1991-ci ildə müstəqilliyimizin bərpası ilə Azərbaycan BMT üzvü olan dövlətlərdən biri kimi dünya siyasi-iqtisadi sisteminə inteqrasiya olunmaq imkanı əldə etdi. Çoxsaylı beynəlxalq müqavilələrə və Konvensiyalara qoşulan gənc respublika qlobal və regional miqyaslı təşkilatlara üzv olmaqla bu və ya digər şəkildə dünyanın idarə edilməsi prosesində bilavasitə iştirakçı olmaq fürsəti əldə etdi. 1994-cü ildə Prezident Heydər Əliyevin NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” sazişinə imza atması ilə NATO-Azərbaycan əməkdaşlığının əsası qoyuldu. 1997-ci ildə isə ölkəmiz Avro-Atlantika Əməkdaşlıq Şurasına üzv olaraq NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açdı.
1999-cu ildən başlayaraq Azərbaycan Ordusunun hərbçiləri NATO-nun sülhməramlı əməliyyatlarında iştirak etməyə başlayıb. Keçən müddət ərzində Azərbaycan Respublikası Avropa və Avro-Atlantik məkanında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə fəaliyyət göstərib, Avropada və Cənubi Qafqaz regionunda vahid təhlükəsizlik sisteminin qurulması işində fəal iştirak edib. Bu məqsədlə ölkəmiz Avro-Atlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə mümkün olan bütün tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. Azərbaycan Silahlı Qüvvələrinin zabitləri “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində hər il 500-ə qədər təlim və seminarda iştirak edirlər. Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizədə NATO-nun ən fəal tərəfdaşlarından biri olaraq terrorçuluğa qarşı qlobal miqyaslı mübarizəyə mühüm töhfə verir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.
O qeyd edib ki, NATO ilə əməkdaşlıq Azərbaycana öz Silahlı Qüvvələrini dünyanın ən müasir standartları səviyyəsində yenidən qurmağa imkan yaradıb. Xüsusilə, NATO-nun əsas güc mərkəzi hesab olunan qardaş Türkiyə ilə aparılan əməkdaşlıq Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına çıxarıb. Ordumuz bu gücü işğalçı Ermənistana qarşı 2020-ci ilin Vətən müharibəsində və sonrakı illərdə həyata keçirilmiş antiterror əməliyyatlarında tam miqyasda nümayiş etdirdi.
NATO ilə Azərbaycan arasında Sülh və Təhlükəsizlik üçün Elm (STE) proqramı çərçivəsində də əməkdaşlıq edildiyini deyən deputat əəlavə edib: “Bu çərçivədə indiyədək həyata keçirilmiş 30 əməkdaşlıq layihəsi NATO tərəfindən maliyyələşdirilib. Bu layihələrə sərhədyanı rayonlarda suyun keyfiyyətinin yaxşılaşdırılması və içməli su təchizatının terror əməllərindən mühafizə olunması üzrə əməkdaşlıq daxildir. Bundan əlavə, NATO-nun yardımı ilə Xəzər dənizinin və digər su hövzələrinin ekoloji problemlərinin öyrənilməsi və elmi həlli yollarının hazırlanması üzrə layihələr həyata keçirilir. Beləliklə, 30 il ərzində davam edən NATO-Azərbaycan əməkdaşlığı hər iki tərəf üçün kifayət qədər faydalı və məhsuldar olub”.
C.Feyziyevin sözlərinə görə, NATO-nun Baş Katibi Yens Stoltonberqin ölkəmizə səfəri dünyada və bölgəmizdə sülhün və sabitliyin təmin edilməsi üçün bu əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında fikir mübadiləsi aparmaq imkanı yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş Katibinə bölgəmizdəki vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün Azərbaycan tərəfindən irəli sürülən sülh təklifi ilə bağlı aparılan ikitərəfli danışıqlar haqqında ətraflı məlumat verdi. Yens Stoltonberq Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirərək əməkdaşlığın davam etdirilməsində və Azərbaycanın yardım missiyasına ehtiyacın olduğunu bildirdi. NATO Baş Katibi COP-29 tədbirinin ölkəmizdə keçirilməsinə də münasibət bildirdi və Azərbaycanın dünyanı narahat edən qlobal problemlərin həllində konstruktiv iştirakını və böyük töhfələrini yüksək qiymətləndirdi. Yens Stoltonberq qeyd etdi ki, Azərbaycan qlobal miqyaslı problemlərin müzakirəsi, onların həll yollarının axtarılması və dövlətlərarası münasibətlərin münaqişə rejimindən qarşılıqlı faydalı əməkdaşlıq rejiminə keçiriliməsində mühüm rol oynayan ölkələrdən biridir. Hazırda bütün Avrasiya miqyasında hərbi-siyasi vəziyyətin gərgin olduğu bir zamanda da NATO ilə tərəfdaş ölkələr arasında məsləhətləşmələr xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə Azərbaycan da dünyada təhlükəsiziyin təmin edilməsinə öz töhfələrini verir.