image-rt-reklam
image-1673602720_nocomment_474372a42fc868f18aac66903eb19146_9wnajm7rxg4kyiq0p653backend

Kanada İrana sanksiyalardan yayınmaqda yardım edir… – HƏRBİ EKSPERT

image-728x90

Ötən ilin oktyabr ayı dünya ictimaiyyətini sözün pis mənasında iki dəfə təəccübləndi. Əvvəlcə İraqda, bir həftə sonra isə Qara dənizin Ukraynaya aid hissəsi üzərində İrana məxsus “Mohajer-6” pilotsuz vasitəsi vuruldu. Ətraflı araşdırma nəticəsində məlum oldu ki, bu PUA-nın “Rotax-912” mühərriki həm də ABŞ-ın MQ-1 “Predator” və İsrailin “Heron” PUA-larında istifadə edilir. Daha əvvəl isə bu mühərriklərdən Türkiyənin “Bayraktar” TB2 PUA-larında istifadə edilirdi. Çox tanınmış “Rotax” daha əvvəl Avstriya şirkəti idi. İndi isə Kanadanın “Bombardier Recreational Products” (BRP) şirkətinə məxsusdur. Bu şirkət hazırda qar maşınlarının, qayıqların, su katerlərinin, motosikletlərin, təyyarələrin və əhəmiyyətli sayda pilotsuz uçuş aparatlarının mühərriklərini istehsal edir.

Mövcud vəziyyətə cavab olaraq, BRP “Rotax 912” mühərriklərinin “qeyri-şəffaf istifadə edən ölkələrə” ixracını müvəqqəti dayandıracağını və şirkətin mühərriklərinin İrana daxil olması ilə bağlı daxili araşdırmaya başlayacağını açıqlayıb. Ümumiyyətlə, kanadalılar üçün vəziyyət xoşagəlməzdir. Bu cür avadanlıqların İrana tədarükü AB-nin həm mülki, həm də hərbi malların, məsələn, avtomobil hissələrinin ixracını qadağan edən sanksiyalarını pozur.

Avropa İttifaqı Rusiyaya qarşı eyni sanksiyalar tətbiq edir. Kanada mühərrikli İran pilotsuz vasitələri isə bütün Avropa İttifaqının yardım etdiyi Ukraynaya zərbələr endirir. Kanada rəhbərliyi indi müxtəlif bəhanələr gətirir və günahı avstriyalıların üzərinə atmağa çalışır. Kanada rəhbərliyi deyir ki, bu mühərriklər Avstriyada istehsal olunduğuna görə, onlar Kanadanın ixrac qaydalarına deyil, Avropa Birliyinin ixrac nəzarətinə tabedir və kanadalıların “Rotax”-ı idarə etməsi heç bir məna kəsb etmir, çünki mühərrikləri satan avstriyalılardır.

Avstriyanın özündə də, ən azı, özlərin haqq qazandırmaq üçün sanksiya şərtlərinin incəliklərini araşdırırlar. Avstriyanın Əmək və İqtisadiyyat Nazirliyinin mətbuat katibi Alexandra Perl bildirib ki, “Rotax 912”-nin sanksiyalar qaydalarına necə uyğun gəldiyi, hətta onun ikili istifadə məhsulu kimi tanınması nə dərəcədə doğru olduğu tam aydın deyil. Aydındır ki, günahkarlar təyin olunacaq, amma nə amerikalılar, nə kanadalılar, nə də avstriyalılar bu skamyada oturmaq istəmir. Amma biriləri buna məcbur olacaq.

Bəziləri isə İran PUA-larında oğurluq bu mühərriklərin istifadə edildiyinə dair fərziyyələrdən istifadə edir. Əslində bu “at gedişi” maraqlıdır, çünki həqiqətən də, son 25 ildə 912 və 914 seriyalı 150-yə yaxın “Rotax” mühərrikinin oğurlanması şirkət tərəfindən rəsmi olaraq tanınıb. Təbii ki, bu yaxşı bəhanədir, amma təkcə Ukraynada 400-dən çox “Qeran” PUA-sı vurulub.
Ukrayna Silahlı Qüvvələri son aylarda kifayət qədər çox sayda Rusiyanın PUA-larını məhv edib. Onların arasında İran istehsalı olan “Qeran” pilotsuz vasitələri çoxluq təşkil edir. Bəzi PUA-lar isə Ukrayna Silahlı Qüvvələrinin (USQ) istifadəsi üçün tam yararlı vəziyyətdədir.

