Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Ermənistan və İranla sərhəddə yerləşən, strateji əhəmiyyətə malik bir bölgədir. Bu ərazi həm təbii sərvətləri, həm də mühüm kommunikasiya yolları üzərində yerləşməsi ilə tarixən xüsusi əhəmiyyət daşıyıb. 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonunun işğalı bölgənin iqtisadi, mədəni və demoqrafik strukturuna ağır zərbə vurdu.
İşğal zamanı Zəngilanın 1 şəhəri, 5 qəsəbəsi və 83 kəndi ələ keçirilmişdi. Rayon əhalisi məcburi şəkildə öz doğma torpaqlarını tərk edərək Azərbaycanın 43 müxtəlif rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində rayonun yüz illərlə formalaşmış tarixi və mədəni irsi məhv edildi, dini abidələr, türbələr, məscidlər, körpülər və qədim qalalar erməni vandalları tərəfindən dağıdıldı.
Tarixi mənbələrə görə, Zəngilan ərazisində İmam Hüseyn məscidi (XVII əsr), Məmmədbəyli kəndində Səkkizguşəli türbə (XIV əsr), Qumlaq kəndində Qız qalası və Hacallı kəndində Hacallı qülləsi kimi yüzlərlə tarixi abidə mövcud imiş. Bu irs yalnız Azərbaycan xalqının deyil, bütövlükdə Qafqaz mədəniyyətinin dəyərli hissəsini təşkil edirdi. Təəssüf ki, işğal dövründə bu abidələrin böyük hissəsi məhv edildi və Zəngilanın tarixi siması tanınmaz hala gətirildi.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Zəngilanın taleyində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı. 2020-ci il oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciət edərək Zəngilan şəhəri ilə yanaşı, rayonun Havalı, Məmmədbəyli, Şərifan və digər kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Beləliklə, 27 illik işğala son qoyuldu və Azərbaycan-İran sərhədi tam bərpa edildi.
Bu qələbə yalnız ərazi bütövlüyünün deyil, həm də milli qürurun bərpası idi. Müstəqil Azərbaycanın tarixinə Zəfər səhifəsi kimi yazılan bu hadisə xalqımızın birliyinin, əsgər və zabitlərimizin igidliyinin, dövlətimizin siyasi iradəsinin təntənəsi oldu.
Bu gün Zəngilan yenidən doğulur. “Ağıllı kənd” layihəsi çərçivəsində Ağalı kəndlərinin bərpası, yeni infrastrukturun, yolların, hava limanının və dəmir yolunun tikintisi bölgəni gələcəyin müasir yaşayış mərkəzinə çevirir. Heydər Əliyev Fondu tərəfindən tarixi Zəngilan məscidinin bərpası da bu torpaqlarda milli-mənəvi dəyərlərin dirçəldilməsinin göstəricisidir.
Zəngilanın işğalı təkcə bir rayonun deyil, həmçinin bütün Azərbaycanın yaddaşında dərin iz buraxdı. Lakin onun azadlığı göstərdi ki, ədalət gec də olsa bərpa olunur. Bu torpaqların hər qarışı şəhid qanı ilə suvarılıb və bu gün burada yüksələn hər bina, hər məktəb, hər ev xalqımızın iradəsinin simvoludur. Zəngilan artıq təkcə azad olunmuş rayon deyil -o, dirçəlişin, iradənin və qürurun bir nişanəsidir.
Rəvanə Kərimova, Nəsimi Rayon gənci