ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında Ankarada baş tutan mətbuat konfransında gərgin anlar yaşanıb.
Gərginliyə səbəb Blinkenin ABŞ-ın Suriya ilə bağlı terror təşkilatı PKK/YPG-yə dəstəyini xatırladan jurnalistin, “ABŞ qarşıdakı dövrdə Türkiyənin təhlükəsizlik problemlərini həll etmək üçün nə edəcək?” sualına verdiyi cavab olub.
“Türkiyənin cənub sərhədləri ilə bağlı təhlükəsizlik məsələlərini anlayırıq. Ümid edirəm ki, DEAŞ ilə bağlı narahatlığımızı anlayırlar. Burada Türkiyə ilə yaxından əməkdaşlıq etməyə davam edəcəyik. Amma hazırda diqqətimiz Suriya xalqına kömək etməkdir”, – deyə Blinken bildirib.
Çavuşoğlu isə Blinkenə cavabında bunları deyib: “Biz terror təşkilatı ilə əməkdaşlıq etməyin hər zaman yalnış olduğunu deyirik. Bu, ölümcül bir xətadır. PKK-nın DEAŞ-la mübarizə apardığı iddiasının doğru olmadığını hər zaman sübut etmişik. Ona görə də DEAŞ-la mübarizədə PKK-ya dəstək verməyi düzgün görmürük. NATO olaraq hər cür terror təşkilatı ilə mübarizə aparmalıyıq”.