Ələ keçirilən İran PUA-sının ətraflı təhlili göztərir ki, Rusiyaya “Qeran-2” adı ilə ixrac edilən “Shahed-136” PUA-sı olduqca sadə konstruksiyaya malikdir. Ukraynalı mütəxəssislər PUA-nın cəmi 52 detaldan ibarət olduğunu qeyd edirlər.

Burada əsas problem ondadır ki, 52 hissədən 40-ı İranda istehsal olunmayıb. Çində istehsal edilsəydi, yenə də bu başa düşülən və bəlkə də bağışlanan ola bilərdı. İran PUA-larının 40 komponenti üzərində 13 ABŞ şirkəti çalışıb! Qalan 12 komponentin Kanada, İsveçrə, Yaponiya, Tayland və Çində istehsalına dair ciddi sübutlar mövcuddur.

Bu məsələ o qədər səs küy yaratdı ki, bəzi ölkələrdə çox yüksək vəzifəli məmurlar narahat olmağa başladılar. Məsələn, Kanadanın “Tallysman Wireless” şirkəti “Shahed-136” üçün bəzi komponentləri həm də kütləvi şəkildə tədarük etdiyini bildirdi. Şirkətin icraçı direktoru Giles Panterin “Tallysman Wireless”-in ümumilikdə Ukraynanı dəstəklədiyini, lakin “hər zaman şirkət tərəfindən buraxılan hər bir fərdi məhsulun yolunun harada bitdiyini tapa bilmədiklərini” də qeyri-səmimi şəkildə etiraf etdi. Kanadanın baş naziri Kastin Trüdo isə “diqqət artırılacaq, tədbirlər görüləcək” kimi vəddlər verdi.

Bu həmin Kanadadır ki, İrana bir neçə dəfə sanksiya tətbiq edib. Son dəfə Kanada 3 ay əvvəl insan hüquqlarını, o cümlədən qadınların haqlarını kobudcasına və sistemli şəkildə pozduqları üçün İranın 25 fiziki və 9 hüquqi şəxsinə qarşı sanksiya tətbiq etmişdi.

Bu həmin Kanadadır ki, Azərbaycan Ordusunun Vətən Müharibəsindəki sürətli əks hücumlarını ləngitmək üçün istehsal etdikləri komponentlərin “Qarabağ müharibəsində istifadə edilməsini” bəhanə gətitərək 2020-ci ilin payızında lisenziyaları dayandırdı, 5 ay sonra isə bu lisenziyanı ləğv etdi.

Görünən odur ki, bir çox Qərb ölkələrində silah və komponentlərin ixracına nəzarət məsələsində hələ də ikili standartlar tətbiq edilir. Türkiyəyə gələndə bu qadağalar dərhal tətbiq edilir, İrana gəldikdə isə bu sanksiyalar yerli-dibli işləmir. Qətrbin xüsusi xidmət orqanları da prosesləri izləməkdə çətinlik çəkir, yaxud da hakimiyyətdə olan siyasi fiqurların ikiüzlüyünü həzm etməyə məcbur qalırlar.

Qayıdaq İran PUA-larının təchizat məsələsinə. Yuxarıda yazılanlanlardan belə çıxır ki, bir çox tanınmış şirkətlər uzun müddətdir ki, İran PUA-larının komponentlərini ixrac etməklə kölgə ticarətindən böyük vəsaitlər əldə edirlər.

