Bəziləri enerji içkilərini sadəcə “oyandırıcı içki” kimi qəbul etsə də, mütəxəssislər onları narkotik maddələrə bənzədirlər. Çünki tərkibində olan yüksək miqdarda kofein və şəkər uzun müddətdə bədənə ciddi zərər verir, hətta asılılıq yaradır.
Gənclər arasında sürətlə populyarlaşan bu içkilər, əslində, sağlamlıq üçün gizli bomba kimidir və düzgün istifadə olunmadıqda orqanizmdə ağır fəsadlara səbəb ola bilər.
Qida eksperti Fərid Səfərov enerji içkilərinin təhlükələrindən danışıb, onların tərkibindəki maddələrin insan orqanizminə necə zərər vurduğunu izah edib.
Deyib ki, enerji içkilərinin tərkibindəki yüksək miqdarda şəkər və kofein kimi maddələr ürək-damar sistemi, hormonal balans, yuxu keyfiyyəti və digər həyati funksiyalar üzərində mənfi təsir göstərə bilər:
“Bu səbəbdən belə içkilərin istifadəsi zamanı diqqətli olmaq və onların sağlamlığa olan təsirlərini bilmək vacibdir. Enerji içkilərinin “gizli qəhrəman”ları çox vaxt şəkər və kofein olur, amma zərərli təsirlərə səbəb olan tək maddələr bunlar deyil. Birincisi, şəkər və yüksək fruktoza siropu qanda şəkərin sürətli yüksəlişi, sonra isə kəskin enmə yaradır. Bu, insulin müqaviməti və 2-ci tip şəkərli diabet riskini artırır, həmçinin sürətli kilo artımı və qaraciyərdə piylənməyə səbəb olur”.
Ekspert qeyd edib ki, enerji içkilərindəki digər əsas maddə kofeindir:
“Kofein ürək döyüntüsündə sürətlənmə, təzyiqin yüksəlməsi, yuxusuzluq, əsəbilik və titrəmə yaradır. Yüksək dozalarda, yəni 400+ mq/gün, aritmiya və ürək tutması riski çoxalır. Enerji içkilərindəki yüksək doza taurin və kofein birlikdə ürək ritm pozğunluqlarını gücləndirə bilər”.
Fərid Səfərovun sözlərinə görə, enerji içkilərinin tərkibində süni rəngləndiricilər və aromatlar var ki, bunlar da sağlamlıq üçün təhlükəli ola bilər:
“Üçüncüsü, süni rəngləndiricilər və aromatlar (məsələn, E102, E110) bəzi insanlarda allergik reaksiyalar və mədə-bağırsaq narahatlıqları yaradır, uzunmüddətli yüksək istehlak isə toksik təsir riskini artırır. Qazlı struktur karbon qazı səbəbindən qıcqırma hissi yaradır və mədədə turşuluğu artırır. Bu, mədə xorası və reflüksü olanlarda simptomları ağırlaşdıra bilər”.
Ekspert uzun müddətli enerji içkisi istifadəsinin nəticələri barədə isə bildirib:
“Uzunmüddətli təsirlər çox ciddi ola bilər: yüksək şəkər və kofein ürək-damar xəstəlikləri riskini artırır, yuxu keyfiyyətini pozur, hormonal balansı və immuniteti zəiflədir, həmçinin asılılıq yaradır”.Musavat.com