17 oktyabr Füzuli şəhəri günü, Azərbaycanın tarixi yaddaşında qürur, zəfər və yenidən doğuluşun simvoludur. Bu tarix təkcə bir şəhərin azad olunması deyil, həm də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın yenilməz iradəsinin təntənəsidir.
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan strateji əhəmiyyətli bir ərazidir. Onun bərəkətli torpaqları, su hövzələri və İranla sərhəd mövqeyi bu bölgəni həm iqtisadi, həm də hərbi baxımdan mühüm edir. Əsası 1827-ci ildə qoyulan bu qədim yaşayış məskəni, 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adını alaraq milli kimliyimizin və ədəbi irsimizin rəmzinə çevrilib.
Tarixən Füzuli təkcə coğrafi ərazi deyil, həm də mədəniyyətin və tarixi-dini irsin beşiyi olub. Babı kəndindəki XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəllidəki Mirəli türbəsi, Əhmədalılar və Cəlil türbələri bu torpağın qədim ruhunu yaşadan dəyərli abidələrdir.
1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 663 şəhid, yüzlərlə əlil və itkin bu torpağın azadlığı uğrunda xalqımızın ödədiyi böyük bədəldir.
Azərbaycan xalqı Füzulinin işğalı ilə barışmadı. 1994-cü ilin yanvarında Ordumuzun qəhrəmanlığı nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi azad edildi. Bu gələcək böyük qələbənin ilk işarəsi idi. 30 il ərzində xalq və dövlət bir amal uğrunda Füzulinin və bütün Qarabağın azadlığı uğrunda birləşdi.
2020-ci ilin 17 oktyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun 62 yaşayış məntəqəsini işğaldan azad etdi. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır və eyni zamanda ən strateji əməliyyatlarından biri idi. Düşmənin 30 il ərzində qurduğu çoxmərtəbəli istehkam xətləri qısa müddətdə yarıldı. Füzuli uğrunda aparılan döyüşlər Azərbaycan Ordusunun gücünü, müasir döyüş qabiliyyətini və xalqın iradəsini dünyaya nümayiş etdirdi.
Düşmən son mərhələdə silahlarını yerə qoyub qaçmağa məcbur oldu. Hərbi mütəxəssislər etiraf etdilər ki, Füzuli əməliyyatı müasir hərb tarixində nümunəvi planlaşdırılmış və icra edilmiş əməliyyatlardan biridir. Məhz bu qəhrəmanlığa görə 25325 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi. Bu medal Azərbaycan əsgərinin şücaətinə, Ordumuzun peşəkarlığına və dövlətimizin hərbçisinə verdiyi dəyərə dəlalət edir.
Füzulinin azad olunması ilə başlayan Zəfər yürüşü Azərbaycanın bölgədə yeni geosiyasi reallıq yaratmasına imkan verdi. Bu reallığın mərkəzində güclü dövlət, qətiyyətli lider və xalq-ordu birliyi dayanır. Prezident İlham Əliyev bu qələbəni həm siyasi, həm hərbi, həm də mənəvi müstəvidə təmin etdi.
Bu gün Füzuli rayonunda aparılan bərpa və yenidənqurma işləri dövlət başçısının uzaqgörən siyasətinin davamıdır. Prezidentin tapşırığı ilə təsdiqlənmiş “Füzuli şəhərinin 2040-cı ilədək Baş planı” bu torpağın gələcəyini müasir şəhərsalma prinsiplərinə uyğun müəyyən edir. Qısa müddətdə “Füzuli” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları, Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilib. Bu layihələr təkcə Füzulinin deyil, Qarabağın və bütün ölkənin sosial-iqtisadi inkişafını təmin edən strateji infrastruktur sisteminə çevrilib.
2021-ci il oktyabrın 26-da Prezident İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Füzuli Beynəlxalq Hava Limanının açılışı keçirildi. Cəmi 8 ay ərzində inşa edilən bu nəhəng layihə həm texnoloji gücümüzü, həm də Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını nümayiş etdirdi. Bu hava limanı “Qarabağın hava qapısı” adlandırıldı və birgə quruculuğun simvoluna çevrildi.
