Birincidən hər kəsin xəbəri var. İkinci haqda qısa informasiya verim ki, bilməyənlər də bilsin: Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə həyat yoldaşı Səbuhi Hacızadə tərəfindən qətlə yetirilib. Sonra Səbuhi özünü asaraq intihar edib. Mediada yayılan xəbərlərə görə, hadisəyə səbəb Mətanətin həyat yoldaşına xəyanət etməsi olub.
Bütün xəyanətlər pisdir. Bütün xəyanətlərin mahiyyəti eynidir. Heç bir xəyanətin bəraəti yoxdur. Ümumiyyətlə düşünürəm ki, belə bir bəraətə şans yaratmağın özü bu diksindirici xüsusiyyətin təbliği ola bilər.
Əxlaq, sədaqət kimi xüsusiyyətlər qanla bağlı olan məsələdir. Xarakterdən asılıdır. Heydər Əliyev bunun ən gözəl tərifini vermişdi: “Həyatda insan hər şeyi öyrənir. İki keyfiyyətdən başqa: Sədaqət və cəsarət. Bu keyfiyyətlər insanın qanında olur”.
Bu iki gündəm olan xəyanət mövzusu ilə bağlı nə müşahidə edirəm? Görünən odur ki, Ramiz Mehdiyevin vətənə xəyanəti ilə bağlı cəmiyyətdə fikir birmənalıdır, yekdildir. Sosial şəbəkədə, mediada fikir bildirən hər kəs ona ən ağır cəzanın verilməsini tələb edir. Hətta elələri var ki 87 yaşlı “Rişeyle” üçün daha uzun ömür arzulayır ki, ölüb canını qurtarmasın, əzab-əziyyət çəksin. Niyə, çünki vətəninə xəyanət edib.
Mətanətin məsələsi ilə bağlı cəmiyyət iki yerə bölünüb. Törədilən dəhşətli hadisəni təqdir edənlərlə yanaşı tənqid edənlər də var. Hər tərəfin özünəməxsus əsaslandırması mövcuddur. Əslində, neytral mövqedən olan adam üçün belə fikirlər səsləndirmək çox asandır. Amma bir məsələ var: Bu fikir bildirənlər özlərini Səbuhinin və ya Mətanətin yerinə qoya bilirlərmi? Səbuhinin yerində kim olmaq istərdi? Ailəsi üçün pul qazanmaq üçün uzaq ölkəyə gedən ərinin yoxluğundan istifadə edib kim Mətanət kimi olmaq istərdi? Normal olmayan şeyləri normal ola bilər kimi təqdim etmək kimin nəyinə lazımdır?!
Məncə öz vətənini satıb Putinin yatağına girməklə ailəsini, uşaqlarını, özünün şəxsi qürurunu, mənliyini, şərəfini satıb həyat yoldaşına xəyanət etmək arasında fərq yoxdur. Qadın və ya kişi, mahiyyət eynidir, xarakter eynidir.
İnsanlar səmimi ola bilmir əksər hallarda. Eyni mahiyyətli məsələnin birini tənqid edib, o birinə haqq qazandırmaq hansı beyinin məhsuludur, bilmirəm.
Həyatda bəziləri öz qüruru, təmizliyi, mənliyi üçün yaşayır. Bu mənəvi keyfiyyətlər itdimi, onlar üçün həyatın heç bir mənası qalmır. Elə ləkələr var ki, onlar təmizlənmir. Bu ləkəni üzərində daşıyıb yaşamaqmı yaxşıdır, yoxsa, bütün yükü çiynindən yerə atıb bu ləkəni ona sıçradanlardan, taledən, həyatdan intiqam alıb sonuncu addımı atmaqmı? Bu suala səmimi cavabı yalnız Səbuhi verə bilərdi. Seçimini etdi və verdi. Nəticə ağırdır, amma biz bəzən səbəbləri bir kənara qoyub nəticəni müzakirə etməyə meylliyik. Bu, bizim ikiüzlülüyümüzdən başqa bir şey deyil. Toxum əkilməyibsə, bu meyvə hardandır?!
Son olaraq…
Ramiz Mehdiyevin xəyanəti illərlə hər kəsə bəlli idi. Dəfələrlə bağışlandı. Xeyri olmadı. Axırda dövlət onu boşadı – yəni bütün səlahiyyətləri əlindən aldı, amma yenə də dayanmadı. Və nəticə hər kəsə bəllidir. Nə dediyimi anladınız?
Elnur Məmmədli