Ermənistan xarici işlər naziri Ararat Mirzəyan Azərbaycan və Türkiyə prezidentləri daxil, xarici dövlət rəhbərlərinə rəsmi dəvətnamələr hazırlığına başladığını bildirib. Söhbət gələn ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammitindən gedir. Az öncə Baş nazir Nikol Paşinyan şifahi şəkildə İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğna dəvət göndərmişdi.
Parlamentin spikeri Alen Simonyan isə bu gün bəyan edib ki, İrəvan İlham Əliyev və Ərdoğanın sammitdə iştirakını təmin etməyə hazırdır. “Biz hər şeyi edəcəyik ki, Əliyev və Ərdoğan burada özlərini rahat və təhlükəsiz hiss etsinlər,” – Simonyan əlavə edib…
Hələlik nə Bakı, nə də Ankara məsələyə reaksiya verib. Ola bilsin, iki paytaxt rəsmi dəvəti gözləyir. Hərgah bu günə əsas gözlənti belədir ki, ikitərəfli münasibətlərin indiki səviyyəsi, Simonyanın təhlükəsizlik zəmanətinə rəğmən, özəlliklə İlham Əliyevin İrəvana səfərini mümkünsüz edir. Ona görə ki, Azərbaycan haqlı olaraq, öncə sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik tələb edir. Yeri gəlmişkən, orada qardaş ölkəyə də ərazi iddiası var.
Bir şey dəqiqdir: belə bir səfər təkcə Türkiyə-Ermənistan münasibətlərində yox, ən əvvəl Bakı ilə İrəvan sülh danışıqlarının yeni və pozitiv məcraya keçməsinə vəsilə olacağı təqdirdə, barışıq prosesin geridönməz xarakter alacağına əminlik olanda reallaşacaq…
Sözsüz ki, hazırda “ən yaxşı, ən ağıllı və ən praqmatik erməni” kimi Nikol Paşinyanın hakimiyyətdə qalması Azərbaycan və Türkiyəyə sərf edir. Hər halda Qarabağı ölkəmizin tərkib hissəsi sayan, qondarma “soyqırımı” xarici siyasətin prioritetləri siyahısından çıxaran və bununla Putini şoka salıb Mariya Zaxarovaya “dağ çəkən” ilk cəsarətli erməni lideri odur. Qonşularla barışıq prosesinə də məhz Nikol start verib və o da bunu yekunlaşdırmaq imkanındadır.
Bundan ötrü rəsmi Bakı və Ankara da Paşinyana daxili və xarici yırtıcalara qarşı mübarizədə müəyyən situativ köməklik göstərə bilər və artıq göstərir də. Ermənistana tranzit yüklərə qoyulan qadağaların götürülməsi buna sübutdur. Yəqin ki, davamı olacaq…

Sammitə gəlincə, tədbir növbəti parlament seçkiləri (iyun, 2026) və referendum ərəfəsinə təsadüf edəcək – əgər təbii ki, qabağa çəkilməzsə. Demək, may zirvəsi hakimiyyət üçün ictimai rəydə əlavə siyasi xal qazanmaq fürsətidir. Bu fürsəti Bakı və Ankara ondan ötrü xeyli əlverişli edə bilər.
Məsələn, Ərdoğanın İrəvana getməsi erməni baş nazirin sülh gündəliyini seçkilər öncəsi daha cəlbedici eləməklə yanaşı, radikal-revanşist düşərgəyə qarşı əlini gücləndirə bilər. Üstəgəl, Türkiyə liderinin Ermənistan səfərini ABŞ prezidenti Donald Tramp alqışlayacaq. O Tramp ki, 8 avqust üçlü Birgə Bəyannamə və sülh sənədinin Ağ Evdə paraflanması ilə artıq Güney Qafqazdakı böyük sülh quruculuğunun mühüm və vazkeçilməz faktoruna çevrilib.
Məyusluq keçirəcək tək ölkə də bəlli – Rusiya. Çünki “Türk xofu”nun, Türkə nifrətin zəifləməsi və ermənilərin qonşu xalqlarla barışığa can atması Kremlin mənfur imperiya maraqlarına daxilı deyil.
Ötə yandan, Nikol Paşinyan artıq iki dəfə ölkə rəhbəri qismində Türkiyədə səfərdə olub. Məntiqlə Ərdoğan da Ermənistanı ziyarət edə bilər – üstəlik, bu, sırf beynəlxalq tədbirdirsə və onun İrəvanda keçirilməsinə Bakı və Ankara razılıq veribsə. Bununla belə, Türkiyə liderinin Ermənistan səfərinin Bakı ilə razılaşdırılacağına şübhə yoxdur. İki prezidentin sammitə birlikdə qatılması da mümkündür…
“Prezidenti İlham Əliyevin sülh sazişinin imzalanması üçün Paşinyana ev tapşırığı var”.
Sammitə Azərbaycan dövlət başçısının qatılıb-qatılmayacağından danışan erməni politoloq Suren Surenyants bu fikirdədir.
“Mesaj aydındır: Əliyev sülh müqaviləsinin imzalanması üçün hələ “ev tapşırığı”nın olduğuna işarə edir. İlham Əliyev təzyiq rıçaqlarını saxlayır”, – Surenyants vurğulayıb və əlavə edib ki, gələcəkdə qarşılıqlı yüksək səviyyəli səfərlərin önünün açılması üçün İrəvanın sülh sazişi üzrə yerinə yetirməli olduğu öhdəliklər var (Teleqraf).
Bəs nə bilmişdiniz. Bütün hallarda “nə qədər mamaça olsa da, güc doğana düşər”…























