image-rt-reklam
image-169858739388546686_1200x630backend

Yeni dünya düzənində Türkiyə

image-728x90

Tarixin bütün zamanlarında bəşəriyyətin siyasi təkamül proseslərinin önündə gedən türklərin tarixi dünya tarixinin ən önəmli bir seqmentini təşkil edir. Tarixin ən uzun ömürlü imperiyalarından biri olmuş Osmanlının (1299-1922) varisi olan türklər Şərq və Qərb sivilizasiyalarının ən yüksək dəyərlərini vəhdətə gətirərək sağlam ruhlu türk milli ideologiyasını ərsəyə gətirməyi bacarmışlar. Türklər Birinci Dünya Müharibəsindən imperiya (Osmanlı) olaraq məğlub, lakin dövlət olaraq (Türkiyə Cümhuriyyəti) qalib çıxmışlar. Onlar dünya savaşında təklənən, amma beynəlxalq imperializmə boyun əyməyən qocaman Osmanlı imperiyasının qalıqları üzərində Türkiyə Cümhuriyyətini yaratmışlar. Bu gün dünya miqyasında söz sahibinə çevrilən Türkiyə böyük Sərkərdə Mustafa Kamal Atatürkün və onun məsləkdaşlarının liderliyi ilə qəhrəman türk xalqının yaratdığı şah əsərdir. Cümhuriyyətin 100 illik yubileyi günündə böyük Atatürkü və Türkiyə Cümhuriyyətinin qurulmasında canını, qanını əsirgəməmiş türk qəhrəmanlarını ehtiramla yad edirik.

Bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Yeni dünya düzənində Türkiyə” sərlövhəli məqaləsində yer alıb.

Ulusal.az məqaləni təqdim edir: “Bu gün 100 yaşlı Türkiyə Cümhuriyyəti dünya türklüyünün fəxarətlə öyündüyü, etimad bəslədiyi və istənilən zaman mənəvi, siyasi, iqtisadi və hərbi dəstək ala biləcəyi güc mərkəzinə çevrilib. Bu gün Türkiyə ümumtürk inteqrasiyasını Türk Dövlətləri Birliyinə doğru yönləndirən əsas hərəkətverici qüvvə kimi dünyada yeni geosiyasi nizamın ən fəal qurucularından biri rolunda çıxış edir. Bunun bütün digər türk dövlətləri tərəfindən dəstəklənməsi Türkiyənin beynəlxalq siyasət meydanında mövqeyini daha da möhkəmləndirir.

Türkiyənin dünya xəritəsindəki geostrateji mövqeyi aşağıdakı unikal xüsusiyyətləri ilə diqqəti cəlb edir – qardaş ölkə önəmli neft yataqlarına sahib olan Orta Şərq və Xəzər dənizi hövzəsi, dünya ticarət yollarının qovşağında yerləşən Aralıq dənizi hövzəsi, tarixən və bu gün də əvəzsiz hərbi-strateji önəm daşıyan Qara dəniz hövzəsi, dünya siyasətinin və ticarətinin kəsişmə nöqtələri sayılan Türk Boğazları (Mərmərə, Dardanel, Bosfor), son onilliklərdə beynəlxalq siyasətin müstəqil aktorlarına çevrilmiş Balkan ölkələri və zaman-zaman etnik toqquşmaların közərdiyi Qafqaz coğrafiyasının əhatəsində yerləşir. 783.356 kvadratkilometrlik ərazisinin 97 faizi Asiya (Anadolu), 3 faizi Avropa (Şərqi Frakiya) qitəsində yerləşən Türkiyənin malik olduğu əlverişli coğrafi mövqe beynəlxalq münasibətlər sistemində onun geosiyasi üstünlüyünü və geniş manevr imkanlarını təmin edir.

Beləliklə, coğrafi mövqeyi ilə Avrasiya geosiyasi üçbucağını təşkil edən Asiya, Avropa və Afrikanı qovuşdurmaqla Türkiyə eyni anda bir Asiya, Avropa, Balkan, Qafqaz, Orta Şərq, Aralıq dənizi və Qara dəniz ölkəsidir. Qlobal kontekstdə Türkiyənin geostrateji mövqeyini dəyərləndirmək istəsək, o, Avropa və Asiyanı coğrafiyasından sivilizasiyasınadək birləşdirib özündə sintez edən unikal bir Avrasiya dövlətidir. Türkiyənin “həm şərqli, həm də qərbli xarakteri” də məhz buradan qaynaqlanır və bu dualizm üzvü olduğu təşkilatların müxtəlifliyində də özünü göstərir. Türkiyə, eyni zamanda, NATO, Avropa Şurası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlığı, “Böyük İyirmilik”, İslam Konfransı Təşkilatı və nəhayət, Türk Dövlətləri Təşkilatının üzvü olan yeganə dövlətdir.

