image-rt-reklam
image-11backend

“Türklərin mənşəyi” məqaləsini yazan yəhudi müəllimi erməni müstəntiq güllələtdi…

image-728x90
“Uzun çəkən təhqir və işgəncələr əlbəttə ki, professor Bukşpana psixi təsir göstərməyə bilməzdi. Məhz bunun nəticəsində o, kamerada olarkən iki dəfə intihar etməyə cəhd göstərmişdir…”
“Lakin o, bütün təzyiqlərə, işgəncələrə baxmayaraq 1937-ci il sentyabrın 26-da istintaqın başa çatması ilə əlaqədar tərtib edilən protokolda ona verilən ittihamlarda özünü günahkar hesab etmədiyini bildirmişdir…”
“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir…
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir…
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
(Əvvəli burada:)
“Müəllim: Aleksandr Bukşpan
BDU-nun  professoru, eyni zamanda Azərbaycan Pedaqoji İnstitutunda tarix fakültəsində kafedra müdiri vəzifəsində işləyən, milliyətcə yəhudi olan, 1898-ci ildə Odessada doğulmuş Aleksandr Semyonoviç Bukşpan günahsız yerə repressiyaya məruz qalan elm adamlarından biri olmuşdur.
1921-ci ildən ÜİK(b)P-nin üzvü olan Bukşpanın anket məlumatlarından aydın olur ki, onun ailə tərkibi aşağıdakı kimi olmuşdur. ”…Həyat yoldaşı Nina, 38 yaş; oğlu Arkadi 13 yaş; qızı Nata 8 ay; anası Liza 61 yaş; atası Semyon 68 yaş”.
Cinayət materialının içərisində ilk səhifədə qeyd edilmişdir ki, A.Bukşpan Tixomirov və Çiçikalovun ifadələrinə əsasən 1937-ci il yanvarın 26-da Azərb. SSR cm-nin 72 və 73-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilmişdir. Ancaq, cinayət işinin üzərində başlanğıc 28 yanvar 1937,qurtardığı tarix isə 2 sentyabr 1937-ci il göstərilmişdir. Göründüyü kimi, cinayət işindəki saxtakarlıq, müstəntiqin özbaşınalığı, cəzasızlığına əminliyi dərhal gözə çarpır.
1937-ci il yanvarın 31-də SSRİ EA-nın Azərbaycan filialının rəyasət heyətinin qərarı və Tarix, Arxeologiya, Etnoqrafiya İnstitutunun əmri ilə A.S. Bukşpan xalq düşməni kimi işdən çıxarılmışdır.
Bukşpanın ilk istintaqı 29 yanvar 1937-ci ildə keçirilmlşdir.
Müstəntiq milliyətcə erməni olan Xoren Qriqoryan olmuşdur. Onun A. Bukşpana ilk sualı “Sən əks-inqilabi trotskiçi təşkilatın üzvüsən. Bunu etiraf edirsənmi?” olub.
“Cavab: Mən əks-inqilabi trotskiçi təşkilatın üzvü olmamışam. Sual: Sənə düz danışmağı təklif edirik. Istintaq tərəfindən müəyyən olunmuşdur ki, əks-inqilabi trotskiçi təşkilatın üzvüsən. Cavab: Mən yenə də deyirəm ki, əks-inqilabi trotskiçi təşkilatın üzvü olmamışam. Sual: Əks-inqilabi trotskiçilərdən kimləri tanıyırsınız?”
Bukşpan artıq həbs olunmuş Çiçikalov, Tixomirov, Nikolayev, Safronoviç, Drabkinin və başqalarının soyadlarını söyləyib.
1-4 fevral 1937-ci ildə keçirilən ikinci istintaq faktiki olaraq dörd gün fasiləsiz davam etmişdir. Bu müddərdə yalnız müstəntiqlər dəyişilmişdir.
Müstəntiq yenidən təqsirləndiriləndən “Əks-inqilabçı millətçilərdən kimləri tanıyırsan?” sualına cavab verməyi tələb edib. Bukşpan bu dəfə həbs olunmuş İbrahim Eminbəylinin, Vəli Xuluflunun, Həsən İmanovun, Ağamir Məmmədovun, Balabəy Həsənbəyovun, Dadaş Bünyadzadənin, Tağı Şahbazinin və Ruhulla Axundovun adlarını çəkib.
