr 2004-cü ildə İndoneziyanın Sumatra adası yaxınlığında 9,1 bal gücündə baş verən zəlzələ və onun ardından gələn sunami Cənubi Asiya və Afrikada 14 ölkədə hiss olunub. Nəticədə 227 000-dən çox insan həyatını itirib. 2010-cu ildə Cənubi Amerika ölkəsi Haitidə 7 bal gücündə baş verən zəlzələ zamanı 222 000-dən çox adam həlak olub, 300 000-dən artıq adam yaralanıb.

Dünya tarixində elə zəlzələlər var ki, onların böyüklüyü və törətdiyi dağıntılar yaddaşlarda iz qoyub. 22 may 1960-cı ildə Çilidə baş vermiş zəlzələ isə indiyə qədər ölçülən ən güclü zəlzələdir. Həmin zəlzələnin gücü 9,5 bal olub. Çili zəlzələsindən sonra meydana gələn sunami Sakit okeanda ciddi can və mal itkisinə səbəb olub. 28 mart 1964-cü ildə Alyaskada baş verən 9,2 bal gücündə zəlzələ ikinci ən güclü zəlzələ kimi tarixə düşüb. 3 dəqiqə davam edən həmin zəlzələ də sunamiyə səbəb olub.

Yeri gəlmişkən, Türkiyədə yaşanan son hadisə süni zəlzələ məsələsini də ortaya çıxarıb. Mütəxəssislər bir ağızdan bəyan edirlər ki, bu, mümkün deyil. Zəlzələ ocağı olmasa, süni zəlzələ yaratmaq da olmaz. Özü də süni zəlzələni asanlıqla təbiidən fərqləndirmək mümkündür.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90