Türkiyə Avrasiyanın iqtisadi xəritəsində də önəmli bir yer tutur. Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP, mövcud və mümkün ola biləcək bütün Xəzər və Transxəzər layihələrinin iştirakçısı kimi mühüm rola malikdir. Hazırda dünya təbii enerji qaynaqlarının 70 faizi Türkiyənin ətrafında cəmlənib ki, onların Şərq-Qərb istiqamətində şəbəkələnməsi və təhlükəsiz nəqlinin ən optimal coğrafiyası da məhz bu ölkədir.

Lakin Türkiyənin yerləşdiyi bölgə əlverişli və unikal olduğu qədər də mürəkkəb bir geosiyasi məkandır. Daim dünya supergüclərinin diqqət mərkəzində olan bu regionda davamlı olaraq təkrarlanan təbii və texnogen fəlakətlərlə yanaşı “realpolitik”in doğurduğu siyasi zəlzələlərin də ardı-arası kəsilmir (məsələn, “ərəb baharı”, İraq və Suriya böhranları, böyük miqrasiya dalğaları, Türkiyənin özündə dövlət çevrilişi cəhdləri və s). Ona görə də Türkiyə, mərkəzində olduğu, faydalandığı zəngin və dinamik coğrafiyanın bütün problemli və konfliktli situasiyalarını nəzarətdə saxlamaq və önləmək, PKK, YPG, PYD və digər terrorçu təşkilatlar vasitəsilə kənardan ölkənin içərilərinə yeridilən müxtəlif xarakterli münaqişələri daim qətiyyətlə dəf etmək zorundadır. Keçən əsrin 60-cı illərindən 2000-ci illərin əvvəllərinədək Türkiyədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi dayanıqlılığın olmaması və terror təhlükəsinin davamlı mövcudluğu da məhz bu bölgənin geosiyasi mürəkkəbliyindən irəli gəlirdi.

Hazırda Türkiyə effektli və nizamyaradıcı geosiyasəti ilə siyasi, iqtisadi və hərbi cəhətdən ən güclü dövrünü yaşamaqdadır. Xüsusilə son 10 ildə yeni dünya düzəninin yaradılması prosesində Türkiyə qlobal və regional aktorlarla apardığı tarazlı siyasət nəticəsində önəmli güc mərkəzinə çevrilmişdir. Bu yüksəlişin əsasında Türkiyə Cümhuriyyətinin ədalətdən geri çəkilməyən tərəddüdsüz milli maraqlar siyasəti dayanır.

Bir sıra siyasi təhlilçilərin fikrinə görə, Avropa İttifaqı, Balkan, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Çin koordinatları üzrə dayanıqlı geosiyasi imkanların açılması baxımından, Türkiyənin Avropa İttifaqına daxil olması Avropa İttifaqı üçün olduqca əhəmiyyətlidir. Belə bir perspektivdə Avropa İttifaqının coğrafiyası və deməli, həm də təhlükəsizlik arealı Anadolu üzərindən Yaxın və Orta Şərqədək, Cənubi Qafqaz və Şərqi Aralıq dənizi bölgəsinədək genişlənə bilər. Ona görə də uzun müddət Türkiyənin Qərb geosiyasəti, konkret olaraq institusional Avropa ilə çoxvektorlu əlaqələrə və nəticə etibarilə Avropa İttifaqına üzvlüyə istiqamətlənmişdi. Geostrateji mövqeyi, geniş iqtisadi potensialı, savadlı və dinamik inkişafda olan əhalisi, uzaqgörən və çoxcəhətli xarici siyasəti ilə Türkiyə İttifaq üçün yalnız fayda gətirə bilərdi. Lakin uzun illər ərzində Türkiyənin Avropa İttifaqı üzvlüyünə qəbul olunmasına qarşı süni əngəllər yaradılmış və bu yanaşma bu gün də davam etdirilməkdədir.

Soyuq müharibənin başlanğıcından etibarən – 1952-ci ildən NATO-nun üzvü olan Türkiyə dünyanın ən qüdrətli hərbi alyansının Yaxın və Orta Şərq cinahında yeganə və ən önəmli müttəfiqidir. Ötən il Türkiyənin alyansa daxil olmasının 70 illiyi münasibətilə Ankarada keçirilən mərasimdə “Türkiyə Cümhuriyyətinin NATO-nun gələcək geosiyasətinin mərkəzində dayanan ölkə kimi” səciyyələndirilməsi heç də təsadüfi deyil: Analitiklərin təbirincə desək, “Türkiyə NATO-nun bir parçası, beynəlxalq arenada sabitlik və təhlükəsizliyin simvoludur…”.

