30 ildir Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına, Xocalıda, Gəncədə, Bərdədə, Tərtərdə insanlıq əleyhinə bəşəri cinayətlərə, bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvasından didərgin düşməsinə göz yuman Fransanın 44 günlük müharibədəki tarixi Zəfərdən sonra hərəkətə keçməsi ciddi müzakirələrə səbəb olub. Hətta iddialar mövcuddur ki, İkinci Qarabağ müharibəsindən sonra Fransa öz qoşunlarını əraziyə yerləşdirmək istəyib və məhz bu planı alınmadığına görə belə bir mürtəce addım atmaq qərarına gəlib.
Fransada təhsil almış və Eduard Heriot adına Mərkəzi Xəstəxasında çalışmış Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü Araz Bayramov AYNA-ya açıqlamasında deyib ki, Fransa müstəmləkəçi dövlətdir və rasizm siyasətindən imtina etməlidir: “44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə Azərbaycanın diplomatik müstəvidə də qələbəsini təmin etdi. Məhz bu tarixi zəfərdən sonra ölkəmizə qarşı təzyiqlər artmağa başladı. Xüsusən, Azərbaycanın beynəlxalq siyasətdə Türkiyə ilə bərabər addımlar atması Fransa və onun kimi türkofobiyadan əziyyət çəkən imperialist dövlətləri qıcıqlandırdı”.
“Fransa Senatının belə bir mürtəce qərar verməsinə səbəb olan amillər müxtəlifdir. Birincisi ənənəvi səbəbdir. Məlumdur ki, Fransada erməni diasporu güclüdür və onlar bütün fəaliyyətini Azərbaycana və Türkiyəyə qarşı yönəldiblər. Etiraf etmək lazımdır ki, onlar seçkilərin taleyinə də təsir edirlər. Bu səbəbdən həm mərkəzi hakimiyyət orqanında, həm də Senatda təmsil olunan fransızlar gələcək qələbələri naminə həmişə erməni diasporu ilə həmrəyliik nümayiş etdiriblər. Digər səbəb Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyanın Fransaya yaxın olması və rəsmi Paris tərəfindən dəstəklənməsi ilə bağlıdır”, – deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, Fransa 44 günlük müharibədəki qələbəmizdən sonra öz qoşunlarını Qarabağa yerləşdirmək niyyətində idi: “Hətta bu məqsədlə müxtəlif təzyiq alətlərindən də istifadə edirdi. Anlayanda ki, bu niyyətləri baş tutmur, Azərbaycanı təhdid etməyə başladılar. Əlcəzairdə, Kamerunda və digər ölkələrdə günühsız insanları kütləvi şəkildə qətliama məruz qoyan Fransanın “öz gözündə tiri görməyib özgə gözündə tük axtarması” beynəlxalq hüquqa arxa çevirməkdir. Necə olur ki, torpaqlarımızın işğalda qaldığı 30 il ərzində bircə bəyanat belə qəbul etməyən, Xocalıda günahsız insanların qətlinə laqeyd yanaşan Fransa birdən-birdə “insanlıq hamisi”nə çevrildi?!”.
“Heç şübhəsiz, bu qətanmə sırf siyasi səbəblər üzündən qəbul edilib. Fransa uzun müddət ATƏT-in Minsk Qrupunun həmsədri olub. Bu müddətdə heç bir real iş görməyib. Münaqişə bitəndən sonra həmsədr dövlət olaraq Azərbaycanı işğalçılıqda ittiham etməsi vaxtilə daşıdığı statusa da ziddir. Görünən odur ki, Fransa əndazəni aşır və ölkəmizi təhdid edir. Bütün hallarda Fransa hökumətinə təzyiqlər artmalı, Azərbaycanda fransız məhsulları baykot edilməlidir”, – deyə Bayramov vurğulayıb.
Əlavə edib ki, orada təhsil aldığı və çalışdığı illərdə dəfələrlə Fransanın yürütdüyü mənfur siyasətə qarşı etiraz aksiyaları təşkil ediblər: “Hətta şəxsən mənim dünyaca populyar televiziya kanallarına bununla bağlı müsahibələrim olub. Hesab edirəm ki, bu qərar Avropada və dünyanın müxtəlif yerlərində yaşayan diaspor fəallarımıza da bir dərs olmalıdır. Nəhayət, heç olmasa, bundan sonra Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində fəaliyyətimizi gücləndirməliyik. Müharibə hərbi müstəvidə başa çatsa da, informasiya və diaspor savaşı davam edir. Bunu unutmamalıyıq”.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə də AYNA-ya açıqlamasında deyib ki, erməni lobbisinin diqtəsi ilə Fransanın belə bir qətnamə qəbul etməsi beynəlxalq hüquqa ziddir: “Türkofobiya xəstəliyinə mübtəla olan fransız siyasətçiləri elə hesab edirlər ki, onlar hər şeyə müdaxilə etməlidirlər”.
“Tarixə ekskurs etsək, görərik ki, Fransanın etdiyi hər bir müdaxilə yekunda faciəyə səbəb olub. Afrikada, Ruandadakı qətliam, Fransanın keçmiş müstəmləkələrində baş verən faciələr bunu göstərir”, – deyə deputat söyləyib.
Mollazadə sual edir ki, Fransa belə demokrat ölkədirsə, doğrudan da, insan hüquqlarından yanadırsa, niyə bircə dəfə olsun Xocalı soyqırımına hüquqi qiymət verməyib: “Niyə Ermənistanın işğalçılıq siyasətinə etiraz etməyib? Səbəb bəllidir. Onlar nəyin bahasına olursa-olsun, Azərbaycan və Türkiyəni hədəfə alıblar. Amma bu qətnamələr nəticəsizdir. Çünki tamamilə əsassızdır və hüquq normalarına ziddir”.