Bu gün Füzuli dirçəlişin mərkəzindədir. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə davamlı səfərləri Füzulidə həyata keçirilən infrastruktur layihələrə dövlət rəhbərliyinin şəxsən nəzarət etdiyini göstərir. Şəhərdə “Ağıllı kənd” layihəsinin təməli qoyulub, yaşayış kompleksləri, məktəblər, bağçalar, idman obyektləri, su və enerji infrastruktur sistemləri inşa edilib. Dövlət başçısı tərəfindən bir-birinin ardınca reallaşdırılan bu layihələr Füzulinin sıfırdan yenidən doğuluş modelini ortaya qoyur.
Böyük Qayıdış Proqramı çərçivəsində 2023-cü ilin avqustundan Füzuliyə köç prosesi başlanıb. Artıq 824 ailə 3141 nəfər doğma yurduna qayıdıb, 2026-cı ilin sonuna qədər 22 min insanın burada yaşaması planlaşdırılır. Bu yalnız köç deyil, ədalətin bərpası, milli iradənin təntənəsidir. Qayıdan hər bir ailə dövlətin gücünü və xalqın birliyini simvolizə edir.
Füzulinin dirçəlişində qardaş ölkələrin mənəvi və maddi dəstəyi də mühüm yer tutur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə burada Mirzə Uluqbəy adına müasir məktəb inşa olunub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı iki xalq arasında dostluğun və Türk dünyasının həmrəyliyinin parlaq təzahürüdür. Qırğızıstan, Belarus və Türkmənistan rəhbərlərinin Füzuliyə səfərləri, bu torpağın artıq regional həmrəyliyin və əməkdaşlığın mərkəzinə çevrildiyini göstərir.
Eyni zamanda, Füzuli azad edilmiş ərazilər arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Ermənistanın törətdiyi vandalizm aktları nəticəsində infrastruktur və mədəni irsə dəyən ziyanın aradan qaldırılması istiqamətində dövlət səviyyəsində genişmiqyaslı işlər görülür. Bu fəaliyyət Prezident İlham Əliyevin ədalətli və məsuliyyətli liderlik prinsipinə əsaslanır.
Füzuli şəhərinin yenidən qurulması, xalqın qayıdışı və dövlətin quruculuq missiyası Azərbaycanın gələcəyinə inamın rəmzidir. Bu inamın arxasında Prezident İlham Əliyevin dəmir iradəsi və Birinci vitse-prezident Mehriban Əliyevanın humanist, mədəni və sosial təşəbbüsləri dayanır. Mehriban xanımın mədəni irsin qorunması, bərpa işlərinə verdiyi dəstək, xüsusilə işğaldan azad olunmuş ərazilərdə mədəniyyət, təhsil və sağlamlıq sahəsində həyata keçirdiyi layihələr Füzulinin mənəvi və mədəni dirçəlişinə güclü təkan verir. Onun fəaliyyəti Füzulidə yeni həyatın, həm gözəlliyin, həm də mənəviyyatın təcəssümüdür.
Bu gün Füzuli azad, güclü və müasir şəhər kimi Azərbaycan dövlətçiliyinin qüdrətini göstərir. Bu torpaqda ucalan hər bina, açılan hər məktəb, təməli qoyulan hər kənd xalqımızın Zəfər tarixinin canlı davamıdır. Füzuli artıq dağıntının deyil, quruculuğun, inkişafın və vətən sevgisinin şəhəridir. Azərbaycanın qələbə ruhu, xalqın birliyi və Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Füzuli dirçəlir, böyüyür və gələcəyə baxır. Bu şəhər Azərbaycanın iradəsinin, ordusunun və xalqının yenilməzliyinin rəmzidir. Füzuli azadlığı ilə, quruculuğu ilə, birliyi və qüruru ilə Azərbaycanın Zəfər dastanının bir səhifəsidir.
Vasif Qafarov
Milli Məclisin deputatı