Cavanşir Feyziyevin “Türk dünyası” başlığı ilə araya-ərsəyə gətirdiyi beşcildlik toplu intellektual zəhmətin dolğun bəhrəsidir. Bu əsər türk etnosuna dair tarixi gerçəklikləri əks etdirən universal xarakterli çoxsaylı faktologiya örnəklərini və bunları təhlil müstəvisinə cəlb edən şərhləri özündə ehtiva edir. Bütöv halda beşcildlik türk etnosunun tərkib hissələrini təşkil edən soyların, boyların və qövmlərin keçib gəldiyi tarixi dönəmlərdən, zaman-zaman daldığı fikir, xəyal məqamlarından söhbət açır, tarixin daş-tərəzisində türkün sanbalını dəlil və sübutlarla açıqlayır, çağdaş dönəmdə onun malik olduğu maddi və mənəvi resurslar haqqında dolğun təsəvvür yaradır, türk mənşəli xalqların birliyini zərurətə çevirən amilləri qabarıq tərzdə ön plana çıxarır və nəhayət, bu etnosa mənsub olan hər kəsi öz milli-mənəvi dəyərlərinə sarılmağa, tarixi yaddaşını diri saxlamağa çağırır.
“Türk dünyası” toplusunun “Türk xalqları” adı ilə təqdim edilən ikinci cildinin başlanğıcında miladdan əvvəl III minillikdən başlayaraq, miladın V əsrinədək davam edən zaman ərzində hunların Çinin şimal hissəsindən Avropanın mərkəzinə doğru irəliləməsindən və bununla da dünyanın etnoqrafik mənzərəsini əsaslı surətdə dəyişən “xalqların böyük köçü” prosesinə təkan verməsindən bəhs olunur. Bununla da, müəllif dünya miqyasında baş verən tarixi proseslərə türklərin həlledici təsir göstərdiyinə dair bir həqiqətə toxunaraq onu yaddaşlarda təzələyir.
“Hunlar”, “Göytürklər”, “Saklar”, “Avarlar”, “Xəzərlər”, “Buntürklər”, “Peçeneqlər”, “Sabirlər”, “Qıpcaqlar”, “Səlcuqlar” və s. bölmələrində nə az, nə çox – 33 qədim türk toplumunun tarixi taleyindən söhbət açılır.
Onların bir qismini etnogenez prosesi nəticəsində sonralar formalaşan çeşidli türk mənşəli xalqlar sahiblik və varislik iddiaları ilə öz qoynuna aldı. Digər kəsimi isə qeyri-türk xalqları tərəfindən assimilyasiyaya uğradıldı. Avropaya gələn ilk türk ulusu hunlar olmuşdur. Daha sonra avarlar, bulqarlar, peçeneqlər, uzlar, kumanlar Avropaya üz tutmuşlar. Onlar burada Bizansla savaşa girərək fəth etdikləri torpaqların hesabına öz dövlətlərini qurmuşlar. Lakin bu türk qövmləri ibtidai dinlərə iman gətirdiklərindən səmavi din olaraq meydana gələn xristianlığın təsiri önündə duruş gətirə bilməyib həmin dini təlimi qəbul etmişlər. Elə bu amil onların assimilyasiya prosesinə məruz qalmasına səbəb olmuşdur. Beləcə, 375-ci ildən 1190-cı ilədək davam edən zaman kəsiyində altı türk ulusu qeyri-türk xalqlarının içərisində əriyib yox olmuşdur.
Türkiyə tarixşünaslığında bu dövr “itirilmiş qövmlər dönəmi” ifadəsi ilə xarakterizə olunur.
C.Feyziyev əski türk toplumlarının tarixinə məxsus bir sıra mühüm faktlara istinad etməklə haqlı olaraq belə hesab etmişdir ki, tarixi yaddaş etnik şüuru hifz etmək üçün müstəsna əhəmiyyət kəsb edir.
Etnogenez mərhələsini başa vuran xalq artıq özünəməxsus bütün özəllikləri – simasını, mənəvi dəyərlərini, o sıradan əxlaq prinsiplərini, adını, bir sözlə, onu başqalarından fərqləndirən bütün mental cəhətləri mənimsəmiş olur. Bu baxımdan müəllifin Göytürklərə aid özəlliklərə diqqət yetirməsi yerinə düşür: “Türklərin mədəni siyasi tarixində önəmli yer tutan toplum olaraq türk identikliyini ilk dəfə bəyan edən göytürklər Orxon-Yenisey abidələrini yaratmaqla türklərin özünüdərkinin fundamental əsaslarını yaratmışlar. Bununla, Avrasiyanın tarixini ta qədimdən yazmağa başlayan türklər seçkin sivilizasiyanın təmsilçiləri olduqlarını dərk və təsdiq etmişlər”.
Etnogenez prosesinə dair nəzəri fikirlərdən birində bildirilir ki, etnosun özünəməxsus simaya malik toplum kimi meydana çıxmasınadək olan mərhələ etnogenez, onun başqa etnoslarla təmasda, onlara mədəni təsir göstərmə və onlardan mədəni təsirlənmə prosesində etnik simasını qoruyaraq yaşadığı dövr isə etnik tarix mərhələsi hesab olunur.
Əski türk uluslarından ibarət özül üzərində türk xalqlarının etnogenez prosesi davam etmiş, türk ruhu eyni mənşəli bir qövmdən digərinə keçmişdir. Bu mətləbdən söhbət açan müəllif əsərinin “Türk xalqları” bölümündə Türkiyə türkləri, Azərbaycan türkləri, başqırdlar, İraq türkmənləri, özbəklər, qazaxlar, qırğızlar, türkmənlər, uyğurlar, cəmi 39 türk mənşəli xalqın tarixi, onlara məxsus ölkələrin təbii – coğrafi şəraiti, demoqrafik durumu, mədəni nailiyyətləri haqqında yığcam məlumatlar verir.
Kitabda eyni zamanda dünya miqyasında fəaliyyət göstərən həm türk diasporunun, həm də ümumtürk qurumlarının fəaliyyəti işıqlandırılır.
Türk düşmənçiliyi mərəzinə yoluxan qüvvələr türk dünyasının min illərlə poladlaşmış gövdəsinin çat verəcəyini gözləyiblər. Lakin çağdaş dönəmdə türk mənşəli xalqların bir-birinə yaxınlaşması sübut edir ki, bu gözləntilər əbəsdir. Çünki türk kəlməsi ilə ifadəsini tapan vəhdət mənəvi, əxlaqi birlikdən, qandan və ruhdan irəli gəlir.
C.Feyziyevin beş cildlik “Türk dünyası” toplusu ruh, qayə etibarı ilə məhz bu gerçəkliyi təlqin etməklə yanaşı, etnik ruhu, tarixi yaddaşı dirçəldir.
Həbibulla Manaflı,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi