Türkiyə futbolunda hakimlərin mərc oyunlarında iştirak etdiyi məlum olub.
Ulusal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bu gün keçirilən mətbuat konfransında deyib.
“Əldə etdiyimiz məlumatlara əsasən, hazırda 571 aktiv hakimdən 371-nin mərc hesabı olduğunu müəyyən etdik. Bunu dərhal mənfi hal kimi qəbul etməyək. Onlar bu hesablardan oyunları izləmək üçün də istifadə edə bilərlər. Amma 371 hakimdən 152-si aktiv şəkildə mərc edir. Bu hakimlərdən yeddisi yuxarı divizion hakimi, 15-i yuxarı divizion köməkçi hakimi, 36-sı aşağı divizion hakimi və 94-ü aşağı divizion köməkçi hakimidir. Bunlardan 10 hakim 10.000-dən çox mərc edib, bir hakim fərdi olaraq 18.227-dən çox mərc edib. 42 hakim fərdi futbol matçlarına mindən çox mərc qoyub və bəzi hakimlər birdəfəlik mərc ediblər”, – deyə Hacıosmanoğlu vurğulayıb.
Hacıosmanoğlu bu rəqəmlərin son 5 ili əhatə etdiyini diqqətə çatdırıb. O, baş verənlərlə əlaqədar tezliklə araşdırmaların başlanacağını və lazımi tədbirlərin görüləcəyini bildirib.






















