image-rt-reklam
image-bez-nazvaniyabackend

SƏS SƏNƏTİMİZİN ŞÖVKƏTİ

image-728x90

(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)

Azərbaycanın Xalq artisti Şövkət Ələkbərova (1922-1993) dövrünün ən məşhur sənətkar qadınlarından hesab edilib. O, tələbələri üçün təkcə sənət yox, həm də insanlıq məktəbi olub. O, hələ 15 yaşında musiqi müsabiqəsində qalib gələrək dahi bəstəkar Üzeyir bəy Hacıbəyli və korifey sənətkar Bülbül tərəfindən yüksək qiymətləndirilib.

Peşəkar müğənni karyerasına Üzeyir bəy Hacibəylinin dəvəti ilə Azərbaycan Dövlət Xorunda başlayan müğənni II Dünya müharibəsi illərində cəbhəyə qastrol səfərlərinə getmiş, orada vətənpərvərlik mahnıları ifa edərək geniş rəğbət qazanmışdı. Müğənninin çox tez bir müddətdə istedadı ilə məşhurlaşdırması onu sənətin zirvəsinə yüksəltmişdi. Dövrün bütün bəstəkarları yazdıqları mahnını ilk növbədə Şövkət xanıma təqdim edərdi. Şairlər misralarında onun bənzərsiz, gözəl səsini vəsf edir, müğənniyə şeirlər həsr edirdilər.

Böyük şairimiz Səməd Vurğun “Oxu gözəl” mahnısının sözlərini məhz Şövkət Ələkbərova üçün yazmışdı. Azərbaycan mahnıları və muğamları ilə yanaşı, Türkiyə türkcəsi, fars və ərəb dillərində də mahnılar oxuyan Şövkət Ələkbərova ölkəmizin hüdudlarından qıraqda da sevilir, təqdir edilirdi. Səhnədə daim xanım-xatun duruşu, gülər üzü ilə diqqəti çəkən, səsi ilə dinləyicini ovsunlayan müğənni həm də çox sadə təbiətli insan, mehriban və qayğıkeş bir ana idi. Ailəsinə dərin kədər üz verən – qızını vaxtsız itirən Şövkət xanım övladının ölümündən sonra bir daha mahnı oxumaması ilə də öz prinsiplərinə necə bağlı olduğunu göstərmiş oldu… O, mükəmməl bir muğam ustası idi. Məharətli improvizasiya ustalığı onun muğam yaradıcılığının əsas özəlliklərindəndir.

Azərbaycanı keçmiş sovet məkanının bir çox şəhərlərində, eləcə də Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Polşa və qardaş Türkiyədə, daha neçə ölkədə ləyaqətlə təmsil edən Şövkət Ələkbərovanın ifa etdiyi “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları heyranlıq doğurub. O, Azərbaycanın zəngin musiqi tarixində korifey sənətkar kimi önəmli yer tutur. Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Böyüdüyü ailədə musiqiyə böyük sevgi vardı.

Anası qızlardan ibarət orkestrdə tar çalır, kiçik yaşlı qızını da tez-tez məşqlərə aparırdı. Atası Feyzulla kişi xalq musiqimizi, muğam və aşıq sənətini sevən bir adam idi. O, qızının da musiqiçi olmasını arzulayırdı. Ailə mühitində musiqiyə sonsuz sevgi və rəğbəti görən Şövkət Ələkbərova kiçik yaşlarından musiqiyə böyük maraq göstərirdi. Məhz bu maraq 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə gətirmişdi. Onların evində bir xalq üçlüyü yaranmışdı: anası tar, özü kamança, qardaşı isə nağarada ifa edirdi. Şövkət xanım Asəf Zeynallı adına Musiqi Məktəbində (indi Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində) Hüseynqulu Sarabskinin sinfini bitirmişdi. 1937-ci ildə musiqi yarışmasında “Qarabağ şikəstəsi”ni ifa edəndə münsiflər heyətində əyləşən Üzeyir bəy Hacıbəyli, Səid Rüstəmov və Bülbül onun səsinə valeh olmuş, istedadına yüksək dəyər vermişdi. Bu yarışmadan sonra Şövkət Ələkbərova dövlət xoruna qəbul olunmuş, həmin gündən onun musiqi karyerası başlamışdı.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olan Şövkət xanım, 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti idi. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosionallıq və lirizm səciyyəvidir. Məharətli improvizasiya ustalığı onun muğam yaradıcılığının əsas özəlliklərindəndir. Sənətdə böyük uğurlara imza atsa da, onun şəxsi taleyi çox kədərli olub. Hərbi həkim olan həyat yoldaşı İkinci Dünya müharibəsindən geri dönməmiş, qızı Natella atasız qalmışdı. İkinci dəfə ailə həyatı quran Şövkət xanımın ünlü rejissor Lətif Səfərovla xoşbəxt bir evliliyi vardı. Bu evlilikdən onların Bəşir adlı övladı doğulmuşdu. Lətif Səfərov Şövkət xanımın qızı Natellanı doğma övladı kimi böyütmüşdü. Natella xanım “Bu günə gəlib çatmağımda Lətif müəllimin mənə verdiyi tərbiyəyə borcluyam” deyə onu böyük sevgi ilə yad edərdi. Lakin müğənninin bu səadəti də yarımçıq qalmışdı. Sümük vərəmi xəstəliyindən əziyyət çəkən həyat yoldaşına bir tərəfdən də dostlarının xəyanət etməsi, təhsil verdiyi, yetişdirdiyi adamların müəyyən dedi-qodular çıxarıb rəsmi dairələrə məktub yazaraq onu işdən qovdurması, zəhmət verdiyi hazır işlərə, eləcə də “Möcüzələr adası” filminin ssenarisinə sahiblənməsi…

