Azərbaycanın Naxçıvan şəhərində yerləşən hava limanının İran tərəfindən dronlarla hədəfə alınması regionda təhlükəsizlik və sabitlik məsələlərini yenidən gündəmə gətirib.
Hadisə ilə bağlı münasibət bildirən millət vəkili Tənzilə Rüstəmxanlı Yenicag.az-a bildirib ki, İran tərəfindən Naxçıvan şəhərinin dronlarla hədəfə alınması həm qonşuluq münasibətləri, həm də beynəlxalq hüquq normaları baxımından ciddi narahatlıq doğuran hadisədir.
Deputatın sözlərinə görə, hədəf alınan məkan mülki vətəndaşların istifadə etdiyi hava limanı ətrafıdır və belə obyektlərin təhlükə altına düşməsi xüsusilə həssas məsələdir. O qeyd edib ki, mülki əhalinin və yaxın yaşayış məntəqələrində yaşayan insanların təhlükəyə məruz qalması vəziyyətin nə qədər ciddi olduğunu göstərir və bu cür halların baş verməsi arzuolunmazdır.
Tənzilə Rüstəmxanlı vurğulayıb ki, Azərbaycan hər zaman İranla münasibətlərin qorunmasına xüsusi önəm verib, qarşılıqlı hörmətə və mehriban qonşuluq prinsiplərinə sadiq olduğunu dəfələrlə nümayiş etdirib. Onun sözlərinə görə, İranın müxtəlif xarici təzyiqlərlə üzləşdiyi mürəkkəb bir dövrdə belə Azərbaycan öz prinsipial mövqeyini qoruyaraq qonşuluq münasibətlərinə sadiq qalacağını və ərazisindən İrana qarşı istifadə olunmasına imkan verilməyəcəyini açıq şəkildə bəyan edib.
Deputat bildirib ki, buna baxmayaraq İran tərəfindən Azərbaycan ərazisinin dronlarla hədəfə alınması təəssüf doğuran hadisədir və bu kimi addımlar iki ölkə arasında mövcud münasibətlərə uyğun deyil. O qeyd edib ki, belə halların baş verməsi regionda gərginliyin artmasına səbəb ola bilər və məsələnin beynəlxalq hüquq çərçivəsində araşdırılması vacibdir.
Tənzilə Rüstəmxanlı əlavə edib ki, Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə hər zaman həssas yanaşır və ölkənin təhlükəsizliyi dövlət siyasətinin əsas prioritetlərindən biridir. “Heç bir dövlət öz ərazisinin təhlükə altında qalmasını qəbul edə bilməz. Azərbaycan da beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində öz təhlükəsizliyini təmin etmək hüququna malikdir”, – deyə o vurğulayıb.
Millət vəkili sonda qeyd edib ki, Azərbaycan regionda sabitliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır. Bununla yanaşı, ölkəmizin ərazisinin təhlükəsizliyi və suverenliyi hər zaman qətiyyətlə qorunacaq.






















