Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti, Akademik Milli Dram Teatrı Aktyor truppasının üzvü, Aparıcı səhnə ustası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Prezident təqaüdçüsü Əli Nurla görüşüb. Sənətkarın yaradıcılıq uğurları və planları ilə tanış olan, onunla ətraflı fikir mübadiləsi aparan Komitə sədri, yaradıcılıqda ona yeni uğurlar diləyib.
Q.Paşayeva Xalq artistini 75 illik yubileyi münasibəti ilə təbrik edib, ona Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.
Məktubda deyilir: “Hörmətli Əli müəllim, Sizi 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Siz Azərbaycan ünlü teatr aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, mədəniyyət-incəsənət üzrə tanınmış pedaqoqsu. Sizin yaratdığınız obrazlar, Sizin şəxsi nümunəniz və sənətkarlığınız, ziyalılığınız cəmiyyətə, gənc nəslə müsbət impluslarla təsir etdiyi kimi, öz övladlarınıza da dərindən təsir etmişdir. – Oğlunuz – Baş leytenant Rövşən Nurzadə 2020-ci ildə Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən Mədəniyyət paytaxtımız Şuşa şəhərinin işğaldan azad olunması uğrunda döyüşüb və şəhid olub. Hörmətli Əli müəllim, Siz M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) ali təhsil alarkən görkəmli sənətkarlar Rza Təhmasib, Əliheydər Ələkbərov və Əzizağa Quliyev Sizin sənət müəllimləriniz olub. 1972-ci il sentyabr ayının 1-də təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilmisiz. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilədək həm də teatrın direktoru vəzifəsini daşımısız. Sumqayıt Dövlət Dram Teatrında Bəhram (“Solğun çiçəklər”, C.Cabbarlı), Tərgəldi (“Adamın adamı”, Anar), İbad (“Almaz”, C.Cabbarlı), Rüstəm (“Vəfalı Səriyyə”, C.Cabbarlı), Şıxlinski (“Bütün Şərq bilsin”, N.Həsənzadə), Qaratay (“Afət”, H.Cavid), Oqtay Eloğlu (“Oqtay Eloğlu”, C.Cabbarlı) və b. rolları oynamısız. Siz 20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət nazirinin Əmri ilə Sumqayıtdan Bakıya – Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilmisiz. Milli Dram Teatrının səhnəsində Şirzad (“Şeyx Xiyabani”, İ.Əfəndiyev), Nizami Gəncəvi (“Atabəylər”, N.Həsənzadə), Nəsimi (“Fəryad”, B.Vahabzadə), M.F.Axundov (“Mənsiz dünya”, N.Xəzri), Abdi əfəndi (“Qanlı Nigar”, S.Şendil), Mirzə Məhəmməd (“Anamın kitabı”, C.Məmmədquluzadə), Çapar (“Şah Edib”, Sofokol), Kərim (“Lənkəran xanının vəziri”, M.F.Axundov), Mustafa (“Ulduz, yaxud Ədirnə Fəthi”, C.Cabbarlı), Şəfiyev (“Bu dünyanın adamları”, Hidayət), Qara xaqan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), Hacı Həsən (“Ölülər”, C.Məmmədquluzadə), Baloğlan (“Almaz”, C.Cabbarlı), Niyaz (“Yaşar”, C.Cabbarlı) kimi yaddaqalan rollar oynamısız. Siz “Mənsur və Sitarə” (Mənsur), “Xatirələrdən gəlmiş qonaq” (Mənsur), “Ürək yaman şeydir” (Əjdər), “Qaçaq Süleyman” (Qaçaq Süleyman) və b. teletamaşalarda da uğurlu obrazlar yaratmısız. Siz 24 dekabr 2002-ci ildə Əməkdar artist fəxri adına, 2018, 2019, 2020-ci illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatına, 2021-ci ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülmüsüz. 2019-cu ildə Xalq artisti fəxri adı almısız. Sizi bütün yaradıcılıq uğurlarınız və yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!
Komitə sədri yubilyara xatirə hədiyyəsi bağışlayıb. Yubilyar Xalq artisti görüş və xoş sözlər üçün Q.Paşayevaya təşəkkür edib.