Bu gün səhər saatlarından etibarən “Leobank” istifadəçiləri mobil tətbiqə daxil olmaqda çətinlik çəkdiklərini qeyd edirlər. Bir sıra müştərilər tətbiqin ümumiyyətlə açılmadığını, digərləri isə köçürmə əməliyyatlarının tamamilə uğursuz olduğunu vurğulayırlar.
İstifadəçilər Musavat.com-a bildirirlər ki, tətbiqdə “yüklənir” mesajı görünür, lakin heç bir əməliyyat başa çatmır. Həmçinin, bir neçə istifadəçi qeyd edib ki, köçürmə keçsə belə, bank hesablarında heç bir dəyişiklik müşahidə olunmur – bu isə əməliyyatın gecikmə və ya səhv ilə tamamlanması ilə bağlı şübhələr yaradır.
“Leobank”ın “Google Play” və “App Store”da tətbiq səhifələrindəki rəylərdə də oxşar məzmunlu şikayətlər yer alıb. Xüsusilə, son dövrdə istifadəçilər “təkmilləşdirilməmiş sistem”, “tez-tez xətalar” kimi problemləri önə çəkirlər.
“Leobank”ın plastik kartlarına köçürmə sistemində ötən fevral ayında da genişmiqyaslı texniki problem qeydə alınmışdı.
“Leobank”dan məsələ ilə bağlı saytımıza bildirilib ki, texniki problem yaranıb və onun aradan qaldırılması istiqamətində iş aparılır. Qısa zamanda tətbiqin işi bərpa olunacaq.























