Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bayraktar Teknoloji Azərbaycan” MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin nizamnamə kapitalı 1,7 milyon manatdir.
Bəs “Bayraktar” PUA-larının istehsalçısının Azərbaycanda fəaliyyəti nədən ibarət olacaq?
Məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, bir müddət əvvəl Səlçuq Bayraktar və Haluk Bayraktarın Preident İlham Əliyev tərəfindən “Qarabağ” ordeni ilə təltif olunması “Bayraktar”ların Vətən müharibəsində uğurlu istifadəsi ilə bağlı idi. Bu addım “Bayraktar”ların gələcəkdə Azərbaycanda birgə istehsalını ehtimal etməyə əsas verirdi:
“Bu xəbər təbii ki, ictimaiyyətin ürəyincə oldu. Azərbaycan Türkiyə ilə “iki dövlət, tək millət”dir. Ona görə də Türkiyənin əldə etdiyi nailiyyətlər Azərbaycan üçün də əlçatan olmalıdır. Bu konteksdə təbii ki, əldə olunan razılaşma kifayət qədər ciddi əhəmiyyət daşıyır. Bu, Azərbaycan ordusunun döyüş potensialının gələcəkdə daha da gücləndirilməsi və müdafiə sənayemizin ixrac potensiallı məhsullar istehsalını genişləndirməsinə münbit şərait yaradacaq. Eyni zamanda bu addım yerli kadrların yetişdirilməsi baxımından da böyük əhəmiyyət daşıyır”.
Ədalət Verdiyev qeyd edib ki, Azərbaycanın bu sahədə əvvəllər də təcrübəsi olub: “İsrail il birgə PUA istehsalı sahəsində ciddi nəticələrimiz var. Birgə istehsal etdiyimiz silah sistemlərindən müharibədə uğurla istifadə edilib. Sadəcə, bu potensialın reallaşdırılması indi daha geniş vüsət alacaq”.
Qeyd edək ki, “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin qanuni təmsilçisi Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur. “Baykar Makina” “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.BakuPost