İranın pilotsuz vasitələr proqramını təmin etmək üçün aşkar korrupsiya əməllərinə bulaşanlar arasında Kanada hakimiyyətinin də olduğu şübhə doğurmur. “Terroru dəstəkləyən ölkə” statusuna malik İran yaxşı anlayır ki, artıq itirəcəyi bir şey də qalmayıb.Odur ki, istənilən yol və vasitə ilə özünün istehsal edə bilmədiyi avadanlıqları əldə etməyə çalışır və buna hələ ki, nail olur.
İran PUA-larının radio avadanlıqlarını, kameralarını, serverlərini və s. istehsal edənlər arasında ABŞ-ın HITEC və ya Yaponiyanın Panasonic kimi çox məşhur şirkətlərin adları hallanır. Aydındır ki, heç kim birbaşa olaraq İran və Rusiyaya mühərriklərin, kameraların, rabitə sistemlərinin, server ötürücülərin və başqa hər detalların satışına icazə verməyib.
Kanada konserninin press-relizində deyilir: “Biz “Rotax” mühərriklərinin münaqişə zonalarında İranın “Mohajer-6” pilotsuz vasitələrində istifadəsindən xəbərdar olduq. Biz bu vəziyyəti çox ciddi qəbul edirik. BRP öz distribyutorlarına İran və ya Rusiyadakı istehsalçılara hərbi PUA-ların tədarükü üçün icazə və ya lisenziya verməyib”.
Bununla belə, mühərriklər Avropa İttifaqının istəmədiyi ölkələrə verilib. Qara dəniz üzərində vurulan “Mohajer-6”-da tapılan “Rotax” mühərriki buna ən yaxşı sübutdur. Ən azından Kanada-Avstriya mühərriki, Yaponiya kameraları, İsveçrə lazer məsafəölçəni və başqa avadanlıqlar “Mohajer-6” PUA-larında istifadə olunub.
Əslində bu detallar əsasən mülki komponentlərdir, hərbi məhsul hesab edilmir, lakin Ukrayna kəşfiyyatı onların mənşəyi haqqında məlumatın İranın bu komponentlərə çıxışını çətinləşdirə biləcəyini gözləyir. Əlbəttə ki, burada günah alanda yox, satandadır. Burada Rusiya və İran istiqamətində istədiyimiz qədər tənqid yaza bilərik, amma ilk növbədə günah öz məhsullarını qadağan olunanlara satan qərb şirkətləridir.
“Rotax” mühərriklərinin nə qədər böyük nüfuza sahib olduğunu, nə qədər populyar olduğunu nəzərə alsaq, təkrar bazarın da izdihamlı olduğunu başa düşmək mətin olmaz. “Shahed” kamikadze tipli PUA-dır, cəmi bir dəfə uçur, ona işlənmiş mühərriki də qoyula bilər. Digər tərəfdən isə İran sanksiyalardan yan keçmək və müxtəlif hərbi və ikili təyinatlı texnologiyaları əldə etmək üçün yorulmadan çalışan sənaye casuslarının geniş şəbəkələrinə malik olması ilə məşhurdur. Rusiya və Şimali Koreya da bu sahədə kifayət qədər aktivdir. Odur ki, Aİ-nin nə qədər qarşı çıxmasından asılı olmayaraq, İranın “Rotax” mühərriklərini əldə etmək üçün imkanları mövcuddur. Dünyada komissiya qarşılığında lazım olan hər şeyi satacaq və ya alacaq biri tapılır. Yüngül təyyarələrin və PUA-ların çoxaldığını nəzərə alsaq, “Rotax” ilə İran arasında vasitəçinin ola biləcəyi də istisna deyil. Amma bunu sübut etmək asan olmaya bilər. Buna görə də, “Rotax” və “Panasonic”-in bu gün və ya sabah İranın ehtiyac duyduğu komponentləri almasına mane ola biləcəyi qətiyyən aydın deyil.
Fikrimcə, bu “yel dəyirmanlarına qarşı Don Kixotun müharibəsinə” bənzəyir, bunun da səbəbkarı istehsalçı şirkət və ölkələrdir, onlar İranın silah istehsalı üçün bütün lazımi hissələrin alınmasının qarşısını almaq niyyətində deyil. Məncə bu proses günahkarların tapılmasına və cəzalanmasına qədər davam etməlidir. Qərb məhz belə şirkətərin acgözlüyü ucbatından İranın sanksiyalarla cilovlanmasında nəticə əldə edə bilmirsə, bu Rusiya ilə münasibətdə heç mümkün olmayacaq.

Ədalət Verdiyev, hərbi ekspert

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90