Lətif Səfərovu möhkəm sarsıtmış, bütün bunlar onun intiharı ilə nəticələnmişdi…

Bu intihar Şövkət xanımın həyatına güclü bir zərbə vurmuş, lakin taleyin sınaqları bununla da bitməmişdi… Sevimli həyat yoldaşının ölümündən illər sonra Şövkət xanım qızı Natellanı gənc yaşında itirdi. İlk övladının ağır xəstəliyi ondan gizlədildiyi üçün qızının qəfildən gözləri önündəcə can verməsi Şövkət xanımı dərdə saldı. Övladının vəfatının üçüncü günüdə o, artıq xəstəxanada idi. Bu dərdin ağırlığını daşımağa çətinlik çəkən müğənninin ömrünü də məhz bu itki qısaltdı. O, qızının ölümündən sonra nəinki bir daha mahnı oxumadı, heç vaxt üzü gülmədi, hər gün evində var-gəl edə-edə “Natella” deyib hönkürtü ilə ağladı. Şövkət Feyzulla qızı Ələkbərova 1993-cü il fevralın l7-də, 70 yaşında Bakıda vəfat etdi. Fəxri Xiyabandakı məzarını qədirbilən, sənətpərvər insanlar sevgi-sayğı ilə ziyarət edir. Onun ifa etdiyi neçə-neçə mahnı, “Qarabağ şikəstəsi”ndə, “Ağ çiçəyim”də, “Sevgi nəğməsi”ndə, “Məhəbbət”də yaşayan ecazkar səsi hələ də qulaqlarımızdadır. Uzun illər xalqımızın zövqünü oxşayan bu səs indi musiqi xəzinəmizin incilərinə dönən lent yazılarında, qızıl fondda qorunur. Müğənnilik onun tale yazısıydı, onu səhnəyə aparan yol böyük bir sevginin içindən keçmişdi. Hələ kiçik yaşlarından onu tanınmış musiqiçi kimi görmək istəyən atasının arzusu çin olmuşdu.

Lakin Şövkət xanım böyük səhnəyə gələndə ürəyində övladlarını erkən yaşlarında kimsəsiz, köməksiz qoyub dünyadan köçən atasının onun uğurlarını görə bilməməsinin dərdini daşıyırdı. Ancaq tezliklə bu kədərə taleyin amansızlıqla ona bəxş etdiyi neçə-neçə dərdi də qoşuldu…

