“Ermənistanın KTMT-dan dəstək ala bilməməsində təəccüblü heç nə yoxdur. Çünki Ermənistan xaric təşkilatın bütün üzvləri ilə Azərbaycanın strateji müttəfiqlik və yaxud dostluq münasibətləri mövcuddur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputat qeyd edib ki, təşkilat üzvləri Paşinyanı mədəni şəkildə başa saldılar ki, sən heç kimsən.
“YAP-n 30 illik yubiley tədbirindəki çıxışında Prezident İlham Əliyev KTMT-yə üzv ölkələrlə Azərbaycanın dostluq münasibətlərini xüsusi qeyd etmişdi. Həmin ölkələr İrəvanda keçirilən sammitdən əvvəl konkret olaraq bildirmişdilər ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində birtərəfli mövqe tutmayacaqlar. Paşinyanın bütün səylərinə baxmayaraq, KTMT Azərbaycanı təcavüzkar ölkə olaraq tanımaqdan imtina etdi. Əksinə, dövlət başçıları Ermənistanı təşkilat qarşısında öhdəlikləri yerinə yetirə bilmədiyi barədə kəskin suallar ünvanladılar. Ona mədəni şəkildə başa saldılar ki, sən heç kimsən. Heç kimə cüzi də olsa, xeyiri dəymədiyi halda, hamıdan nəsə umur, hər kəsi özünə borclu hesab edir. Ona görə, ev sahibi ölkə üçün paradoksal olsa da, sammitin yekun bəyannaməsini imzalamaqdan imtina etdi. Bu da, Ermənistanın müstəqil, normal dövlət olmadığının göstəricisidir”.
Millət vəkili əlavə edib ki, hadisələrin hansı istiqamətdə cərəyan edəcəyi hər şeydən əvvəl Rusiya-Ukrayna müharibəsinin nəticələrindən asılıdır.
“Paşinyan müxtəlif qütblər arasında vurnuxur, hələlik gözləmə mövqeyi tutur. Yaranmış vəziyyətə görə, tərəflərdən həm iqtisadi, həm də siyasi dividentlər əldə etmək istəyir. İndiki halda, SSRi dövründə fəaliyyət göstərmiş Mehri-Ordubad dəmiryolunu Rusiya tərəfinin bərpa edəcəyi ilə bağlı razılıq əldə olundu. Ermənistan dəmir yollarının, ümumiyyətlə, iqtisadi subyektlərinin əksəriyyətinin Rusiyanın mülkiyyəti olduğunu nəzərə alsaq, onun Rusiyadan uzaqlaşması mürəkkəb məsələdir. Paşinyan qərbyönümlü siyasətin davam etdirilməsində son dərəcə maraqlıdır. Ancaq, onun və ölkəsinin müstəqil siyasət aparmaq potensialı sıfra bərabərdir. Tale Ermənistan üçün dövlət yox, qlobal güclərin əlində “alət” rolunu müəyyənləşdirib. Tarixi və geosiyasi şəraitdən asılı olaraq, hər zaman belə olacaq və biz buna hazır olmalıyıq. “Erməni məsələsi” beynəlxalq gündəmdən çıxarıla bilməz”.