image-rt-reklam
image-abs_ermenistanbackend

ABŞ demokratiyası və qlobal geo-siyasi oyunlar

image-728x90

ABŞ Konqresində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı dinləmələrin keçirilməsinin beynəlxalq hüquq və siyasi etika ilə heç bir əlaqəsi yoxdur. Belə bir müzakirənin Azərbaycanın mövqeyini aydınlaşdırmadan təşkil edilməsi öz-özlüyündə bu tədbirin müstəsna olaraq erməni lobbisinin istəyi əsasında təşkil olunduğunu və sırf erməni lobbisinə xidmət olduğunu göstərir. ABŞ dövləti bir tərəfdən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına “töhfə” vermək arzusunda olduğunu bildirsə də digər tərəfdən ABŞ Konqresi ölkəmizin ərazisində separatizmi dəstəkləmək cəhdləri göstərir. Belə ziddiyyətli gedişlərdə ABŞ siyasətinin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür. Torpaqlarımızın işğal altında olduğu 30 il ərzində ABŞ həmişə qeyri-müəyyən mövqe sərgilədi. Heç vaxt birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək istiqanmətində əməli addım atmadı.
Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanı ərazini Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi adlandıran ABŞ rəsmiləri Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qəti mövqe ortaya qoymadılar. Əksinə, Qarabağ ərazisində qeyri-qanuni qurum yaratmağa cəhd edən separatçılara hər il maddi yardım göstərməklə daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı. Hələ 1993-cü ildə ABŞ Konqresinin “Azadlığa dəstək Aktı”na 907-ci düzəlişi təcavüzkara yox, əksinə təcavüzə məruz qalan tərəfə sanksiya tətbiq etməyin nadir nümunəsi idi. Doğrudur, bu düzəlişin fəaliyyəti hər il ABŞ Prezidentinin qərarı ilə qüvvədən salınsa da ABŞ rəhbərliyi bu yanlış addımın nəticələrinin birdəfəlik aradan qaldırılması üçün bu günədək heç bir addım atmayıb.
Münaqişənin davam etdiyi bütün illər ərzində ABŞ ATƏT MQ-nin həmsədri kimi də heç bir iş görmədi. Bu təşkilat və onun həmsədrlərindən biri olan ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi. Separatçılar ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait topladılar. ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin göstəricisidir. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi.
Bütün bunlarla yanaşı ABŞ-ın Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri də həmişə davam etdirilib. Uzun illər müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda dövlət quruculuğuna, dövlətin daxili sabitliyi və regional təhlükəsizliyi qoruyub saxlamaq cəhdlərinə dəstək vermək əvəzinə maneələr yaratmaq ABŞ siyasi rəhbərliyinin aydın müşahidə edilən yanaşması olub. Azərbaycan uzun illər ABŞ-ın bölgəmizdə apardığı geosiyasi oyunlardan əziyyət çəkib, bəzi hallarda isə hətta ölkəmizdə hakimiyyət çevrilişinin reallaşdırılmasına da cəhdlər göstərilib. Siyasi müxalifətin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsi yolu ilə ölkədə vətəndaş itaətsizliyi mühitinin yaradılması istiqamətində ardıcıl iş aparılıb. Bütün bunların əsas məqsədi o idi ki, Azərbaycanda ABŞ-ın maraqlarına sözsüz itaət edən hakimiyyət formalaşsın və bu qərbpərəst hakimiyyətin əli ilə Azərbaycan ərazilərinin işğalı legitimləşdirilsin. Bütün bu cəhdlərdə ABŞ-ın müttəfiqləri olan bəzi Avropa dövlətləri də öz “töhfələrini” əsirgəməyiblər. Xoşbəxtlikdən bütün bu cəhdlər uğursuzluqla nəticələndi.
Bütün bunlara baxmayaraq Azərbaycan siyasi rəhbərliyi Qlobal Qərbin Cənubi Qafqazla bağlı qlobal oyununu pozmağa nail oldu və 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını öz gücünə işğaldan azad etdi. Lakin belə bir gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu ABŞ, Fransa və digər bu kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Buna görə bu gün də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, bəzi görüntülər yaratsa da əslində beynəlxalq hüquq və normaların müdafiəsi naminə birmənalı qəti mövqe nümayiş etdirmir.
ABŞ ölkəmizdə daxili sabitliyin pozulmasına istiqamətlənmiş addımlarını hələ də davam etdirməkdədir. 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, LGBT, “feministlər”, və Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır. Bu məqsədlə qatı ermənipərəst və antitürk, anti-azərbaycan mövqeyi ilə tanınan Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır. Azərbaycan isə hələ də bütün təzyiqlərə müqavimət göstərməkdə davam edir.
ABŞ-ın bu yanaşması təkcə Cənubi Qafqaz bölgəsi ilə bağlı deyil. Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiyanın böyük bir hissəsi hal-hazırda Amerikanın siyasi oyunları üçün poliqon rolunu oynayır. Bir neçə illər əvvəl “ərəb baharı” adı altında Yaxın Şərq ölkələrində silsilə ardıcıllığı ilə baş verən dövlət çevrilişləri də bu geo-siyasi oyunların qanlı görüntüləridir.
Belə təsəvvür yaranır ki, dünyada mövcud olan bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır, bütün siyasi oyunların isə bir məqsədi var: hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etmək. Bütün bu oyunlar demokratiya, insan hüquqları, sülh və sabitlik haqqında gen-bol danışmağa vərdiş etmiş ABŞ-ın siyasətinin əsl mahiyyətini açıq-aşkar göstərir. Əsl mahiyyət isə ondan ibarətdir ki, “azadlıq”, “demokratiya”, “insan haqları” kimi idealllar artıq çoxdan sivil dünyanın məqsədləri və məramı olmaqdan uzaqlaşıb qlobal Qərbin maraqlarını təmin etmək alətinə çevrilib.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90