*

Şövkət xanımın 19 yaşı olanda müharibə başlayıb. Geniş, işıqlı konsert salonlarını soyuq, ölüm dolu səngərlər əvəz edib. O vaxt təhlükədən qorxub müxtəlif bəhanələrlə müharibəyə getməkdən boyun qaçıranlar da olub. Ancaq Şövkət xanım bu barədə düşünmək belə istəməyib. Hətta İkinci Dünya müharibəsi zamanı cəbhədə konsert vaxtı yanında bomba partladığından kontuziya da alıb. Lakin buna baxmayaraq əsgərlər üçün verilən konsertlərə getməyə davam edib. Çünki ölüm-itim ünvanlı o səngərlərdə onun canından artıq sevdiyi doğmaları vuruşub. Şövkət Ələkbərova səsini qələbə ümidinə, təsəlliyə çevirərək odun-alovun içərisində, öz ağrılarını da nəğmələrinə qataraq oxuyub. Çox keçməyib ki, böyük qardaşı Ələkbərin müharibədə itkin düşməsi xəbərini eşidib. Bir tərəfdən onun, bir yandan da müharibənin qanlı döyüşlərində vuruşan həmvətənlərinin fikri ilə üzülən Şövkət xanım nəğmələri ilə cəbhədə döyüşən oğulları mübarizəyə, qələbəyə səsləyib. Heç kim bilməyib ki, uşaqlıqdan qardaşı Ələkbərin tarının səsinə sığınaraq onun musiqisi ilə qanadlanan Şövkət xanım özgə tarzənin müşayiətilə oxuyanda qəlbi qan ağlayıb. Müharibədən sonra müğənninin sənət yolunda yeni üfüqlər açılıb. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanı oba-oba dolaşıb müğənnini ölkəmizdə yetərincə məşhurlaşdırmışdı. Bu səs yurdumuzun sınırlarını aşaraq, yaxın-uzaq ölkələrə yayılıb. Xarici ölkələrə hər qastrol səfərindən sonra Şövkət xanımın səsinin, ifasının heyranlarının sayı artırdı. İfa edəcəyi mahnıların seçimi ilə bağlı çox tələbkar olan Şövkət Ələkbərova daha çox istedadına inandığı bəstəkarların əsərlərinə müraciət edib. Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev, Emin Sabitoğlu belə bəstəkarlardandır. Ona görə də onun oxuduğu mahnıların hər biri təkcə bənzərsiz ifaya görə deyil, həm də sözlərinə və musiqilərinin mətninə görə misilsiz sənət örnəyi sayılır. O, dövrünün artıq adları tarixiləşən bəstəkarlarının bir çoxu ilə yaxından dost olub. İndi böyük məftunluq, heyranlıqla dinlədiyimiz mahnıların bir çoxu elə Şövkət Ələkbərovanın səsi, ifası üçün yazılıb. Müğənninin böyüklüyü onda idi ki, ifa etdiyi hər nəğməni səsi ilə şöhrətləndirə bilirdi. Zamanında Asəf Zeynallı adına, Bülbül adına orta ixtisas musiqi məktəblərində dərs deyən sənətkar yetirmələrinə musiqi sənətində yalnız peşəkarların, fədakarların keçə biləcəyi, əsil sənət yolu ilə getməyi tövsiyə edib. Yetirmələri onun yanında təkcə sənət yox, həm də insanlıq, kübarlıq məktəbi keçirdi. Onlara ana sevgisi ilə yanaşan müğənni həmişə qayğılarına qalır, problemləri ilə maraqlanır, istənilən bir məsələdə yardımını əsirgəmirdi. Hamının – sənət dostlarının, qohumlarının, yetirmələrinin hər qayğısına qalan Şövkət xanım öz kədərinə heç kimi şərik etməyib. Dərdini gizli yaşayıb, kimsə ilə bölüşüb qəmləndirmək istəməyib… Heç vaxt kimsədən heç nə ummadığından insanlardan şikayətlənməyib. Şəxsi taleyində üzləşdiyi bütün bədbəxtliklərə baxmayaraq, qismətindən də gileylənməyib. Həyat isə ömrünün sonunadək ona təzə dərdlər verməkdən usanmayıb, 70 illik ömründə taleyin amansız sınaqları bir-birini əvəz edib… Bəlkə buna görədir ki, onun gülərüzlə oxuduğu nəğmələrində belə dərin bir kədər, hüzn vardı. İnsanın xəyalını uzaqlara aparan bu nəğmələrdəki həmin kədər dinləyicini, tamaşaçını kövrəldir, ağladır, düşündürürdü…

Şövkət Ələkbərovanın yaşadığı sarsıntılar, əzizlərinin itkisinin verdiyi dərd, bəzən əmək verdiyi insanların laqeydliyindən doğan təəssüf… bütün bunlar müğənninin səsinin dərin qatlarında gizlənmişdi. Amma onu dinləyəndə qəlbi həyat eşqi ilə dolu bu qadın sənətkarın mahnılarında döyünən ürək çırpıntılarını açıq-aşkar eşitmək olurdu… Elə buna görə də, “mən oxuduqca yaşamaq, yaşadıqca yaratmaq istəyirəm” deyən müğənninin sehrli səsi, obrazı və ruhu ömürlük silinməz bir xatirə kimi qəlbimizin dərinliyinə həkk olunub. Azərbaycan xalqı yaşadıqca onun dəyərli sənətkarı, səsi ilə tarix yazan Xalq artisti Şövkət Ələkbərovanın əziz xatirəsi yaşayacaqdır. Yeni nəsillər onun musiqi səltənətindən, sənət məktəbindən, bu gün böyük səhnədə olan, müxtəlif təhsil ocaqlarında ifaçılıq ixtisasından dərs deyən onlarla yetirmələrindən sənətin sirlərini öyrənəcəkdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90