Tehran yeni uzaqmənzilli raketlərin sınağını həyata keçirib, hipersəs raketi Təl-Əvivə 4 dəqiqə ərzində çata bilər; hərbi analitik hədəfləri açıqladı – bölgədə təhlükə…
İran klerikal rejimi getdikcə həm öz xalqı, həm də bölgə dövlətləri və xalqları üçün daha böyük təhlükə mənbəyinə çevrilməkdədir. Buna dair növbəti faktı göstərmək olar – keçən həftə İran yeni uzaqmənzilli raketlərin sınağını həyata keçirib. “Tehran Tayms”ın yazdığına görə, yeni hipersəs raketi Təl-Əvivə 4 dəqiqə ərzində çata bilər.
“Raket həm Yer atmosferində, həm də ondan kənarda yüksək sürət və manevr imkanına malikdir. Yeni raket bütün hava hücumundan müdafiə sistemlərini yarmaq imkanındadır və mən düşünmürəm ki, onu tutmağa qadir yeni texnologiya yaxın onilliklərdə yaradıla bilər. O, düşmənin raket əleyhinə sistemlərini vura bilir və onun istehsalı yeni nəsil raketlərin hazırlanmasında böyük sıçrayış deməkdir” – bunu SEPAH-ın Aerokosmik qüvvələrinin rəisi Əmir Əli Hacızadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yeni raket səsdən 5 dəfə artıq sürətlə uçur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, hipersəs raketləri mürəkkəb trayektoriyalarla uça bilir və bu da onlara qarşı müdafiəni çətinləşdirir.
Bəs bu raketlər doğrudanmı İsrail HHQ üçün problem yarada bilər? Həmçinin strateji əhəmiyyətli enerji obyektlərimiz üçün hansısa təhdidlər mümkündürmü? Bu silahlara qarşı kontrtədbirlər nə olacaq? Bir də illərdir ağır sanksiyalar altında olan İran rejiminin raket texnologiyası sahəsində uğurlarının (o cümlədən kamikadze dronlarla bağlı və s.), həmçinin atom silahı yaratmağa bunca yaxınlaşmasının sirri nədədir? Ukrayna müharibəsində də İran dronlarının istifadə edilməsi təsdiqləyir ki, son illərdə cənub qonşu bu yöndə fəaliyyətini stimullaşdırıb. Düzdür, həmin PUA-lar Türkiyə istehsalı olan “Bayraktar”lar səviyyəsində deyil, lakin istənilən halda sanksiyalarla yaşayan dövlətin hərbi sənaye kompleksində bir inkişaf müşahidə olunur. İndi isə hipersəs raketlər sınaqdan çıxarılır və bu da bölgəyə yeni təhdidlər yarada bilər. Bəs Azərbaycan da hədəfdə ola bilərmi? Ümumiyyətlə, İran Azərbaycana qarşı hərbi eskalasiya həyata keçirərmi?
Ramil Məmmədli
Hərbi analitik Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İran son 15 ildə özünün müdafiə sənayesi sahəsində, xüsusən raket və digər rəqəmsal texnologiyalarda yeni layihələr həyata keçirməkdədir. Hərbi ekspertin fikrincə, bunun bəziləri uğurlu alınıb, bəziləri isə Qərb standartlarından aşağıdır: “Amma ortaya müəyyən nəticələr qoya bilirlər. Misal üçün ”Xeybər” adlı operativ-taktik raket kompleksini yarada biliblər. Bundan başqa, məsafənin uzadılması istiqamətində iş aparılıb. Burada rus mütəxəssislər, informasiya-texnologiya sahəsində olan mühəndislər iranlı mühəndislərlə birgə iş aparırlar. Hipersəs raketlərə gəlincə, bir il əvvəl Rusiya “Qılınc” hipersəsli raketini nümayiş etdirmişdi. Bir neçə gün əvvəl isə Çində aviasiya sərgisi keçirilirdi, Pekin də hipersəsli “H6K” raketini təqdim etdi. Bunun üzərindən bir ay keçdi və İran oxşar məlumat yaydı, bu istiqamətdə layihələr həyata keçirdiyini açıqladı. Bax, bu üçbucaq – Çin, Rusiya və İran elmi-nəzəri bazanı bir-birinə ötürərək ortaya bir məhsul qoya biliblər”.
R.Məmmədlinin fikrincə, buna Şərq hərbi blokunun vahid layihəsi də demək olar: “Növbəti addım İranın təqdimatı olacaq. Bu da nəinki İsrail, hətta Səudiyyə Ərəbistanı üçün də təhlükədir. Çünki İranın hərbi doktrinasında İsrail, Səudiyyə əsas hədəflərdir. Azərbaycana gəlincə, İranın ölkəmizə hərbi müdaxilə edəcəyi düşüncələri tamamilə yanlışdır. Bizim münasibətlərdə qarışılıqlı ittihamlar, birtərəfli açıqlamalar ola bilər, lakin hər hansı hərbi əməliyyata söykənən qarşıdurmalara gətirib çıxaracağını gözləmirəm. Çünki İranın daxilində bir Azərbaycan var, bu, təkcə coğrafi ərazi deyil, mənəvi məsələdir, ona görə Tehranın hər addımında bu faktor nəzərə alınır. Hətta Paşinyan da açıq şəkildə qeyd etdi ki, Bakı ilə Tehran arasında qarşılıqlı ittihamlar ola bilər, amma İranla Azərbaycanın hərbi toqquşmaları mümkün deyil. Odur ki, İranın hipersəsli raketlərinin bizə qarşı yönəldiyini düşünmürəm. Bəzi şərhçilər də yanlış yorumlar verirlər ki, bu da cəmiyyətdə çaşqınlıq yarada bilər”.