İranın davranış tərzi onun sadəcə olaraq küncə sıxışdırılması ilə bağlıdır. Hazırda nüvə sazişi üzrə razılaşmaların əldə olunması imkanları sıfra endirilib. İranın davranışının arxasında duran əsas amil də budur. İran hakimiyyəti hələ də nüvə sazişi üzrə yenilənmiş razılaşma əldə etməyə ümid edirdi. Buna nail olmaq artıq mümkün olmayacaq. Onun gələcəklə bağlı bütün planları bir zərbə ilə yox olur. Buna Tehranda vəhşi qıcıq yaradan Netanyahunun hakimiyyətə qayıdışı da əlavə edilib. Üstəlik, İran Türkiyənin bölgədə artan təsirindən son dərəcə narahatdır. Burada Suriya faktorunun da olduğunu unutmaq olmaz. İran Suriyada Rusiyanı faktiki olaraq tamamilə əvəz edib. İranın Əsədə dəstəyi azalmayıb. Türkiyə yeni hərbi əməliyyatlara başlayarsa, Ankaranı cilovlamaq üçün öz qoşunlarını hazır edəcək ölkə İrandır. İndi İran bir çox ölkələr kimi Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisinin nəticələrini gözləyir.
Bunu Rusiya XİN rəhbərinin keçmiş müavini (1990-1991) Andrey Fyodorov deyib.
“Göstərilən bütün faktorlara əsaslansaq, planları iflasa uğrayan İranın öz siyasətini kökündən dəyişəcəyi göz qabağındadır. Tehran üçün işlər bundan daha da pisləşə bilməzdi. Qərb diplomatlarından biri mənə açıq şəkildə dedi: “İndiki vəziyyət bizə İranı dünya siyasətində tamamilə “söndürmək” imkanı verəcək”. İran isə bunu çox gözəl anlayır. Altı ay əvvəl İranın gördüyü mənzərə getdi. Tehranın artıq illüziyaları yoxdur. Sadəcə müəyyən qəzəbi var. Artıq təmkinli deyil. İndi dişləyə bilər. Yaxın gələcəkdə İranın regionda vəziyyəti gərginləşdirmək üçün təxribata əl atacağı ehtimalı yüksəkdir. Bu, ona siyasi fayda gətirəcək. İndi İran İsraillə münaqişəyə hazırdır. Qələbə olmasa belə. İsraili zəiflətmək həmişə İranın tarixi məqsədi olub. Üstəlik, iranlıların imkanı var – ABŞ-ın prezident seçkisinə hazırlığı kontekstində ştatların İsrailə kömək etmək imkanları az olacaq. Yaxın bir-iki ay ərzində İran özünü daha radikal aparmağa və daha da ziddiyyətli olmağa başlaya bilər. Hamı üçün”, – o bildirib.Axar.az