İstintaq materiallarından aydın olur ki,Bukşpan dörd gün ərzində ayaq üstə, hətta oturmağa, yaxud divara söykənməyə icazəsi olmadan, fasiləsiz bir-birini əvəz edən müstəntiqlərin sorğu-sualları altında istintaq edilmişdir.
Bu istintaqdan üç gün sonra baş tutan, üç gün davam edən növbəti istintaqda müstəntiq   Bukşpandan Vəli Xuluflu, Tixomirov və Safranoviçlə əit əlaqələri ilə bağlı geniş məlumat verməyi tələb etmişdir. Lakin o, həmin şəxslərlə belə əlaqəsinin olmadığını bildirmişdir.
Ancaq belə cavab müstəntiqi qane etmədiyindən o, təzyiqi daha da artırmaq taktikasını seçib.
“Sual: Sən 1923-cü ildən həbs olunan günədək partiya sıralarında ikiüzlü rol oynamısan. Bu istintaqa dəqiq məlumdur. Müqaviməti dayandırmağı və düz danışmağı təklif edirik.
Cavab: Mən heç vaxt ikiüzlülük etməmişəm.
Sual: Sən əks-inqilabçı, terrorçu Trotskinin təbliğ etmisən.
Cavab: Heç vaxt  əks-inqilabçı Trotskini təbliğ etməmişəm”.
İstintaqın gedişindən aydın olur ki,1937-ci il fevralın 10-da keçirilən dördüncü istintaqda müstəntiqin sualından sonra ”qəflətən” hər şey A.S.Bukşpanın yadına düşüb və o, səmimi “etiraf etmək”qərarına gəlib.
“…Etiraf edirəm ki, gizli əks-inqilabi təşkilatın ifşa olunmasına kömək etməmişəm. Özüm gizli əks-inqilabi trotskiçiyəm, partiya sıralarında ikiüzlü rol oynamışam”.
13-16 fevral 1937-ci ildə keçirilən beşinci istintaq da ikinci istintaq kimi dörd gün davam edib.
Müstəntiq təqsirləndirilənə təkrar olaraq professor Qubaydullin, Çiçikalov və Safranoviçin əks-inqilabi fəaliyyəti ilə bağlı bildiklərinin hamısı haqqında ətraflı məlumat verməyi tələb etmişdir. O, Qubaydullinin əks-inqilabi fəaliyyəti haqqında danışarkən bildirmişdir ki, onun əks-inqilabçı müsavatçılardan Hüseyn Cavid, Ələsgər Ələkbərov, Dövlət arxivinin direktoru Bayramov, həmin arxivin işçisi Gülnəzərov, Çobanzadə, Tixomirovla əlaqədə olmuşdur.
“Özümə gəldikdə isə mən  pantürkist Qubaydullinlə əlaqə saxlayıdım. Yaxın Şərq tarixinin öyrənilməsi sahəsində onun şagirdi idim”.
Z.Bünyadov doğru olaraq belə qənaətə gəlmişdir ki, “Uzun çəkən təhqir və işgəncələr əlbəttə ki, professor Bukşpana psixi təsir göstərməyə bilməzdi” . Məhz bunun nəticəsində o, kamerada olarkən iki dəfə intihar etməyə cəhd göstərmişdir. Bununla bağlı 1937-ci il martın 26-da yazılmış aktda göstərilir: “36 nömrəli təkadamlıq kamerada   saxlanan Bukşpan iki dəfə mələfədən ip kimi istifadə edib özünü öldürməyə cəhd göstərmişdir. Lakin nəzarətçilər tərəfindən bu səylərin qarşısı vaxtında alınmışdır”.
Bundan sonra müstəntiq Qriqoryan istintaqın başa çatdırılması zərurəti ilə əlaqədar olaraq Bukşpanın həbsxanada saxlanılma müddətini iki dəfə uzatmaq haqqında qərar qəbul etmışdır.
