Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, həmin Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevin yanında olması dünyaya növbəti mesaj oldu: “Hər zaman Azərbaycanın yanında olan Türkiyə İkinci Qarabağ müharibəsində qardaş dəstəyini göstərdi. Müharibənin başlandığı gündən sonadək mənəvi və siyasi dəstəyini göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında söylədiyi “Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı Zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq” fikirlər ilə bir daha bu birliyin, qardaşlığın sarsılmazlığını diqqətə çatdırdı. Postmünaqişə dövründə bu birlik işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Tarixi Zəfərimizdən sonra Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını, müttəfiqliyini rəsmiləşdirən Şuşa Bəyannaməsi münasibətlərin bundan sonrakı dövrünün aydın mənzərəsini yaradır.”
Millət vəkili vurğulayıb ki, tarixi Zəfərimizdən, Zəfər Paradından ötən iki il ölkəmizin həyatında mühüm hadisələrlə yadda qalıb: “Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu müddətdə işğaldan azad edilmiş ərazilərimizə çoxsaylı səfərlərinin hər biri tarixi hadisə olmaqla yanaşı, mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bütün ərazilərimiz müasir tələblər əsasında yenidən qurulur. Böyük Qayıdış proqramının uğurlu icrası öz nəticəsini verir. Son iki ildə Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səylər göstərir. Dövlət başçısı İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar, təsdiqlədiyi Dövlət proqramları da Azərbaycanın tarixi Zəfərinin təqdimatında və qəbul etdirilməsində əhəmiyyətli rol oynayır.”
Malik Həsənov onu da əlavə edib ki, Azərbaycan bu gün də Ordusunun gücünü, qüdrətini artırır: “Dövlət başçısı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradındakı çıxışında da qarşıdakı dövrün çağırışları öz əksini tapmışdı. Belə ki, cənab İlham Əliyev bildirdi ki, bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirlərin davamı olaraq qeyd etdi ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır.”
Millət vəkili bu ümumiləşdirməni aparıb ki, Zəfər paradı Azərbaycanın hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, keçilən yolun təhlili əsasında müəyyənləşdirilən yeni hədəflərin təqdimatı oldu.