Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin tarixi missiyası nəticəsində Azərbaycanın quruculuq, sabitlik və inkişaf dövrü başladı: “Ulu Öndərin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti imkan verdi ki, ölkəmiz bu çətin vəziyyətdən şərəflə çıxsın. Ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. Konstitusiyamız qəbul edildi. Dövlətçiliyin əsasları qoyuldu. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi olaraq iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verildi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. 1990-cı illərin ortalarında Ulu Öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri hazırda geniş vüsət alıb. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması iqtisadi imkanlarımızı böyük dərəcədə genişləndirdi ki, bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınır və nüfuz qazanıb.”
“1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illər sabitlik və inkişaf illəri kimi xarakterizə olunur. Azərbaycan xalqı 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verdi. Cənab İlham Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra ölkımizin həyatında yeni dövr başladı. Ümummilli Lider 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi. Bu əminlik də ifadə edildi ki, Onun axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev xalqın dəstəyi ilə axıra çatdıra biləcək. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. Güclü Azərbaycan dövləti quruldu. Sözün əsl mənasında, hər bir azərbaycanlı belə güclü, qüdrətli dövləti ilə fəxr edir. Dövlət başçısı İlham Əliyev YAP-ın yubiley tədbirindəki çıxışında bu statistik rəqəmləri də çatdırdı ki, 2003-cü ildən bu günə qədər iqtisadiyyatımız 3 dəfədən çox artıb. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir”,-deyə millət vəkili vurğulayıb.
Malik Həsənov qeyd edib ki, Azərbaycan Ordusu Qələbəyə hazırlandı. Bu gün qürurla qeyd edirik ki, rəşadətli Ordumuz cəmi 44 gün ərzində düşməni məhv edərək tarixi ədaləti, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısıdır.
“Ulu öndər Heydər Əliyevin siyasi vəsiyyətində, təbii ki, Qarabağ münaqişəsinin həlli xüsusi yer tuturdu. Bunun üçün bu illər ərzində bütün zəruri addımlar atıldı, birliyimiz, həmrəyliyimiz daha da möhkəmləndi. 44 günlük İkinci Qarabağ müharibəsi bütün imkanlarımızın təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. 8 noyabr 2020-ci il tarixi hamının yaddaşında əbədi qalacaq. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında tarixi Zəfərimizin yaratdığı qürur hissini önə çəkərək bu məqamı da xüsusi qeyd edir ki, o vaxt Ulu Öndərin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”,- deyə millət vəkili bildirib.
Malik Həsənov qeyd edib ki, artıq ölkəmizin həyatında yeni dövr başlayıb: “Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Soydaşlarımızın öz doğma yurd-yuvalarına Böyük Qayıdışının sürətləndirilməsi üçün səylər göstərilir, Fərman və sərəncamlar imzalanır, Dövlət proqramları, Milli Prioritetlər təsdiqlənir.”