image-rt-reklam
image-1backend

“İran Zəngəzur dəhlizinin açılmasından məhz buna görə narahatdır” – Politoloq  

image-728x90

Zəngəzur dəhlizi ətrafında gedən geosiyasi müzakirələr təkcə Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır. Bu məsələ, həmçinin regional və beynəlxalq güc mərkəzlərinin maraqları, nəqliyyat marşrutlarının yenidən formalaşması və enerji-logistika xəritəsinin dəyişməsi ilə sıx bağlıdır. Məhz bu kontekstdə İranın Zəngəzur dəhlizinə qarşı çıxışları və narahatlıqları daha aydın başa düşülə bilər.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq Arzuman Muradlı Ulusal.az açıqlamasında bildirib ki, İranın əsas qorxusu Zəngəzur dəhlizinin açılmasıdır və bunun ciddi səbəbləri var.

“İran Ermənistan ərazisindən istifadə edərək Gürcüstan üzərindən Qara dənizə, oradan isə Avropaya çıxış əldə etməyə çalışır. dəhlizi açılarsa və bu marşrut Türkiyə və Azərbaycanın birbaşa nəzarətinə keçərsə, İran hesab edir ki, Ermənistanın tranzit ölkə kimi rolu zəifləyəcək. Belə olan halda, İranın alternativ “şimal-cənub” istiqamətindən kənar qərbə açılan yeganə quru əlaqəsi – Ermənistan koridoru – geosiyasi əhəmiyyətini itirə bilər. Zəngəzur dəhlizi Türkiyə və Azərbaycanın fiziki olaraq birləşməsinə imkan yaradır. Bu, həm də türk dünyasının (Azərbaycan-Türkiyə-Mərkəzi Asiya) daha möhkəm iqtisadi və siyasi bağlar qurması deməkdir. İranın regional strategiyası isə tarazlığa söykənir – yəni bölgədə heç bir tərəfin üstünlük qazanmaması Tehran üçün önəmlidir. Azərbaycanın Naxçıvanla birləşməsi və Ankara-Bakı ittifaqının fiziki güclənməsi, İran üçün birbaşa təhlükə olmasa da, onun bölgədəki təsir imkanlarını zəiflədə bilər. İranın öz daxilində milyonlarla azərbaycanlı yaşayır. Tehran rəhbərliyi bu etnik faktorun siyasi və milli şüur baxımından “oyanmasından” çəkinir. Azərbaycanın geosiyasi və iqtisadi güclənməsi, regionda nüfuzunun artması, Zəngəzur dəhlizi kimi strateji layihələrin reallaşması İranın türk etnosu üzərindəki nəzarətini sarsıdacağına dair qorxuları dərinləşdirir. İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Hindistan-Rusiya-Avropa istiqamətində öz rolunu artırmaq niyyətindədir. Zəngəzur dəhlizi isə Çin-Türkiyə-Avropa xəttində mühüm bir alternativ kimi ortaya çıxır. Bu da İranın iştirak etmədiyi yeni logistika bloklarının yaranması deməkdir. Tehran üçün bu, həm iqtisadi, həm də geostrateji baxımdan məqbul deyil.” -deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, İran prezidentinin dəhlizlə bağlı xoş sözləri belə SEPAH-a bağlı medianın qəzəbinə tuş gəlib.

“İranda xüsusilə SEPAH  və ona bağlı media orqanları Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistan arasında baş verən istənilən hərəkəti diqqətlə izləyir. Bu media vasitələrində dəhlizin açılması “Türkiyə və Qərbin regiona yerləşməsi”, “İranın mühasirəyə alınması” kimi təqdim olunur. Azərbaycan və Türkiyənin əməkdaşlığı, Azərbaycanın Ermənistan üzərində artan təsiri mənfi kontekstdə təqdim edilir. Bu, İranın daxili auditoriyasını hazırlamaq və hökumətin sərt mövqeyini əsaslandırmaq üçün istifadə olunan bir mexanizmdir. İran Zəngəzur dəhlizinə qarşı deyilmiş kimi görünməyə çalışsa da, onun istəyi bu dəhlizin nəzarətsiz və birtərəfli şəkildə – xüsusilə Azərbaycan və Türkiyənin üstün mövqeyi ilə – açılmamasıdır. Tehran ya dəhlizin regional nəzarətdə olmasını, ya da ən azı Ermənistanın həmin marşrut üzərində tam suverenliyinin qorunmasını istəyir. Bu halda İran, Ermənistan üzərindən keçən öz tranzit xətlərini və təsir imkanlarını qoruyub saxlaya bilər.” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90