Bukşpanın altıncı istintaqı 14 iyul 1937-ci ildə olmuşdur.
Müstəntiq ondan əit təşkilatın üzvü kimi oradakı fəaliyyətindən geniş məlumat verməyi tələb etmişdir. Ancaq cavab müstəntiq üçün gözlənilməz olmuşdur.
“Qəti surətdə bildirirəm ki, mən əks-inqilabi trotskiçi təşkilatın üzvü olmamışam və onun fəaliyyəti haqqında heç nə bilmirəm”.
Maraqlıdır ki, bu istintaqa qədər Qriqoryan Bukşpanı əit fəaliyyətdə, belə dünyagörüşdə olanlarla birlikdə olmaqda ittiham edirdisə, indi onu qəflətən pantürkizm və panislamizmi yaymaqda günahlandırmağa başlayıb.
“Sən pantürkist və panislamist ideyaların fəal təbliğatçılarındansan .Bunu etiraf edirsənmi?”
Lakin o, Qriqoryanın həqiqətlə heç bir əlaqəsi olmayan bu ittihamını rədd etmişdir. Ancaq müstəntiq bu cavabla kifayətlənməyərək həmin istiqamətdə təzyiqlərini bir qədər də artırmaq xəttini seçib.
“Sual: Sən “Türklərin mənşəyi haqqında” məqaləndə türk xalqlarının birliyi ideyasını sübut etməyə çalışmısan.
Cavab: Mənim belə bir məqaləm olmayıb. “Qədim türk dövlətlərinin birləşməsinin mənşəyi haqqında” hesabatım olub və burada da mən türk xalqlarının birliyi ideyasının sübutuna çalışmamışam”.
1937-ci il iyunun 19-da keçirilən yeddinci istintaqda müstəntiq Bukşpandan həbs edilmiş əmisi oğlu Jakov Bukşpanın professor Qurko-Kryajin, Xocayev, Qubaydullin və Xuluflu ilə olan əks-inqilabi əlaqələri barədə suallar verib. Ancaq  Bukşpan belə əlaqələr barədə hər hansı məlumata malik olmadığını bildirmişdir.
1937-ci il sentyabrın 20-də keçirilən sonuncu istintaqda Bukşpan “gizli yığıncaqda terror haqqında məsələnin müzakirəsində” iştirakını rədd edib. Eyni zamanda digər ittiham olunan müttəhimlərin ona qarşı verdikləri bütün ifadələrin doğru olmadığını bildirir.
A.Bukşpan bütün təzyiqlərə, işgəncələrə baxmayaraq 1937-ci il sentyabrın 26-da istintaqın başa çatması ilə əlaqədar tərtib edilən protokolda ona verilən ittihamlarda özünü günahkar hesab etmədiyini bildirmişdir.
1937-ci ilin avqusunda istintaqın başa çatması ilə bağlı tərtib edilən protokolda  müstəntiq Qriqoryan A.S.Bukşpanı aşagıdakılarda ittiham etmişdir:
“1936-cı ilin axırlarında Azərb. SSR XDİK DTİ tərəfindən Ümumittifaq trotskiçi-zinovyevçi terrorçu təşkilatla ilə əlaqədar olan Bakıdakı  əks-inqilabi trotskiçi terrorçu təşkilat aşkar etmiş və dağıtmışdır. Təşkilat qarşısına  ÜİK(b)P və sovet hökuməti rəhbərləri əleyhinə terror tətbiq etmək vəzifəsini qoymuş, cəsusluq, ziyankarlıq,  təxribatçılıq işi aparmış, Bakıda silahlı üsyan hazırlamışdır.
1898-ci il təvəllüdlü, Azərbaycanın bir çox ali məktəblərinin professoru Aleksandr Semyonoviç Bukşpan itiham edilir, ondan ötrü ki:
1.1934-cü il dekabrın 1-də S.M.Kirovun xaincəsinə öldürülməsini həyata keçirən və sonrakı illərdə partiya və sovet hökuməti rəhbərlərinə qarşı terrorçu aktlar hazırlayan əks-inqilabi trotskiçi-zinovyevçi terrorçu təşkilatın üzvüdür;
2. 1927-1937-ci illərdə, on il müddətində Ümumittifaq əks-inqilabi pantürkist təşkilatın üzvlərindən professor Çobanzadə və Qubaydullinlə əks-inqilabi əlaqə saxlamış, onların əks-inqilabi fəaliyyətindən xəbərdar olmuş və praktik olaraq özü də əks-inqilabi millətçi xarakterli iş aparmışdır, yəni Azərbaycan SSR cm-nin 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə təqsirləndirilmişdir.
