image-rt-reklam
image-1backend

Bakıda taksiyə minmək üçün xüsusi yerlər ayrıldı, amma…

image-728x90

Məlum olduğu kimi, bir müddət öncə Bakının bir neçə ərazisində minik avtomobillərinin sərnişinləri üçün minib-düşmə yerləri yaradılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin sərnişinləri üçün minib-düşmə yerlərinin yaradılması davam etdirilir. Qurumun mətbuat katibi Tural Orucov qeyd edib ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir:

“Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan minib-düşməyə imkan yaratmaqdır. Son belə məntəqələr Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin, eləcə də 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişmələrində yaradılıb. Bundan əvvəl isə Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilər prospektində və 8 Noyabr prospektinin 4 ünvanında təşkil edilib. Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir”, deyə açıqlamada bildirilib.
Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev Musavat.com-a şərhində bildirib ki, taksidən istifadə edənlər üçün müəyyən edilmiş minib-düşmə yerləri tam uyğun olmaya bilər, belə ki, bu, əlində yük olan sərnişinlər üçün narahatlıq yarada bilər. Ekspert qanunvericiliyə diqqət çəkərək qeyd edib ki, avtobus zolaqlarında dönmək üçün qırıq-qırıq xətlər çəkilməlidir: “Çox təəssüf ki, əksər ərazilərdə COP29 zamanından qalan zolaqlar hələ də mövcuddur, qırıq-qırıq xətt qoyulmayıb. Bu ərazilərdə nəinki, minib-düşmək, dönmək belə qeyri-qanunidir. Məsələn, 8 Noyabr prospektində, Xəzər TV ilə kəsişmədə ikinci zolaqda ancaq düz istiqamətdə hərəkət mümkündür, birinci zolaqda dönmə üçün lazımi xətləmə edilməyib. Qanunvericilikdə qeyd olunub ki, sərnişinlərin mindirilib-düşürülməsi zəruri vaxt ərzində mümkündür”.

Ekspertin fikrincə, xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin sərnişinləri üçün minib-düşmə yerləri nə qədər olsa da, yenə də kifayət etməyəcək: “Taksi adətən ünvana, yaxud ünvana maksimum yaxın əraziyə sifariş edilir. Əgər sərnişinlərin əlində ağır yük varsa, onlar taksiyə minmək üçün uzaq məsafə qət etməli olurlarsa, o zaman taksidən istifadənin bir mənası qalmır. İndiki halda minib-düşmə yerlərinin sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90