Xəbər verdiyimiz kimi, Qurban bayramında İsveçin paytaxtı Stokholmda məscidin qarşısında Quranı yandıran İraq əsilli Salvan Momikanın “Haşdi-Şabi” terror qruplaşmasının üzvü olduğu üzə çıxıb. Bu qruplaşma isə İran tərəfindən dəstəklənir. Bu fakt Momikanın Türkiyə-İsveç münasibətlərinə zərbə vurmaq məqsədi ilə Quranı yandırdığını gün kimi aydın edir.
Mövzu ilə bağlı danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Salvan Momikaya ən sərt təpkinin İrandan gəlməsi və onların İsveçə səfir göndərməmələri şübhələnməyə əsas verir:
“Doğrudur, bir neçə müsəlman ölkəsi bu etiraza qoşuldu, amma ümumi gedişat göstərir ki, bu, İsveçin NATO-ya inteqrasiyası prosesinə böyük zərbə vurur. O cümlədən yalnız Türkiyə-İsveç münasibətlərini əngəlləmir. Bütövlükdə müsəlman ölkələri ilə İsveç arasında ciddi problem yaradır.
Digər tərəfdən, Avropada mərkəzi ölkələri silkələyən ciddi beynəlxalq sərmayə qoyuluşları var. Bu ölkələrin də bir növ stabilliyini tərpətməklə onları seçim imkanı qarşısında qoyurlar. Həm dövlətlər iqtisadi baxımdan borclanır, həm də bir növ Rusiyaya qarşı mübarizədə dövlətlərdən daha çox rol tələb edirlər.
İraq əsilli bir adamın Quranı yandırması İsveçin hazırda arzu etdiyi detal deyil”.
Siyasi şərhçi vurğulayıb ki, Türkiyə ilə münasibətlərin pozulması İsveçə böyük bir zərbədir:
“Bir neçə gündür Rusiyanın bu proseslə bağlantılarını yoxlamaqdadırlar. Nəyi yoxlayacaqlar? Tutaq ki, Rusiya Quranı yandırıb, amma İsveçin də dövlət rəhbərlərinin lazımi reaksiyası yoxdur.
İndiki məqamda Türkiyənin hansı addımı atacağını söyləmək çətindir – səfirlik səviyyəsində etiraz olacaq, səfir geri çağırılacaq, yoxsa hansısa diplomatik manevr predmeti olacaq. Bütövlükdə Türkiyənin sərt qərar verəcəyi masadadır”.
Ekspert xatırladıb ki, yanvarda da oxşar proses baş vermişdi:
“İsveçdə sağ milliyyətçilik cərəyanları, faşizm ideologiyası çox inkişaf edib. Demək olar ki, Quranın yandırılması İsveçdə tez-tez təkrarlanan prosesdir. Orada həm nasizmin inkişafı, həm də tez-tez Quran yandırma aksiyalarının baş verməsi imkan yaradır ki, bu hal İsveçdə icra olunsun. Halbuki İsveç NATO-ya üzv olmaq istəyən ölkədir”Musavat.com