Əvvəllər A.S.Bukşpan əks-inqilabi trotskiçi söhbətlər apardığı üçün özünü günahkar bilmişdi, sonra isə verdiyi ifadələrdən tamam imtina etmişdir”.
1937-ci il oktyabrın 11-də saat 16.30 da SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar sessiyasının bağlı məhkəmə iclası olmuşdu. Vəziyyətinin ağırlığına, təzyiqlərə baxmayaraq  A.S.Bukşpan məhkəmədə günahkar olmadığını bildirmişdir.
Sədr Çiçikalovun, Çobanzadənin və Tixomirovun onun əks-inqilabi təşkilatın üzvü olması barədə verdikləri ifadələri oxumuşdur. Bukşpan bildirmişdir ki, yaxşı tanıdığı bu adamların verdikləri ifadələr böhtandır.
Müttəhim son sözdə demişdir ki, “…heç vaxt trotskiçi olmamışdır və günahının gərgin əməklə yerinə yetirilməsi üçün bağışlanmasına imkan yaradılmasını xahiş edir”.
1937- ci il oktyabrın 10-da SSRİ Ali Məhkəməsinin Matuleviç,Zaryanov və Jiqurdan ibarət Həhbi Kollegiyasının Səyyar sessiyyasının hazırlıq iclası keçirilmişdir. İclasda qərara alınmışdır ki, qapalı məhkəmə iclasında Azərbaycan SSR cm.70,73-cü maddələri üzrə məhkəməyə verilməli olan A.Bukşpanın işinə müdafiəçisiz,ittihamçısız və şahidlərsiz baxılmalıdır.
Bu iclas başqalarından bir qədər çox – beş dəqiqə artıq davam etmiş və  saat 16.50 dəqiqədə başa çatmışdır.
Məhkəmənin qərarı ilə 1937-ci il oktyabrın 11-də Aleksandr Semyonoviç Bukşpan ən ağır cəzaya – güllələnməyə məhkum olunmuşdur.
Hökm ertəsi gün Bakı şəhərində yerinə yetirilmişdir. Bununla bağlı işdə  müvafiq arayış vardır.
17 aprel 1955-ci ildə A.S.Bukşpanın həyat yoldaşı, uzun illər həbs cəzası çəkmiş Bukşpan-Sazanova Anna Nikolayevna dövlət orqanlarına müraciət edərək özünə və ərinə bəraət verilməsini xahiş etmişdir.
Cinayət işini yenidən araşdıran Zaqafqaziya Hərbi Dairəsi(ZHD) prokurorunun köməkçisi işdə saxtakarlığa yol verilməsini,  faktlara əsaslanmadığını və s.nəzərə alaraq hökmün ləğv edilməsinin zəruriliyi barədə qərar qəbul etmişdir.
1956-cı il iyunun 15-də Baş Hərbi prokurorun müavini  ZHD HP-nun  A.S.Bukşpanın işi üzrə qəbul etdiyi qərara baxmış və ona uyğun qərar çıxarmışdır.
Beləliklə, 28 noyabr 1956-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası yaranmış yeni vəziyyətlə bağlı  A.Bukşpanın işinə yenidən baxaraq SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 11 oktyabr 1937-ci il tarixli hökmünü  ləğv etmiş və cinayət tərkibi olmadığı üçün işə xitam verilmişdir.
Bununla da A.Bukşpan güllələnikdən, həyat yoldaşı Anna  Mixaylovna uzun müddət ağır, məşəqqətli sürgün həyatı yaşadıqdan sonra bəraət alıblar”.
(Davamı var)
Təqdim etdi:
Sultan Laçın
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90