Hazırda Avropanın mərkəzində cərəyan edən Rusiya-Ukrayna müharibəsinə Türkiyənin yanaşması öz orijinallığı ilə xüsusi maraq doğurur. Rusiyanın Ukraynaya hücumu geosiyasi mahiyyət daşıyır. Bu geosiyasi savaşın bir tərəfində hücuma və işğala məruz qalmış Ukrayna ilə yanaşı ABŞ və Aİ başda olmaqla NATO üzvləri, digər tərəfində isə beynəlxalq qanunlara məhəl qoymayaraq qonşu ölkənin ərazilərini işğal etmiş və onun müstəqilliyini tanımaqdan imtina edən Rusiya və onu gizli və ya açıq şəkildə hərbi, siyasi və mənəvi cəhətdən dəstəkləyən İran, Şimali Koreya və Çin dayanır.

NATO üzvü olan Türkiyənin bu qanlı qarşıdurmada beynəlxalq siyasətin tarazlayıcı və tərəfsizlik mövqeyindən çıxış etməsi onun müstəsna addımı sayıla bilər. “Foreign Policy” kimi ciddi analitik dərginin yazdığına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ukrayna-yönlü, lakin anti-Rusiya oriyentasiyası olmadan siyasət balansını gözləyərək addım atır”. Türkiyə açıq şəkildə və birmənalı olaraq Rusiyanın Ukraynada işğalçılıq müharibəsinə qarşı çıxır, eyni zamanda, vasitəçilik missiyasını həyata keçirərək, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə Ukrayna taxılının nəqli ilə bağlı böhranın aradan qaldırılması üçün Rusiya ilə danışıqlar aparır və taxıl ixracını əngəlləyən problemləri aradan qaldırır. Bu mövqeyi Türkiyənin geosiyasi və geostrateji planda yürütdüyü siyasətin təsir gücünü və çevik manevr imkanlarını artırır. Türkiyə gücləndikcə, onunla birgə Türk dünyası da güclənərək öz siyasi bütövlüyünə yaxınlaşır.

Türkiyə geosiyasətinin orijinallığı həm də ondan ibarətdir ki, o, qlobal, kontinental və regional coğrafi məkanın bütün siyasi subyektləri arasındakı münasibətlərin bütün incəliklərini nəzərə almaqla hərəkət edir. Beynəlxalq siyasətlə beynəlxalq hüququ məharətlə əlaqələndirən Türkiyə həmin subyektlərin davranışlarını obyektiv meyarlar əsasında düzgün qiymətləndirməyi, yaşadığımız dünyanın kəskin problemlərindən, münaqişəli vəziyyətlərindən səmərəli çıxış yolları axtarmağı və nəhayət, beynəlxalq tribunalarda ədalətli mövqeyi və yanaşmaları ortaya qoymaqla, dünyada gedən prosesləri obyektiv dəyərləndirməyi bacarır. Türkiyəyə uğur qazandıran bu parlaq və mükəmməl strategiya düşmən və rəqiblərində qorxu və təlaş doğurduğu kimi, həm də sülh, dostluq, tərəqqi, əməkdaşlıq, humanizm və demokratiyanı dəstəkləyən ölkələrdə etibar və beynəlxalq ədalətə inam yaradır. Türkiyənin beynəlxalq siyasət meydanında diskriminasiyaya məruz qalan ölkələr və xalqlar üçün etibarlı bir siyasi-mənəvi dayaq hesab olunmasının səbəblərindən biri də elə budur. Belə etibarlı siyasi-mənəvi dayağı daim hiss edən dövlətlər isə, ilk növbədə, beynəlxalq siyasət arenasına yeni çıxmış müstəqil Türk dövlətləridir. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımızla yanaşı bütün türk dövlətləri tərəfindən də yüksək qiymətləndirilir.

Türkiyə özünün və digər suveren türk dövlətlərinin milli maraqlarını hər şeydən üstün tutur və bütün xarici siyasətini türk Avrasiyasının güclənməsi və bütövləşməsi üzərində qurur. Ona görə də Türkiyənin bu siyasi məkanın çevrəsində yerləşən dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri onun ümumtürk geosiyasətinin əsas istiqamətlərini təşkil edir. Bu dəyişməz və cəsarətli siyasətin arxasında Türkiyənin və onun qardaşlarının birləşmiş gücü dayanır. Bu gün Türkiyə və türk dövlətlərinin birgə səyi ilə şanlı tarix üzərində böyük gələcək qurulur”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90