İspaniya illərdir eyni taktikada oynayır, Qətər mundialı da istisna deyildi. İspanların oyununa baxanda hərdən adama elə gəlir ki, meydandakı bizim “Qarabağ”dır. Yanılmıramsa, Qurban Qurbanov karyerasına İspaniyada adlığı pro-məşqçilik dərsləri ilə başlayıb və rəhbərlik etdiyi klubu da bu sistemdə oynatmağa üstünlük verir, üstəlik bu axşam da ispanlara azarkeşlik edirdi. Nəyi demək istəyirəm? Topa nəzarətin müasir futbolda xüsusi əhəmiyyəti daha qalmayıb. Qısa ötürmələrlə rəqibin qapısına irəliləmək çətinləşib, futbola baxanın isə bu cür oyun nəinki cəlb etmək, hətta zəhləsini tökür.
Təsəvvür edin ki, İspaniya qrup mərhələsindəki oyunlarda 2489 ötürmə həyata keçirib. Yaponiyaya qarşı uduzduqları oyunda isə 969 ötürmə… Nə qədər mənasız bir iş, nə qədər cansıxıcı bir statistika! Arada “Qarabağ”da belə hallar olur. Topa nə qədər nəzarət edirlərsə etsinlər, son nəticədə uduzurlar. Fransa Polşa millisi ilə qarşılaşmada öz cərimə meydançalarından başlayıb, cəmi 4 ötürmə ilə rəqibin qapısına çatdılar və əla qol vuruldu. Nəticə budur! Qurban Qurbanov yəqin İspaniyanın bugünkü məğlubiyyətindən və mundialdan sonra ”Qarabağ”ın oyun sisteminə “əl gəzdirəcək”…
Mərakeş dünya çempionatının pley-off mərhələsində cəmi ikinci dəfədir iştirak edirdi. Mərakeşlilər ilk dəfə 1986-cı ildə 1/8-də oynayıb, bu mərhələdə Almaniyaya 0:1 hesabı ilə uduzublar. 36 il idi ki, Mərakeş millisinin azarkeşləri komandalarının dünya çempionatının pley-off mərhələsinə yüksəlməsini gözləyirdilər.
Mərakeşin F qrupunu lider kimi başa vurması bu komandanın potensialı olduğunu göstərdi. Qrup mərhələsində mərakeşlilər Belçika (2:0) və Kanada (2:1) üzərində iki qələbə qazanıb, Xorvatiya ilə heç-heçə etdi. Qapılarına buraxdıqları yeganə top da avtoqol olub. Mərakeş son 46 rəsmi oyunda məğlub olmayıb. Mərakeş millisində yarımmüdafiəçi Hakim Ziyeç (“Çelsi”) və hücumçu Yussef En-Nesiri ( “Sevilya”) kimi futbolçular var. Amma Mərakeş futbolçularının liderlik keyfiyyətləri ilə deyil, əsas komanda oyunu ilə seçilirlər.
İspaniya isə qrupdakı oyunda zəif Kosta-Rikanı böyük hesabla məğlub (həm də biabır) edib, daha sonra Almaniya ilə xalları bölüşüb və nəhayət, Yaponiyaya uduzub. Yəni ispanların bu mərhələyədək xüsusi parlaq oyunu olmamışdı.
İspaniya Mərakeşlə oyunun birinci hissəsində topa nəzarət etdi, rəqibin cərimə meydançasında nələrsə etməyə çalışdı, amma cəmi bir dəfə çərçivəyə doğru zərbə vura bildi. Halbuki İspaniya qrup mərhələsindəki 3 oyunun ilk 15 dəqiqəsində fərqlənə bilmişdi. Mərakeşlə oyunda isə 120 dəqiqədə buna nail ola bilmədi.
Penallaşmada İspaniya daha şanslı ola bilərdi, amma əksinə oldu. Mərakeş 3:0 hesabı ilə qalib gələrək ilk dəfə ¼ final mərhələsinə adladı. Beləliklə, mundialın qalibləri siyahısında göstərilən daha bir milli komanda evə mükafatsız qayıdası oldu.
***
İsveçrə ilə qarşılaşan Portuqaliya millisi Qana və Uruqvay üzərində qələbələr sayəsində vaxtından əvvəl pley-offda iştirakını təmin etmişdi və son turda Fernando Santosun komandası final fitinə bir neçə dəqiqə qalmış qapısından ikinci qolu buraxaraq Cənubi Koreya komandasına uduzmuşdu (1:2).
Bu mundialda da Portuqaliya millisində gözlənildiyi kimi, hər şey Ronaldonun ətrafında cərəyan etməkdədir. Əvvəl şübhəli penalti vuraraq 5 mundialda qol vurmuş futbolçu kimi adını tarixə yazdırdı, sonra isə komanda yoldaşı Brunonun qolunu öz hesabına yazmaq kimi futbol ulduzuna yaraşmayan hərəkət etdi. Cənubi Koreya ilə matçda əvəzlənməsinə isə açıq gileyləndi, onun əvəzinə meydana çıxan komanda yoldaşına hörmətsizlik etdi. İndi də ərəblərin “Əl-Nəsr” klubuna 200 milyona transferi haqda söz-söhbət bitmir.
Santos İsveçrə oyununda onu əsas heyətdə meydana buraxmamaqla, Portuqaliyanın ulduz futbolçunun köməyi olmadan da yaxşı oyun sərgilədiyini sübut etdi. Portuqaliyanın ilk oyunundan sonra da qeyd etmişdim ki, bu komanda stabil oynamağı bacarır və irəli gedəcəklər…
İsveçrə bu oyuna qədər də rəqibini yaxşı tanıyırdı, iyunda iki dəfə Portuqaliya ilə qarşılaşıb. Səfərdə 0:4 hesablı məğlubiyyət olsa da, evdə 1:0 hesablı qələbə qazanıb. İsveçrə də 1954-cü ildən ¼ finala çıxa bilmirdi. Portuqaliya ilə oyunda İsveçrənin Serbiya ilə olduğu kimi açıq, yoxsa Braziliya ilə qarşılaşmadakı kimi qapalı oynayacağı maraq doğururdu. İsveçrə ən pis variantı seçdi-zəif oynadı. Xüsusilə müdafiə portuqaliyalılar qarşısında çox bərbad göründü. Belə bir mühüm qarşılaşmada 55 dəqiqəyə qapına 4 top buraxırsansa, geridönüş etmək mümkünsüzdür. Vurduğun qol da ancaq statistiklərə maraqlı ola bilər…
Beləliklə, mundialın ¼ qarşılaşmasında son rəqiblər də müəyyənləşdi. Portuqaliya Mərakeşə rəqib oldu…Musavat.com